Kanadada itkin düşən qadının kimliyi 50 ildən sonra bəlli oldu
8-07-2023, 20:20
Kanadanın Ontario əyalətində itkin hesab edilən, amma əslində öldürülən qadının kimliyi təxminən 50 il sonra müəyyən edilib.
AZƏRTAC “The Independent” agentliyinə istinadla xəbər verir ki, Kanada polisi həmin qadının şəxsiyyətinin tanınmasında DNT texnologiyasından istifadə edib. Polisin məlumatına görə, bu qadın Monreala səfər edərkən yoxa çıxan Tennessi ştatının spa mərkəzinin sahibi Jevel Parçman Langforddır.
J.Landfordun meyiti 1975-ci ildə Ontario ştatının Kasselman şəhərində magistral körpünün yaxınlığında çaydan tapılıb. Qadının əlləri və ayaqları kişi qalstuku ilə bağlanaraq qətlə yetirilib, tapıldığında üzü dəsmalla bükülü olub.
Polis 2017-ci ildə qadının 3D vasitəsilə üz cizgilərini yaratmağa nail olub və illər boyu tədqiqatı davam etdirib. Nəticədə, qadının sevgilisi tərəfindən qətlə yetirildiyi müəyyən edilib.
Qətli törətməkdə şübhəli bilinən, ABŞ-ın Florida ştatında yaşayan 81 yaşlı Rodni Nikolsu ekstradisiya tələbi gözləyir.