Nə qanun işləyir, nə cəmiyyət aktivdir...

29-07-2023, 08:50           
Nə qanun işləyir, nə cəmiyyət aktivdir...
Qanunla qadağan olunmasına baxmarayaq, qapalı yerlərdə siqaret çəkilməsi, buna şərait yaradılması davam edir. Qanun qüvvəyə mindikdə qapalı məkan işlədən obyekt sahiblərinə bununla bağlı xəbərdarlıq edilib. Məlumat verilib ki, qapalı məkan sahibləri siqaret çəkilməsinə ciddi nəzarət etməlidir, əks halda, onlar cərimələnəcəklər. Amma buna baxmayaraq, hələ də qanunun tələbinə məhəl qoymayanlar var. Qeyd edək ki, qapalı məkanlarda tütün məmulatlarından istifadəyə dair məhdudiyyətlərə riayət edilməsinin təmini və ətraf mühitin mühafizəsi tələblərinin daha da gücləndirilməsi məqsədilə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumatda bildirilib ki, rayon ərazisində yerləşən kafe və restoranlarda keçirilən tədbir zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətraf mühitə atan şəxslər aşkar olunub. Həmçinin ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə eyni gündə keçirilən nəzarət tədbirləri zamanı məişət tullantılarını urnalardan kənara atan, eləcə də şəhərin abadlaşdırma qaydalarını pozan şəxslər də müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunublar.

Teref.az -ın məlumatına görə, sosioloq Qabil Babayev “Sherg.az”a açıqlamasında deyib ki, qapalı yerlərdə siqaret çəkməyi yasaqlayan qanun olsa da, qanuna nəzarət mexanizmi yoxdur. Qapalı yerlərdə siqaretin çəkilməsinə olan qadağaya ictimai nəzarət də olmalıdır: “Bu cür məsələləri təkcə qanunla həll etmək mümkün deyil. Bizim ölkədə heç kəs yanında siqaret çəkən adama reaksiya vermir. Xarici ölkələrdə isə qanunazidd hallarla bağlı insanlar bir-birinə nəzarət edir. Yəni bu cür məsələlərdə ictimai nəzarət funksiyası var. Mənim fikrimcə, bizdə də heç bir şəxs özünü bu məsələdən kənara çəkməməlidir. Qapalı yerdə siqaret çəkən gördükdə dərhal iradını, etirazını bildirməlidir. Bu, ən gözəl nəzarət mexanizmi olar.

Açıq yerdə çəkilən siqaretin insan səhhətinə təsiri, qapalı yerdə çəkilən siqaretlə müqayisədə daha azdır. Qapalı yerlərdə tütün tüstüsünün ətrafa yayılmasının zərərini heç bir vasitə ilə aşağı salmaq mümkün deyil. Qapalı yerlərdə siqaret çəkənlər nəzərə almalıdırlar ki, siqaret onu çəkəndən çox ətrafda onun tüstüsünü qəbul edənlərə ziyandır. Ümumiyyətlə, siqareti çəkənlər deyil, ətrafdakılar onun təsirinə daha çox məruz qalırlar. Belə halda biz passiv siqaret çəkmiş oluruq. Halbuki hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ var. Qapalı yerlərdə, ictimai yerlərdə siqaret çəkənlər nəzərə almalıdırlar ki, onlar bizim bu hüququmuzu pozurlar".

Sosioloqun sözlərinə görə, bu qadağaya vətəndaş məsuliyyətini artırmaq üçün cərimələr artırılmalıdır: "Cərimələr elə məbləğ olmalıdır ki, qapalı məkanda siqaret çəkdiyinə görə cərimələnən şəxslər və ya öz obyektində buna şərait yaradan sahibkarlar ikinci dəfə eyni qanunu pozmağa risk etməsin. Əslində müvafiq qurumlardan əvvəl siqaret çəkən şəxslərə məkan sahibləri özləri ciddi nəzarət etməlidir ki, bu cür xoşagəlməz hallar yaşanmasın. Çünki qapalı məkanlarda siqaret çəkən insan özündən qat-qat çox ətrafdakı insanlara zərər verir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.