Yeraltı təhlükə: İstiləşmə binaların dağılmasına səbəb ola bilər – Araşdırma
14-07-2023, 08:34

Şimal-Qərb Universitetinin (dünyanın ən yaxşı 20 universiteti və ABŞ-ın ən yaxşı 10 universiteti siyahısına daxildir) alimləri ilk dəfə olaraq yeraltı iqlim dəyişikliyini şəhər ərazilərinin altındakı torpaq dəyişikliyi ilə əlaqələndiriblər. Onlar qlobal istiləşmənin binaların dağılmasına səbəb ola biləcəyini iddia edirlər.
Qaynarinfo xəbər verir ki, tədqiqatçıların fikrincə, yer isindikcə binalar deformasiyaya uğrayır.
Bu fenomen bina təməllərinin və ətrafdakı qruntların həddindən artıq yerdəyişməsinə (genişlənmə və büzülmə səbəbindən) və hətta çatlamağa səbəb olur ki, bu da son nəticədə konstruksiyaların uzunmüddətli işlənməsinə və dayanıqlığına təsir göstərir.
Alimlər həmçinin bildirirlər ki, binalarda olan mövcud zədələrin səbəbi çox vaxt temperaturun belə yüksəlmələri ola bilər və bu problemlərin növbəti illərdə də davam edəcəyini gözləyirlər.
"Yeraltı iqlim dəyişikliyi gizli təhlükədir", - araşdırmaya rəhbərlik edən Alessandro Rotta Loria deyir. - Torpaq temperaturun dəyişməsi nəticəsində deformasiyaya uğrayır və bu dalğalanmalara tab gətirəcək heç bir mövcud tikinti konstruksiyaları və ya infrastruktur nəzərdə tutulmayıb. Bu fenomen insanların təhlükəsizliyi üçün mütləq təhlükəli olmasa da, təməlin, sistemlərin və ümumilikdə mülki infrastrukturun normal gündəlik fəaliyyətinə təsir göstərəcək”.
"Çikaqo gili, bir çox digər incə dənəli torpaqlar kimi qızdırıldıqda kiçilə bilər, - deyə tədqiqatçılar misal gətirirlər. - Yeraltı temperaturun artması nəticəsində şəhərin mərkəzindəki bir çox təməllər yavaş-yavaş, lakin inamla yerin altına gedir. Başqa sözlə, batmaq üçün Venesiyada yaşamaq lazım deyil”.
Artan temperaturlar infrastrukturumuz üçün təhlükə yaratsa da, tədqiqat müəllifləri bunu bəşəriyyət üçün potensial imkan kimi də görürlər. İstiliyi əldə etməklə və saxlamaqla şəhər planlaşdırıcıları yeraltı iqlim dəyişikliyinin təsirlərini azalda, həmçinin onun enerjisindən təkrar istifadə edə bilərlər.