İncəsənətdəki "ayrı - seçkilik" sindromu, yoxsa, "qədiri bilinməyənlər" qrupu?
19-12-2023, 17:54

Danılmaz faktdır ki, Azərbaycanın milli rəssamlıq sənətinin inkişafında qadın rəssamların rolu böyükdür. Azərbaycanın ilk qadın rəssamı Reyhan Topçubaşova, görkəmli fırça ustaları Vəcihə Səmədova, Maral Rəhmanzadə, Elmira Şahtaxtinskaya və başqalarının müxtəlif janrlarında yaratdıqları əsərlər bu gün də muzeylərimizin ekspozisiyalarını bəzəməkdədir. Vəcihə Səmədova, Maral Rəhmanzadə, Elmira Şahtaxtinskaya Azərbaycan rəssamlıq sənətində bir məktəbdirlər.
Məsələn, professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın rəssam, qrafika ustası, Azərbaycan SSR Xalq rəssamı, M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı Maral Rəhmanzadənin əsərləri xarici ölkələrdəki incəsənət sərgilərində (İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan və s.) nümayiş etdirilib. Dəfələrlə Moskvada, Bakıda və Azərbaycanın digər şəhərlərində, eləcə də Şri-Lankada (1958), Kubada (1964) və İranda (1991) fərdi sərgiləri göstərilib.
Əsərləri Tretyakov qalereyası (Moskva), R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və s. muzeylərdə, ABŞ və İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır. "Azərbaycan neft ölkəsidir", "Bizim Xəzərdə" və "Avtoportret" tabloları rəssamın ən məşhur əsərləridir.
Azərbaycan SSR əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın (vəfatından az sonra adı əbədiləşdirilib - Azərbaycan Rəssamlar İttifaqının sərgi salonuna verilib-red-Ə.R), 1957-1963-cü illər yaradıclıq fəaliyyətində ən məhsuldar illər olub. O, “Lənkəranda toy”, “Toya hazırlıq”, “Mahnı” kimi maraqlı əsərlərini bu dövrdə yaradıb. Vəcihə Səmədovanın 1962-ci ildə Bolqarıstana yaradıcılıq ezamiyyəti yeni istiqamətin inkişafına təkan verir. Rəssamın bu silsiləyə daxil olan əsərlərinə “Sofiya bazarında”, “Qoca bolqar qadınları”, “Plovdiv qayaları”, “Türk qızı”, “Tırnovo”, “Sozopolun dənizdən görüntüsü ” və başqalarını qeyd edə bilərik.
Vəcihə Səmədova həmkarı və həyat yoldaşı Lətif Feyzullayevlə birgə yaradıcılıq ezamiyyətlərinə çıxaraq Azərbaycanı qarış-qarış gəzir. Bunun bəhrəsi olaraq "Kür qırağında", "Mahnı", "İntizarda", "Toya hazırlıq" tematik tabloları, "Qoşqar yaylağında", "Göy göl", "Kəpəz", "Kür sahillərində" silsilə mənzərələri, "Aktrisa Leyla Bədirbəylinin portreti", "Pambıqçı", "Şamama Həsənovanın portreti", "Geoloq Minirə Məmmədbəylinin portreti" kimi əsərlər yaranır.Onun da hər bir əsəri böyük zövqlə baxılır.
Azərbaycan SSR xalq rəssamı və əməkdar incəsənət xadimi Elmira Şahtaxtinskaya da Azərbaycan mədəniyyətini təkrarolunmaz əsərləri ilə zənginləşdirib. O, daha çox plakat və dəzgah rəsmlərinin müəllifi kimi şöhrət tapıb. XX əsrin 70-ci illərində "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakat silsiləsini, Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimlərinin portretlər qalereyasını, dəzgah rəsmləri və akvarellərindən "Çexoslovakiyada" (1957), "Sosialist Bakısı" seriyası (1958–1959), "Bolqarıstanda" (1963), "Qutablar" (1963) və "Novruz bayramı" (1970) tablolarını yaratmışdır. Moskva (1957), Kaunas (1967) və s. şəhərlərdə fərdi sərgisi nümayiş etdirilib.
Rəssamın yaradıcılığında sülh və xalqlar dostluğu, əmək mövzusu əhəmiyyətli yer tutur. 70-ci illərdə çəkdiyi "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakatlar silsiləsində Azərbaycanın orta əsrlərdə yaşayıb yaratmış elm və mədəniyyət xadimlərinin (Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əcəmi Naxçıvani, Sultan Məhəmməd və başqaları), 70–80-ci illərdə isə müasir sənətkarların (Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun, Səttar Bəhlulzadə, Qara Qarayev, Fikrət Əmirov və başqaları) portretlərini yaratmışdır.Bəli, hər bir rəssam qadın mədəniyyətimizə bir çiçək bəxş edib.Hər 3 rəssam xanımın adına Bakıda küçə var. Çox ürəkaçan hal!
