İranın terror əli

15-07-2023, 12:04           
İranın terror əli
“İsrailin Azərbaycandakı səfirliyinə hücum planının arxasında İran dayanıb”.

Cebhe.info xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri Eli Koen Serbiyaya səfəri zamanı mətbuata açıqlamasında bildirib. İsrailin Azərbaycandakı səfirliyinə hücumun zərərsizləşdirilməsi xəbərinə münasibət bildirən İsrailin XİN rəbəri Eli Koen bu hücum cəhdinin arxasında İran İslam Respublikasının dayandığını bildirib:

“İran terrorçuluğu qlobal təhlükədir. İranın son aylarda Azərbaycanda, Kiprdə və Yunanıstanda israillilərə və yəhudilərə hücum etməyə cəhd etdiyinin şahidi olduq. İsrailin Azərbaycandakı səfirliyinə hücum planının arxasında İran dayanıb”.

Xatırladaq ki, iyulun 10-da Dövlət Təhlükəsizliyi Xidməti terror aktını təşkil etməkdə şübhəli bilinən Əfqanıstan vətəndaşı Favzan Musa Xanı həbs edib. Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, Əfqanistan İslam Respublikasının vətəndaşı Favzan Musa Xan terror aktı və müxtəlif cinayətlər törətmək məqsədi ilə Azərbaycana gəlib.

O, Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirməyə və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparmışdır. Həmçinin, Favzan Musa Xan terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilməsi, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün bəzi şəxslərlə əlaqəyə girib.

Faktla bağlı Favzan Musa Xan DTX-nin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda terror aktını planlaşdıran şəxslərin dairəsinin tam müəyyən olunması istiqamətində DTX tərəfindən kompleks istintaq-əməliyyat və beynəlxalq hüquqi prosedur tədbirləri həyata keçirilir.

Son hadisə ilə əlaqədar olaraq İran İslam Respublikasına bağlı, daha doğrusu SEPAH-ın himayəsi altında Suriyada fəaliyyət göstərən "Fatimiyyun" və "Zeynəbiyyun" silahlı birləşmələri və hər iki birləşmənin Azərbaycana hər hansı təhlükəsinin olub-olmaması da diqqətdən qaçmamalıdır. Bu məqamda xatırlatmaq yerinə düşər ki, son 3-4 ay ərzində Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq tərəfindən müxtəlif radikal dini cərəyanlara qarşı əməliyyat tədbirləri gücləndirilib. Bu əməliyyatlar nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində ələ alınan bir sıra qruplaşmalarına daxil olanların ölkə ərazisində planlaşdırdığı cinayət əməllərinin qarşısı alınıb.

Dini radikalizmə meyilli olan həmin qruplaşmalar İranın dini-siyasi dairələrinin göstərişləri ilə ölkədə sekulyar dövlət sistemi və konstitusiya əlehinə təbliğat aparır, müxtəlif ideologiya təbliğ edir, iranlı din xadimlərinin bəyanatlarını yayır, ölkədəki mövcud sabitliyə zərbə vurmağa cəhd edirlər. Radikal dini cərəyanlara qarşı son mübarizə tədbirləri təqdirəlayiqdir. Bununla yanaşı ölkədə İranın xüsusi xidmət orqanları ilə hansısa formada əlaqəli olmaları ehtimal edilən digər xarici dövlətlərin, o cümlədən Pakistan və Əfqanıstan vətəndaşlarına da diqqətli yanaşma vacib şərtdir.

Əfqanistan İslam Respublikasının vətəndaşı Favzan Musa Xanın DTX tərəfindən zərərsizləşdirilməsi bu ehtimalı daha da artırır. İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən həm Əfqanistanda, həm də Pakistanda öz ideologiyalarına uyğun radikallardan ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” adlı qruplar yaratması ilə bağlı informasiyalar mediada geniş yayılıb.

O da məlumdur ki, həmin qruplaşmaların üzvləri hazırda Suriyada İranın maraqları uğrunda vuruşurlar. Bəşər Əsəd rejiminin tərəfində döyüşən “Hizbullah”dan sonra ikinci böyük silahlı birləşməsi “Fatimiyyun” qruplaşmasıdır. Bu hərbi birləşmənin tərkibində vuruşan əfqanların böyük əksəriyyəti İranda qaçqın statusu altında yaşayıb, bu insanlar rejimin ideoloji təsiri və iqtisadi vədləri ilə Suriyada ön cəbhədə döyüşlərə cəlb ediliblər. Məlumatlara görə, “Fatimiyyun”un döyüşlərinin əksəriyyəti yoxsul, səfalət içində yaşayan, işsiz və təhsilsiz əfqan gənclərindən ibarətdir. İran tərəfindən yetişdirilən əfqan döyüşçülər İrana sadiqdirlər. Suriyada İranın geosiyasi maraqları üçün vuruşan “Zeynəbiyyun” silahlı birləşməsi isə pakistanlılardan ibarətdir. "Fatimuyyun”dan fərqli olaraq “Zeynəbiyyun”un muzdlu döyüşçüləri ali təhsillidir və onlara İranın Mustafa əl-Aləmiyyə Univesitetində dini elmlər tədris edilir.

Onlar da rejimin müxtəlif vədləri ilə Suriyaya döyüşmək üçün göndərilir. Rəsmi Tehran bu iki ölkədəki dini azlıqlardan öz hədəf və məramları üçün məharətlə istifadə edir. Bunu sübut etmək üçün bir neçə fakta baxmaq kifayətdir. Məsələn, bu ilin martın 28-də Yunanıstanın paytaxtı Afinada Pakistan vətəndaşı İsrailin mədəniyyət mərkəzində terror aktının törədilməsinə cəhd edib. İsrailin yüksək rütbəli rəsmilərindən birinin məlumatına görə, Pakistan vətəndaşına bu tapşırığı SEPAH-ın adı çəkiməyən komandiri verib. Məsələ ilə bağlı İsrail mətbuatında qeyd olunub ki, İranın Qum şəhərində yaşayan Pakistan əsilli Məhəmməd Möhsün Rza SEPAH-ın tapşırığı ilə pakistanlılardan ibarət terror qrupu yaradıb və bu qrup dünyanın müxtəlif ölkələrində yəhudi mərkəzlərinə qarşı terror əməliyyatları planlaşdırır. Bunu İsrailin ölkəmizdə səfərdə olmuş naziri Yoav Qallant da təsdiqləyib. O bildirib ki, son illərdə İranın iştirakı ilə hazırlanmış 50-dən çox terror aktının qarşısını alıb:

"Son illərdə İran bütün dünyada yəhudilərə qarşı misli görünməmiş miqyasda terror kampaniyası aparır. Son illərdə 50-dən çox hücuma cəhd edilib. Onların əksəriyyətinin qarşısı son anda alınıb. Nazir qeyd edib ki, bir çox ölkələrlə sıx əməkdaşlıq sayəsində və İranın qlobal təhlükə olduğunu başa düşmək sayəsində bu cəhdlərin qarşısı alınıb".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.