Rusiya qırıcısı Suriya səmasında ABŞ dronunu zədələyib

26-07-2023, 12:34           
Rusiya qırıcısı Suriya səmasında ABŞ dronunu zədələyib
Rusiya hərbi hava-kosmik qüvvələrinin qırıcısı Suriya səmasında ABŞ-a məxsus MQ-9 Reaper kəşfiyyat dronunu zədələyib.
ABŞ hərbi-hava qüvvələrinin məlumatında deyilir ki, təyyarə drona son dərəcə yaxınlaşaraq onun üzərinə “istilik tələləri” atıb.
Bu da xəbər verilir ki, “istilik tələləri” ilə toqquşmada dronun pərləri ciddi şəkildə zədələnib.

Buna baxmayaraq amerikalılar uçuşu davam etdirə və dronu bazaya qaytara biliblər.

ABŞ hərbi-hava qüvvələrinin dərc etdiyi videoda Rusiya tərəfindən bu əməliyyatda Su-35 qırıcısının iştirak etdiyi görünür.

ABŞ ordusunun məlumatında deyilir ki, MQ-9 Reaper Suriyada İslam Dövləti terrorçu qruplaşmasına qarşı missiyada idi.

Amerika tərəfi Rusiya təyyarəsinin hərəkətini “uçuş təhlükəsizliyinin kobudcasına pozulması” adlandırıb.

ABŞ ordusunun komandanlığı Rusiyadan “ağılsız, səbəbsiz və qeyri-peşəkar hərəkətlərini” dayandırmasını tələb edib.
İgidlik, yoxsa ipləməlik?
Rusiya Müdafiə Nazirliyi iyulun 23-də bildirmişdi ki, ABŞ-ın başçılığı altında beynəlxalq antiterror koalisiyasının MQ-9 dronu Suriyanın şimalındakı Əl-Bab şəhəri üzərində “təhlükəli şəkildə” Rusiya təyyarələrinə yaxınlaşıb.
Nazirlik bunu da bildirir ki, pilotlar bu yaxınlaşma zamanı tuşlama sistemini qeydə alanda təyyarənin müdafiə sistemləri avtomatik işə düşüb. Halbuki MQ-9 dronu göy-göy raketləri ilə silahlanmayıb.

Pentaqon Rusiyanı Suriya səmasında uçuşların təhlükəsizliyini pozduğuna görə dəfələrlə ittiham edib.

Ötən həftə xəbər verilmişdi ki, Rusiya qırıcısı MC-12 hava komanda məntəqəsinin qarşısında süni hava burulğanı yaradıb.

ABŞ iyun ayında bəyan etmişdi ki, Yaxın Şərq regionuna beşinci nəsil F-22 qırıcılarını göndərəcək.

Bu il martın 14-də ABŞ-ın daha bir MQ-9 dronu Rusiyanın Su-27 qırıcısı ilə toqquşmadan sonra Qara dənizə düşüb.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ dronunu qəzaya uğradan pilotlara “İgidliyinə görə” ordeni verib.

Ağ Evin nümayəndəsi isə rusiyalı pilotları “ipləmə” adlandırmışdı.
azadliq org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.