Rusiya yağları istehsalımıza belə dağ çəkir - DETALLAR

20-07-2023, 17:24           
Rusiya yağları istehsalımıza belə dağ çəkir - DETALLAR
2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 17 347 ton duru bitki yağları istehsal edilib. Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə duru bitki yağlarının istehsalı 36,1% və ya 9 782,9 ton azalıb. 2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 27 129,9 ton təşkil edib. Hazır məhsul ehtiyatı 4305,6 ton təşkil edir.

Bunun səbələri nədir? Əhali duru yox, kərə yağından istifadə edir? Yoxsa Rusiya istehsalı olan duru yağ bazarda daha ucuz olduğu üçün yerli istehsalda azalma baş verir?

Məsələ ilə bağlı iqtisadçı Eldəniz Əmirov Publika.az-a açıqlama verib.

O bildirib ki, ölkəmizdə duru yağların istehsalının azalması kərə yağından istifadənin artmasına görə deyil:

“Duru yağ insanların ən çox istifadə etdiyi ərzaq məhsuludur. Bütün məhsullar arasında da ən çox inflyasiyaya məruz qalan da duru yağlardır. Bu hər zaman belə olub. Səbəbi əhalinin tələbatının azalması, digər faktorlar da deyil. Sadəcə olaraq istehsal gücü azalıb. Səbəb kimi maya dəyərinin artması və xammal təchizatında yaranan problemlər ola bilər”.

İqtisadçının sözlərinə görə, adətən istehsalın azalması birbaşa olaraq qiymətlərə təsir göstərmir:

“Ona görə ki, istehsal azalanda onu idxalın hesabına ödəyirlər. İdxal olan məhsullar istehsaldan daha ucuz başa gəlir. Hansısa istehsalın azalması qiymətin artımına təsir etməyəcək. Xaricdən gətirilən məhsullar həmin o boşluğu dolduracaq. Bütün hallarda ölkədə duru yağ istehsalının azalması yaxşı hal deyil”.

Həmçinin iqtisadçı Fuad İbrahimov qeyd edib ki, istehsalı azalan məhsulun bazarda tələbatı varsa, qiymət bahalaşması baş verə bilər:

“Rusiyada istehsal olan bitki yağları ölkəmizə gətirilir. Bizim bazar həmin yağlarla rəqabətə girə bilməz. Çünki o yağların qiyməti dəfələrlə aşağıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan müəssisəsi Rusiyada bitki yağlarının istehsalını həyata keçirir. Bu günə qədər bitki yağlarının qiymətində artım dəfələrlə baş verib. Hazırda bazarda vəziyyət stabildir”.

Aysel Şahmar












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.