Yeni parklama qaydaları nə vəd edir? - Açıqlama

28-07-2023, 18:15           
Yeni parklama qaydaları nə vəd edir? - Açıqlama
Xəbər verdiyimiz kimi, iyulun 26-dan ölkədə nəqliyyat vasitələrinin parklanmasına görə yeni qaydalar qüvvəyə minib. Bakıda ümumilikdə 5 parklanma zonası müəyyən edilib.

Mərkəzi zona şəhərin tarixi hissəsini, digər zonalar isə ordan kənarlaşdıqca, ətraf əraziləri əhatə edir. Hər zonaya uyğun ödəniş məbləği saatı 30 qəpikdən 1 manatdək müəyyənləşdirilib. Nəqliyyat tələbinin aşağı olduğu 4-cü zona üzrə parklama ödənişsiz olacaq. ​ Həmçinin, parklama ərazisindən 100 metr sağ və sol məsafədə yerləşən binalarda qeydiyyatda olan sakinlər üçün parklama ödənişsizdir. Bunun üçün onlar aidiyyəti üzrə müraciət edib parklama talonları əldə etmək lazımdır.

Mövzu ilə bağlı Bakupost.az -a danışan nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, parklama yerlərinin olmaması bir çox problemlərə gətirib çıxarırdı:

“Bir neçə il əvvəl parkomatlar var idi. Həm üstü açıq, həm də üstü bağlı parklanma yerlərində avtomobili təxminən 30 dəqiqə park etmək üçün vətəndaşlar 50 qəpik ödəyirdilər. Əslində vətəndaşlarımız da bundan razı idilər. Bu layihə özü-özlüyündə çox rahat idi. Amma nədənsə sonrakı dövrdə həmin parkomatlar da yığışdırıldı və dövlətin balansında olan həmin parklanma yerləri yoxa çıxdı. Dövlətin balansında olan bu parklanma yerlərinin ünvanları vətəndaşlar üçün açıq deyil. Halbuki bu məlumatlar hər bir şəhər sakini üçün əlçatan olmalı idi. Konkret siyahılar olmalı idi, paytaxt sakinləri və qonaqlar bilməliydi ki, Bakının hansı rayonu ərazisində neçə parklanma yeri var".

Ərşad Hüseynov vurğulayıb ki,​ avtomobillərin parklanmasından yığılan vəsaitlərin kimlər tərəfindən idarə olunması və​ hara getməsi də cəmiyyətdə narazılıq doğuran bir məsələ idi. Nəhayət, Nazirlər Kabineti bu barədə yekun qərar qəbul edib. Bundan sonra həmin məbləğ büdcəyə gedəcək. Bu məbləğ avtomobil nəqliyyatı infrastrukturunun yaxşılaşdırılması istiqamətində xərclənə bilər:

“Hökumətin yeni qərarı ilə Bakı, Sumqayıt və Gəncədə zonalara uyğun parklamaya görə müəyyən olunan​ ödənişlərin tətbiqinə başlanır. Hesab edirəm ki, avtomobillərin parklanmasını və buna görə vəsaitlərin yığılmasını həm beynəlxalq təcrübə, həm də hazırda dövriyyədə olan ödəniş sistemləri nəzərə alınmaqla sivil qaydada təşkil etmək lazımdır. Burada əsas prinsiplər ondan ibarət olmalıdır ki, şəffaflıq təmin edilsin, ödənişlər ayrı-ayrı şəxslərin cibinə deyil, dövlət büdcəsinə və yaxud da​ büdcəyə bağlı olan digər hesablara getsin. Eyni zamanda insanlardan əlavə nəsə tələb olunmasın, müxtəlif xoşagəlməz, neqativ hallar baş verməsin. Bunun üçün də müasir ödəniş vasitələrindən, ödəniş sistemlərindən istifadə daha düzgün olar. Onlardan da ən yaxşısı nağdsız ödəniş sistemidir. Burada əsas üstünlük ondan ibarətdir ki, parklanma haqları nağdsız qaydada ödəniləcək. Kimlərinsə əlavə pul alması və yaxud onu müəyyən olunmuş hesablara köçürməməsi kimi hallar olmayacaq. Üstəlik, park nəzarətçilərinin pul məsələlərində iştirakı sıfıra bərabər olacaq. Çünki onlar pulların qəbulu və mədaxil proseslərində iştirak etməyəcəklər. Park nəzarətçiləri yalnız avtomobil sahiblərinə ödəniş alətlərindən, ödəniş vasitələrindən istifadə ilə bağlı müəyyən məsləhət verə, onlara yardım edə biləcəklər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.