Rus təyyarəsini qaçırıb, Qarabağa döyüşə yollanan pilotumuzu KİM ÖLDÜRÜB? – 30 illik sirrin ÜSTÜ AÇILDI

28-07-2023, 13:27           
Rus təyyarəsini qaçırıb, Qarabağa döyüşə yollanan pilotumuzu KİM ÖLDÜRÜB? –
Qarabağ müharibəsininin ilk illərində baş tutan qanlı döyüş əməliyyatlarında, Azərbaycan ərazilərinin işğalçı Ermənistan ordusunundan müdafiə olunmasında onun da böyük haqqı var. Bununla yanaşı, haqqında söhbət açacağımız Şəhid pilot müasir Azərbaycan ordusunun hərbi aviasiyasının qurucularından hesab olunur.

Bəli, söhbət Vaqif Qurbanovdan gedir. O Vaqifdən ki, ölkədə siyasi sabitliyin, vahid komandanlığın olmadığı bir dövrdə Rusiya ordusunun Sitalçaya dislokasiya olunmuş aviasiya hərbi hissənindən "Su-25" döyüş təyyarəsini qaçıraraq Qarabağda gedən döyüşlərə qatılmışdı.

Hərbi nizamnamənin bir pilot üçün yazdığı qaydalara uyğun olmayaraq baş leytenant Vaqif Qurbanovun ilk döyüş uçuşu 1992-ci ilin 9 may tarixində Şuşa şəhərinə olmuşdu. O, bütün cəbhə boyu ehtiyac olan istiqamətlərə uçaraq düşmənə sarsıdıcı zərbələr endirmiş, onun bu həmləsi nəticəsində Azərbaycan ordusu döyüş üstünlüyü qazanmışdı.

Həmin dövrlər Vaqifin havadan həmlələri dillərdə dastan olmuş, xalq arasında ən çox sevilən döyüşçülərdən birinə çevrilmişdir. Sonuncu döyüş uçuşu isə Xocalı rayonunun Əsgəran qəsəbəsi istiqamətində baş tutur. Məhz elə bu istiqamətdə düşmən onun idarə etdiyi "Su-25" təyyarəsini vura bilmişdi.

İndiyə qədər şəhid olması barədə müxtəlif fikirlər söylənilən qəhrəman pilot haqqında bu günümüzə gələn bir şayiə də var:

Vaqifin təyyarəsini yalnışlıqla özümüzünkülər vurdu...

Bu söhbət necə və haradan yaranmışdı? Vaqif Qurbanovun 1992-ci il, 12 iyun tarixində Ağdam cəbhəsində nələr baş vermişdi?

Suallara Bizim.Media olaraq cavab axtardıq.

Həmsöhbətimiz isə həmin dövrlərdə, sözügedən cəbhədə tağım komandirinin müavini İşləmiş Elburus Mustafayevdir.

Müharibə veteranı E.Mustafayev bildirir ki, məhz belə şayiənin yayılmasını cəbhədə paralel olaraq baş verən döyüş toqquşması ilə əlaqələndirmək olar:

"İyunun 12-də keçirilən hücum əməliyyatı müvəffəqiyyətlə başa çatdıqdan sonra rəhmətlik komandirimiz Şirin Mirzəyev bizim bölüyə Yeni Qaralarda ehtiyatda qalmağı və Fərrux dağı tərəfə nəzarət eləməyi tapşırmışdı. Səhərisi gün nahar eləməyə tabura getdik və saat 4 radələrində geri qayıtdıq.

Biz geri gələndə bizim yanımıza bir ədəd təzə tank və bir qədərdə canlı qüvvə gəldiyini gördük. Yeni tikilmiş binanın arxasında "KŞM"-in arxasında saqqallı bir oğlanın uzandığını, onun yanında əvvəllər görmədiyim bir silahın olduğunu müşayiət elədim. Yaxınlaşıb tanış oldum.

Bakıdan olduğunu dedi, adı isə Ağayla başladığından hamı məni Ağa deyə çağırır. Soruşdum ki “bu nədir?” dedi bu "IQLADI" uçan obyektləri vurmaq üçündür. Dedim ki onsuzda bekarçılıqdır, bu silahı işlətməyi bizədə başa sal, bəlkə döyüşdə lazım oldu. Razılaşdı.
Ağanın yanında bir cavan köməkçisi var idi. Köməkçisi silahın istifadə qaydaları haqqında ətraflı məlumat verdi. Mən durub mövqelərə nəzarət eləməyə getdim. Hərlənib gəlib qonşu binanın arxasında hücum vaxtı minaya düşmüş bir tankımızın yanında təmirçilərə kömək eləyirdim.

