Fransızla rus birləşdi ortaya Avropanın ən ləng avtomobili çıxdı
28-07-2023, 11:39

İlk baxışdan ağla və məntiqə uyğun gəlməsə belə, bu, reallıqdır.
Avtosfer.az-ın xəbərinə görə, 90-cı illərin ortalarında həm Avropa bazarına təkrarən çıxmaq, həm də yanacaq sərfiyyatını azaltmaq üçün Avtovaz şirkəti “Niva”ya Dizel mühərrik quraşdırmaq fikrinə düşür.
Çox axtarışdan sonra Fransanın “Peugeot” şirkətinin Dizel mühərriki seçilir. 1,9 litrlik mühərrik çox da üstün göstəricilərə malik olmasa da, qiymət və keyfiyyət baxımından böhran içində olan zavodu qane edir. 1995-ci ildən törəmə müəssisələrin birində 3 və 5 qapılı modellərə 1XUD 9SD mühərrikinin kiçik partiyalarla quraşdırılması başlayır.
Yeni avtomobil sürücüləri həm razı, həm də narazı salır. Doğrudur, yanacaq sərfiyyatını 9 litrə endirmək mümkün olsa da, səs və vibrasiya artır. Avtomobili 5-ci ötürmədə 50 km/saat sürətlə mühərrik sönmədən idarə etmək mümkün olsa da, maksimal sürət 116 km/saat olur. İstehsaldan çıxarıldığı 2007-ci ilədək Dizel mühərrikli “Niva” Avropanın ən ləng avtomobili statusunu heç kimə vermir.
Ən əsası isə, ağır mühərrikə görə avtomobilin keçiciliyi aşağı düşür. Üstəgəl, Rusiyanın keyfiyyətsiz yanacağı, ehtiyat hissə çatışmazlığı və savadsız texniki xidmət Avropada illərlə problemsiz işləyən mühərikin qısa vaxtda sıradan çıxması ilə nəticələnir. Kişik partiyalarla istehsal olunan maşın çox da rəğbət qazanmır. Sonradan sürücülər mühərriki əsaslı təmir etmək yerinə onu daha ucuz başa gələn ənənəvi VAZ mühərriki ilə əvəzlədilər.
Bu gün Rusiyada işlək vəziyyətdə olan Dizel mühərrikli Niva sayı 1 əlin barmaqları qədər deyil.