Zaqala şəlaləsinə gedən turistlər hara yox olub? - “O ərazidə əvvəl də itkin düşən olub”
24-07-2023, 18:47

Zaqatalada şəlaləyə gedən Bakı şəhər sakinləri itkin düşüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.
Bildirilib ki, dünən saat 14 radələrində 2 nəfər paytaxt sakininin Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə getmələri və meşəlik ərazidə yolu azmaları barədə polisə məlumat daxil olub. Rayon Polis Şöbəsinin, FHN-in, ETSN-nin və ərazini tanıyan yerli sakinlərin də iştirakı ilə onların axtarışları davam etdirilir.
TEREF.AZ bildirir ki, məsələ ilə bağlı Cebhe.info-ya danışan Qəbizdərə kəndinin daxil olduğu Mazıx kənd icra nümayəndəsinin müavini Vüqar Əlicanov deyib ki, bəzi ərazidə mobil telefonlarda dalğa olmur:
“Onlar yaylaq ərazisindən aşağı düşüblər, Katex çay tərəfə gediblər. Dünən axşama qədər onlarla əlaqə var idi, mobil telefonlarda dalğa bəzi yerlərdə yoxdur, bərpa olunmayıb. Axtarışlar davam edir, təəssüf ki, onların olduğu dəqiq yer bilinmədi. İndi ərazini tanıyan uşaqlar axtarışdadılar. Mobil operatorların dalğası güclü deyil, aydın danışmaq olmur. Ola bilər ki, onların mobil telefonunun enerjisi bitsin, amma onlara tapşırılmışdı ki, olduqları çay yatağından ayrılmasınlar”.
O, kənd ərazisində itkin düşənlərin iki oğlan olduğunu bildirib. Qurum nümayəndəsi bundan öncə də eyni ərazidə itkin düşənlərin olduğunu vurğulayıb:
“Yaylaq ərazisindən aşağı gəliblər, orada da çətin yollar çoxdur. Bir neçə il öncə də həmin çay yatağında itkin düşən olub və 7 gün ərzində tapılıb. O, dağlarda dumana düşərək itkin düşmüşdü. Bunlar isə aşağı tərəfdədilər. Əgər təxmin etdiyimiz kimi, çayın aşağısındadırlarsa, vəhşi heyvan təhlükəsi yoxdur. Meşə qoruğunun ərazisini tanıyan kənd sakinləri axtarırlar. Ora hər kəsi göndərmək olmaz, ancaq həmin ərazini tanıyanlar getməlidirlər. Güman edirəm ki, onlar bu gün tapılacaqlar”.