Təzəcə işi qurtarmışdıq ki, qəfildən iki helikopter peyda olub, bizim Kiçandakı mövqelərimizi vura-vura dağdan Xaçın çayına tərəf düşürdülər. Yolla Sırxavəndən bizə tərəf gələn maşınlarımıza divan tutdular.

Çaya çatanda ermənilər meşədən işarəli güllələrdən piramida şəkilində atəş açdılar. Sən demə bizim Vəng körpüsünə nəzarət eliyən kəşfiyyat dəstəmizi mühasirəyə alıb işarə verirlərmiş ki helikopter onları vursun. Hamı bir an donub qalmışdı. Qəfildən Ağa yadıma düşdü. Onu çağırsam da cavab vermədi. Bir də gördüm ki köməkçisi əlində "İqla" mənə tərəf qaçır. O mənə çatmamış Ağa ona çatıb silahı əlindən aldı və qaça-qaça hazırlıq işlərini gördü”.

Məhz 12 iyun 1992-ci ildə Ağa ləqəbli döyüşçü düşmənin döyüş helikopterini sərrast atəşlə məhv edir. Məhv edilən helikopter yerə düşərək partlayışla yanmağa başlayır. Komandir qeyd edir ki, baş verən hadisəni rəhbərliyə məruzə etməyə çalışsaq da rabitə əlaqəsi baş tutmayıb:

"Mirzəyevlə əlaqə yarada bilmədikdə hərbi hissəyə raport verməyi qərara aldım. Rabitə cihazı vasitəsilə erməni helikopterini vurduğumuzu məruzə elədim... Buna görə peşman oldum. Ağızlarına gələni mənə dedilər. Bildirdilər ki, öz vertolyotumuzu vurmusunuz. Qulaqlarım batdı, əlim ayağım əsməyə başladı. Ağa məndən də pis günə düşdü. Hamının kefinə soğan doğrandı, səs-küy kəsildi.

Əsgərlərin baxışından nələr oxuduğumu bir Allah bilir. Bunları sözlə ifadə etmək mümkün deyil. İkimiz də yarı ölü vəziyyətində binanın arxasında barıya sıxılıb qalmışdıq. Bu ara helikopterin maşınların üstündə gələn yaraladığı əsgərlərimizi gətirdilər.

Birdən alayın qərargah rəisi Sabir Abbasov Mirzəyevin maşınında gəldi. Maşından düşəndə ayaq üstə güclə dururdu, o çox əsəbi və təlaşlı idi. Təmiz özünü itirmişdi. "Ay Allah sizə kömək olsun, sizə kim dedi axı vertalyotu vurduz, evimizi yıxdız", -deyə qışqırdı.

Hərbi hissə məni izahat almaq üçün qərargaha dəvət etdi. Həmin vaxt Şirin Mirzəyelə əlaqə saxlaya bildim. Məruzə elədim ki komandir bizim pozisiyaları vuran vertolyotu vurdurdum. Briqadadan deyirlər ki özümüzünküdür. Bu necə ola bilər, bilirsiz bura nə qədər yaralı gəlib?

Şirin Mirzəyev dedi ki...

Şirin Mirzəyev cavabında “onlar səhv edirlər, narahat olmayın, mövqelərə ciddi nəzarət edin” dedi. O, öz bölmələrinə “düz etmisiniz, heç bir yalnışlıq yoxdur”, deyib.

"Sonra məlum oldu ki, mən briqadaya məlumat verəndə Vaqifin təyyarəsi Əsgərandə vurulmuşdu. Elə bildik siz vurmusuz. Orda bizim vertalyotumuz filan olmayıb. Bu xəbəri eşidəndə sevinmək əvəzinə qəhər məni boğdu. Adını eşidib üzünü görməsək də hamı onu çox istəyirdi.

Hər dəfə Vaqif başımızın üstündən uçub düşmənə hücum eliyəndə ona baxıb fəxr eləyirdik. Hamı ürəyində Allaha dua edirdi ki, Vaqifə bir şey olmasın. Təəssüf Qarabağın ilk şahini həmən gün əbədiyyətə qovuşaraq ŞƏHİD oldu", deyə əlavə edib E.Mustafayev.

Məhz elə bu gündən sonra Vaqif haqqında yayılan şayiələrdən biri də onun Azərbaycan ordusu tərəfindən vurulması olur. Yuxarıda qeyd olunanlardan da ortaya çıxır ki, bu yalandan başqa bir şey deyil.

Beləliklə, illər boyu yayılan daha bir yalnışlıq öz lazımı cavabını tapdı.




Elgün Gəncimsoy












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.