Şirkətlərlə otellərin “turist biznesi”: Pulu az olanlar necə dincəlsin? - AKTUAL
26-07-2023, 17:32

2023-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 16,6 faiz səviyyəsində olub.
Ümumilikdə tutumun 83,4%-dən istifadə olunmayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin ümumi sayının 61,1 faizi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 84,2 faizi Bakının payına düşür.
Qeyd edək ki, Azərbaycanda hotellərin 84 faizinin istifadə edilməməsi onsuz da turizm ölkəsinə çevrilmək istiqamətində heç bir irəliləyişə nail olunmadığının göstəricidir. Eyni zamanda bu gün ölkəyə gələn turistlərin əsasən paytaxtdakı “beş ulduzlu” hotellərdə gecələdiyinin şahidi oluruq. Bu isə onsuz da ölkədə az sayda olan kiçik, “iki, “üç” ulduzlu hotellərin fəliyyətinin məhdudlaşdırılmasına gətirib çıxarır.
Əgər bu gün ölkədə turizmin inkişafında əsas problemlərdən biri kimi qiymətlərin bahalığı göstərilirsə, niyə turistlər bu gün az məbləğ tələb edən kiçik otellər deyil, daha çox böyük otellərə yönləndirilir?
DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, mövcud statistika “quru sərhədləri bağlı saxlayaraq daxili turizmi inkişaf etdirəcəyik” tezisinin yalnış olduğunu sübut edir:
“Yəni bu tezis özünü doğrultmadı. Quru sərhədlərin bağlı olması ilə daxili turizmdə hansısa ciddi inkişafa nail olunmayıb. Otellərin doluluq faizi onu göstərir ki, potensialın kiçik bir hissəsini, yeddidə birini həyata keçirir və bu, çox aşağı göstəricidir. Ümumilikdə hansısa bir otelin rentabelli işləməsi üçün ilboyu onun doluluq səviyyəsi 50 faizdən yuxarı olmalıdır. Yəni 50 faizdən yuxarı olursa, həmin otel rentabelli işləməyə başlayır. Ancaq 80 faizdən yuxarı olursa, bu, yüksək gəlirli biznes sahəsinə çevrilir.
Beynəlxalq praktika bunu deməyə əsas verir. Açığı, bu rəqəmlərin də doğru olduğunu düşünmürəm. Bizdə rəsmiləşdirmə səviyyəsi çox aşağıdır. Əsasən də regionlarda rəsmi şəkildə qeydiyyata alınma, rəsmi olaraq həmin dövriyyədən vergi ödənilməsi səviyyəsi çox aşağıdır. Ona görə də bütün qonaqları qeydiyyatdan keçirsəydilər, daha yüksək rəqəm görə bilərdik”.
İqtisadçının fikrincə, belə bir şəraitin olması bir daha onu da sübut edir ki, Azərbaycanda kölgə iqtisadiyyatının səviyyəsi yüksək olaraq qalır:
“Kölgə istisadiyyatı iqtisadiyyatın böyük bir hissəsini təşkil etməkdə davam edir. Ancaq rəqəmlər doğrudursa, o zaman da apardıqları daxili turizmin inkişafı strategiyasının fiaskoya uğradığını dolayısıyla etraf etmiş olurlar”.
Turistlərin daha çox məşhur otellərə yönəldilməsinə gəldikdə isə ekspert onların müqavilələrlə çalışdıqlarını təxmin edir:
“O zaman danışıqlar olur ki, turizm şirkətləri otellərə nə qədər qonaq verirsə, o qədər endirim əldə edir. Yaxud da vəsaitin bir hissəsinin özlərinə qalmasını təmin edirlər. Azərbaycanda “online booking” də zəif inkişaf edib. Heç özünün otel rezervasiya etmək proqramı yoxdur. Bütün otellərin qeydiyyatdan keçdiyi, “online” şəkildə otaq sayı, qiymətlərlə bağlı ətraflı məlumat verən bir platformanın olmaması da buna dəlalət edir.
Məsələn, Gürcüstan turizm ölkəsidir və 6-7, yaxud Türkiyədə onlarla belə proqram var. Beynəlxalq paltformalardan əlavə yerli platformalar da fəaliyyət göstərir. Bizdə bunlar yoxdur. Bizdə turist məlumat almaqda çətinlik çəkir. Ona görə də böyük otellər turizm şirkətlərlə birbaşa çalışaraq, onları müəyyən bonuslar, güzəştlərlə cəlb edirlər, onlar da turistlərini həmin otellər şəbəkəsinə yönləndirirlər”.