"Hökumət ayağa qalxmalı idi, gecikmişik" - Məşhur həkim
15-12-2023, 00:01

Son aylarda Azərbaycanda qızılca xəstəliyinə yoluxma halları kəskin şəkildə artıb.
Bununla bağlı, səhiyyə qurumları yaydığı açıqlamalarda peyvəndləməyə çağırış edib. Təəssüf ki, ölkəmizdə peyvəndlərə inanmayan və vaksindən yayınan insanlar çoxluq təşkil edir.
Maraqlıdır, qızılca əleyhinə peyvənd məcburi ola bilərmi?
Mövzu ilə bağlı həkim-pediatr Vaqif Qarayev "Cebhe.info"-ya bildirib ki, peyvəndləmədə könüllülük olduğu üçün yoluxmalar da artır:
"Sovet dövründə qızılca peyvəndi cəmi 1 dəfə vurulurdu. Amma indi həm 1, həm 6 yaşında 3 valentli qızılca peyvəndi vurulur. Qızılca olduqca yoluxucudur və sağlam şəxsi yoluxdurması saniyələr alır.
Qızılcadan qorunmaq üçün peyvənd vurulmalı və xəstə təcrid olunmalıdır. Sovet dövründə vaksinasiya məcburi olduğu üçün hər kəs peyvənd olunurdu. Amma indi könüllülük var, məcburiyyət yoxdur.
Bu könüllülük də bizi bu duruma gətirib çıxarıb. Əslində, pandemiyadan qabaq qızılca indikindən daha çox idi, qapanmalar oldu deyə, yoluxmalar da azaldı. Xatırladım ki, 2021-ci ildə qızılcaya yoluxma yox idi, çünki karantin idi. Peyvənd olunmayanlar zəhmət çəkib gedib peyvənd olunmalıdırlar".
Pediatrın sözlərinə görə, peyvəndin əleyhinə fikir formalaşdırılıb:
"Hökumət əhalinin əlindən bu bəhanəsini almaq üçün onun istədiyi vaksini ölkəyə gətirməlidir. Düzdür, bahadır, amma təki insanlarımız peyvənd olunsun. İnsanlarımızda yanlış fikir formalaşıb. Peyvənd olmaz, peyvənd öldürür, cəfəng iddialar səsləndirirlər. Çayxana səviyyəli söhbət edirlər.
Bu insanlar qızılcadan ölən uşaqları görsələr, belə danışmazlar. Yaxşı, peyvənd olunmayaq, onda çıxış yolu göstərin? Necə qorunaq? Kimsə çıxış yolu göstərə bilmir, amma peyvəndin də əleyhinə danışır.
Peyvənddən 3-4 həftə sonra imunitet yaranır. Son bir neçə gündür ki, yoluxma azalıb. Çünki yoluxmalar olan yerlərdə lokal xarakterli qapanmalar oldu, qızılcanın yayılmasından qorxan şəxslər də peyvənd olundu".
Həkim qeyd edib ki, peyvəndləmə yoluxmalar artanda aparılmalı idi:
"Hökumət qızıca alovlananda ayağa qaxlmalı deyildi. Peyvəndlərlə bağlı əhaliyə həyəcan təbili çalınmalı idi. Bizi təhlükə gözləyir deyə çağırışlar edilməliydi, gecikmişik".