Hansı məmur və deputatlar Həcc ziyarətində olub? – ARAŞDIRMA
8-07-2023, 11:58

Azərbaycanlı zəvvarların ilk qrupu iki gün əvvəl vətənə dönüb, digər qayıdış isə iyulun 11-dək davam edəcək. İslam dininin müqəddəs ziyarəti sayılan Həcc mərasiminə ölkəmizdən zaman-zaman məşhur simalar da qatılıb. Bu müqəddəs ocağa getmək arzusunda olanlar isə kifayət qədərdir.
Bu il Azərbaycandan Həcc ziyarətinə gedənlər arasında “Azəriqaz”İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev də var. O, zəvvarların ilk qrupu ilə Səudiyyə Ərəbistanına gedib, ziyarətini başa vuraraq geri qayıdıb.
Bizim.Media vaxtilə Həcc ziyarətində olan məmurların siyahısını araşdırıb:
Həcc ziyarərində olanlar arasında Daşkəsən rayon icra başçısı Əhəd Abıyev də var. Hətta müqəddəs ziyarətlə bağlı icra başçısının qalmaqallı açıqlaması da gündəm olmuşdu:
“İçki məclislərində iştirak edirəm, içki stolunda da əyləşirəm. Yoldaşlar içir, sağlıqlar deyirlər. Düzdür, içmirəm, amma badəni qaldırıram. Deyilən sağlıqlara şərik oluram. Badəni qaldırmaq o demək deyil ki, içki içirsən. Bu, bir mikrofondur, qaldırırıb sağlığını və sözünü deyirsən. İçki içmək isə məcburi deyil. Mən ibadətimi qəlbən, daxilən edirəm. Reklam üçün etmirəm. Bu ibadətimi mən öz daxil aləmimdə edirəm. Allahla öz aramızda. Reklam və şou yaratmaq naminə ibadət etmirəm”, - deyə icra başçısı vurğulamışdı.
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının keçmiş sədri, 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifəsində çalışan Tağı Əhmədov da Səudiyyə Ərəbistanında - Həcc ziyarətində olub.
Sabiq millət vəkili Gülər Əhmədova da müqəddəs Kəbəni ziyarət edib.
Hacı olanlar arasında Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev də var. Bir müddət öncə o, şəhid ailəsi ilə bağlı yaranmış qalmaqala münasibət bildirərkən "Mən Həci adamam, elə şey etmərəm",- demişdi.
Sabiq deputat Qalib Salahzadə 32 dəfə müəqddəs Həcc ziyarətinə gedib. Hacı Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin qudasıdır.
Millət vəkili Hadı Rəcəbli də Hacıdır. Deputat: "Mənim xanımım həci xanımdır. İki qızım, iki bacım həcixanımdır. Mən Allaha bağlı insanam. Allahın yolunu həmişə tutmuşam",- deyib.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1 440 zəvvar gedib. Onların arasında yalnız bir tanınmış sima – “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev olub.
Bu il bir nəfərlik ziyarət paketinin qiyməti 5 750 ABŞ dolları təşkil edib.
Alçina Amilqızı, Bizim.Media