Amma bu yolu ilk açan Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycanın ilk qadın rəssamı Reyhan xanım Topçubaşova olub. Yəqin rəsm sevərlər bilir ki, o, portret, məişət, mənzərə janrlarında işləyib, eləcə də süjetli komposiziyalar və natürmortlar çəkib. Mənzərələrində Abşeron təbiətinin təsviri əsas yer tutur. Mahnı və rəqs ansamblları üçün geyim eskizləri də hazırlaıb.
Onun "Köhnə Bakı küçəsi" (1935), "Köhnə bazar", "İlk təbliğatçı Mina xanım", "İki sahil", "Qoca zalım şahın hüzurunda", "Qız qalası", "Dəniz", "Mərdəkanın görünüşü" adlı süjetli tabloları və "Balerina Qəmər Almaszadənin portreti", "M. Ə. Sabirin portreti", "Avtoportret" və "Nizami Gəncəvi" kimi portretləri var. Sənət əsərləri müxtəlif Bakı muzeylərinin kolleksiyasında saxlanılır.
Boyakarlığın portret ("M. Ə. Sabir", "Q. Almaszadə" və s.), məişət ("Köhnə bazar", "Toy", "Küçə" və s.) və mənzərə ("Qız qalası", "Dəniz", "Mərdəkanın görünüşü", "Gecə vaxtı dənizin mənzərəsi" və s.) janrlarında fəaliyyət göstərib. Reyhan xanım 8 mart 1938-ci ildə ilk dəfə Azərbaycan qadın rəssamlarının əsərlərindən ibarət sərgini təşkil edib.
Anlamaqda çətinlik çəkirəm, Azərbaycan ictimaiyyətinin, xüsusən də, əlaqədar orqanların böyük sənətkarların bəzilərinə soyuq münasibətinə...Axı, niyə sənətkarları biri-birindən seçirlər, onlara ikili standarlarla yanaşırlar? Niyə, Vəcihə Səmədova, Maral Rəhmanzadə, Elmira Şahtaxtinskaya adına Bakıda küçə var, amma rəssamlığa ilk imza qoyan Reyhan Topçubaşovanın adına nəinki bir küçə, hətta kiçik bir rəssamlıq emalatxanası da yoxdur. Reyhan xanım Azərbaycan rəssamlıq sənətinə o qədər töhvə verməsinə baxmayaraq onun təbliğatı da çox zəif şəkildə aparılır. "Aparılmır" deyilsə, bu daha düzgün olar. Halbuki, Reyhan xanımın adı orta məktəb dərsliklərinə "ilk rəssam qadın" kimi salınmalı idi.
Amma ki, gözəgörünməz bir əl elə hey, haqsızlıqla məşğuldur. 46 illik ömrünün 36 ilini Azərbaycan kinomatoqrafiyasına həsr edən, Azərbaycanın sevilən kino aktyoru və rejissoru Ceyhun Mirzəyev Azərbaycanda kino sənətinin inkişafında inqilab edəcək filimlərə imza atıb. Təəssüf ki, hələ də- bu günə qədər heç bir fəxri ada layiq görülməyib.
Yəni, haqsızlığın bu boydası da mümkündürmü? Bəs niyə C. Mirzəyevi sevən tamaşaçılar, onun filməri ilə böyüyən cəmiyyət, yaxud kino işçiləri, aktyor adı daşıyan böyük kütlə bir dəfə də olsun bu haqda etiraz etməyib, əlaqədar orqanlara Mirzəyevin fəxri ad alması ilə bağlı bir xahişnamə göndərməyib?
Tünzalə Ağayeva , Aygün Kazımova, Mir Yusif , Röya Ayxan Azərbaycan incəsənətinə hansı "böyük" xidmətləri ilə "Azərbaycanın Xalq Artisti" adına layiq görülüb ki, o xidməti Ceyhun Mirzəyev göstərə bilməyib?
P.S. Əlaqədar qurumlar, incəsənət həssas bir sahədir. Bütün sahələrdəki haqsızlıq insanları qəlbən yorur, amma mədəniyyət sahəsindəki haqsızlıq həm insanlı yorur, həm də gələcəyə, inkişafa olan ümidlərini qırır. Heç olmasa, bu sahədə ikili standarları ortaya qoymayın!
Əntiqə Rəşid