Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev müddətli həqiqi hərbi xidmətə çağırış yaşının artırılacağı barədə iddialara aydınlıq gətirib.
A.Nağıyev Pravda.az-a açıqlamasında deyib ki, “Hərbi xidmət haqqında” mövcud qanunun 16-cı maddəsinə müvafiq olaraq, dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının təxris olunma yaşı 37-dir:
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 39-cu maddəsinə müvafiq olaraq həmin yaş həddinin 36,5 olması təklif edilir. Yəni, artırılması yox, azaldılması təklifi irəli sürülüb. Bu, hərbi xidmətə çağırış yaşı deyil, təxris olunma yaşıdır. Əvvəllər həqiqi hərbi xidmətdə 37 yaşa qədər qulluq edirdilər, indi isə 36,5 yaşa qədər qulluq qedəcəklər. Hazırda belə bir qərar yoxdur. Bu, sadəcə, təklifdir. Qanun layihəsi birinci oxunuşdan keçib, hələ qüvvəyə minməyib”.