2023-cü il hansı təbii fəlakətlərlə YADDA QALDI?

15-12-2023, 16:24           
2023-cü il hansı təbii fəlakətlərlə YADDA QALDI?
Hər il olduğu kimi, 2023-cü ildə də yaşadığımız planetdə bir sıra təbii və digər fəlakətlər baş verib. Cari ildə bir çox ölkələr zəlzələ, quraqlıq, tufan və digər təbii fəlakətlərdən əziyyət çəkib.

Bizim.Media 2023-cü ildə baş verən təbii fəlakətləri və onların acı nəticələrini araşdırıb.

Ölənlərin sayı yüzminlərlədir

Təbii fəlakət baxımından rekord ABŞ-a məxsusdur. 2023-cü ildə ABŞ-da 23 təbii fəlakət qeydə alınıb. Bu il ABŞ-ı bürümüş fəlakətlər sırasına Havay adalarındakı yanğınlar, Kaliforniyadakı daşqınlar, Floridadakı İdalia qasırğası, Qərb sahilindəki Hillari fırtınası və digərləri daxildir. Ümumilikdə, ABŞ-da 253 nəfər təbii fəlakətlərin qurbanı olub və dəyən ziyan 57,6 milyard dollar təşkil edib.

Əfqanıstanda 10-17 yanvar arasında davam edən kəskin şaxtalı hava 166 insanın ölümünə səbəb oldu.

Fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində baş verən 7,7 və 7,6 bal gücündə iki zəlzələ ölkənin 11 vilayətinə təsir edib.

Nəticədə Türkiyə və Suriyada 60 minə yaxın insan həyatını itirib.

Afrikanın cənub-şərqini bürüyən Freddi siklonu təxminən 1400 insanın ölümünə səbəb olub. Fevral ayında baş qaldıran siklon ən uzun müddət - 38 gün davam edib. 8000 km-dən çox məsafə qət edən siklon Mavriki, Madaqaskar, Malavi və Mozambikə ziyan vurub.

Martın 24-27 arasında ABŞ-ın Alabama və Missisipi ştatlarında 30-dan çox tornado baş verib. Nəticədə 23 nəfər ölüb və 236 nəfər yaralanıb. Ən güclü tornado Missisipi ştatının “Rolling Fork” və “Silver Siti” şəhərlərində baş verib.

Sentyabrın 9-da Mərakeşdə baş vermiş 7 bal gücündə dağıdıcı zəlzələ nəticəsində 2100-dən çox insan həyatını itirib. Təbii fəlakət 2400-dən çox insanın yaralanmasına və böyük dağıntılara səbəb olub.

Ölkəmizdə baş verənlər...

Azərbaycana gəldikdə, 2023-cü ilin bu gününə qədər ölkəmizdə 150-yə yaxın daşqın-sel hadisəsi qeydə alınıb ki, bu da keçən illə müqayisədə 3 dəfə çoxdur. Eyni zamanda, 2023-cü ildə Bakı sakinlərini təşvişə salan, episentri Xəzər dənizində olan iki 5 baldan yuxarı zəlzələ də baş verib.

Belə ki, aprelin 7-də 6 bal, dekabrın 7-də isə 5,6 bal gücündə baş vermiş yeraltı təkanlar paytaxt Bakıda və bir sıra ətraf rayonlarda hiss olunub. Xoşbəxtlikdən zəlzələlər zamanı ölən və yaralananlar, eyni zamanda dağıntı olmayıb.

Mənbə: bizim.media












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru