Diqqət: “Çirkli əllər” xəstəliyi tüğyan edir

23-12-2023, 08:38           
Diqqət: “Çirkli əllər” xəstəliyi tüğyan edir
Azyaşlıların arasında yayılan Hepatit A virusundan necə qorunmalı...
Ötən günlərdə Mingəçevirdə şagirdlər arasında hepatit A (HAV) virusunun yayılma xəbəri
çıxmışdı. Daha sonra qızılca xəstəliyi elə yayıldı ki, hepatit unuduldu. Amma HAV xəstəliyi də
kifayət qədər ciddi və təhlükəli xəstəlikdir. Mingəçevirdə isə deyilənə görə, daha çox yayılma,
hətta paytaxta qədər gəlib çıxma riski var. Ona görə də əhalini məlumatlandırmaq üçün
Pressklub.az saytı hepatit A virusunun törətdiyi təhlükəni araşdırıb, ondan qorunmağın yollarını
öyrənib.
Öncə Hepatitlə tanış olaq.
Hepatit qaraciyər toxumasının ocaqlı və diffuz iltihabıdır. Viruslu hepatit müxtəlif virusların
törətdiyi prosesdir. (A, B, C, D, TTV, herpeslər və sair). Hepatit və ümumilikdə qaraciyər
xəstəlikləri təkcə viruslar tərəfindən baş vermir. Müxtəlif proseslər hepatitə səbəb ola bilər.
Onlara toksik maddələr (alkoqol, dərman və s.), autoimmun proseslər (orqanizmin öz

toxumalarını zədələməsi – red.), dəmir və mis mübadiləsinin pozulması, anadangəlmə alfa-1
antitripsindefisiti və sair aiddir.
Hepatitin simptomları əsasən qaraciyərin funksional pozulma səviyyəsinə görə dəyişir.
Qızdırma, qarın hissəsində ağrı, zəiflik, yorğunluq, iştahın itməsi, ürəkbulanma, sağ qabırğaaltı
nahiyə ağrıları, dəri örtüyünün, skleranın saralması hepatitin simptomlarıdır.
Viruslar fərqli olduğu kimi, yoluxma yolları da fərqlidir. Hepatit A (HAV) fekal-oral yolla, Hepatit B
və C (HBV, HCV) hematogen yolla (qan və qan preparatları) ötürülə bilər. Az hallarda cinsi yolla
yoluxma mümkündür.
Hepatit A virusunun mənbəyi insandır. Dünyada təqribən 120 milyon insanın HAV-a yoluxduğu
bildirilir. Tibb işçilərinin sözlərinə görə, bu xəstəlik 2-6 yaş aralığındakı uşaqlarda üstünlük təşkil
edir. 14 yaşından sonra isə daha az rast gəlinir.
Uşağının HAV-a yoluxma riskindən narahat olan Bakı sakini Zeynəb Kərimli övladını məktəbə
göndərməkdən çəkinir.
“Öncə koronavirus, indi isə hepatit A, qızılca… Görəsən, nə vaxt bitəcək bu viruslar?
Uşaqlarımızı evdən çıxarmağa da qorxuruq. Hər dəfə məktəbə gedəndə bütün günü fikrim
uşağımda qalır. Məktəbə göndərirsən, olmur, göndərmirsən, heç olmur. Bilmirəm, necə edim…
İndi də deyirlər, Hepatit A vaksini vurduraq. Nə qədər vaksin vurdurmaq olar? Bilmirik, heç
xeyri olur, ya yox… Deyəsən, təkcə məktəbləri yox, elə bütün Azərbaycanı dezinfeksiya etmək
lazımdır”.
Bəs yoluxucu xəstəlik olan Hepatit A virusundan necə qorunmalıyıq? Xəstəlikdən sağalmağın
yolları nədir?
Həkim-infeksionist İbrahim Rufullayev mövzu ilə bağlı Pressklub.az-a açıqlamasında bildirdi ki,
Hepatit A virusunun xüsusi müalicəsi yoxdur.
“Xəstəliyin xüsusi müalicəsi olmasa da simptomatik müalicələr aparılır və xəstə müşahidəyə
alınır, ağırlaşmalar olduqda isə lazımi tədbirlər görülür”.

Həmsöhbətimiz deyir ki, HAV-ın yoluxması fekal-oral yolla baş verir. Yəni, qida məhsullarından,
əsasən də çirkli sudan yoluxur. Xəstəlikdən qorunmaq üçün standart gigiyenik prosedurlara,
əsas da əl gigiyenasına əməl etmək lazımdır.
Müsahibimiz Azərbaycanda hepatitin hansı növünün daha çox yayıldığını söylədi: “Hepatitin
bütün növləri təhlükəli olsa da B, C və D hepatitləri təhlükəlidir və Azərbaycanda HBV və HCV
daha çox yayılıb. Bir çox xəstəliklərdə olduğu kimi, HAV-da da genetik faktor rol oynayır. Bu
baxımdan, genində hepatit olan şəxslər daha diqqətli olmalıdır”.
Doktorun sözlərinə görə, HAV-da ölüm təhlükəsi çox azdır. Deyir ki, hepatitin öldürmə riski
xəstəliyin gedişatından və orqanizmin xüsusiyyətlərindən asılı olaraq, individuallıq göstərir.
Son olaraq, müsahibimiz hər kəsə, xüsusilə də HAV-a yoluxmuş şəxslərə gigiyenik qaydalara
qarşı diqqətli olmağı tövsiyə etdi.
Yeri gəlmişkən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi HBV və HCV xəstələrini ödənişsiz
dərman preparatları ilə təmin edir. 2023-cü ilin iyul ayına qədər “B və C hepatitli xəstələrin virus
əleyhinə dərman preparatları ilə təmin olunması üzrə komissiya” nın fəaliyyəti nəticəsində 1 329
nəfər müayinə olunub. Onlardan 61%-i kişi, 39%-i isə qadındır. Komissiyadan keçən xəstələrdən
367 (27,6%) nəfərə hepatit B, 934 (70,3%) nəfərə hepatit C və 25 (1,9%) nəfərə hepatit B və C
infeksiyası diaqnozu qoyulub.
Həkim İnfeksionist-hepatoloq Sadiqə Əliyeva Pressklub.az saytına hepatit xəstəliyi ilə bağlı
məlumat verib.
O, deyir ki, el arasında Hepatit A xəstəliyi “çirkli əllər” xəstəliyi adlanır.
“Hepatit qaraciyərin iltihabi xəstəliyidir. Hepatitlərin içərisindən HAV çirkli sular, yaxşı
yuyulmamış meyvə-tərəvəzdən keçir. Bu virus gigiyenik qaydalara riayət etmədikdə yayılır.
Azyaşlılar arasında daha çox rast gəlinən xəstəliyin müalicəsi çətin deyil. Qaraciyərdə heç bir
zədə qalmadan müalicə olunurlar”.
Müsahibimiz demişkən, HAV meyvə-tərəvəzdən də keçir. Düzdür, hər zaman meyvə-tərəvəzi
yaxşıca yumalıyıq, amma yay mövsümü meyvələri soyulmadan yeyildiyinə görə onları xüsusi
diqqətlə təmizləyib, sonra yemək lazımdır.

Diqqət etməli olduğumuz məqamlardan biri də manikür və pedikür, pirsinglər, tatuajlar,
stomatoloji prosedurlar, eləcə də bərbərxanalarda sterilliyə, birdəfəlik alətlərdən istifadə
olunmasına nəzarətdir.
Doktor HAV-ın müalicəsinin rahat olduğunu desə də TƏBİB-in Tibbi xidmətlərin inkişafı
departamentinin rəhbəri Yaqut Qarayeva mətbuata açıqlamasında qeyd edib ki, hepatit A
xəstəliyinin müalicəsi üçün xüsusi dərman vasitəsi yoxdur.
Bundan əlavə, o, hepatit A virusuna qarşı vaksin olduğunu bildirib. Onun sözlərinə görə, vaksin
uzun illərdir istifadə edilir və təhlükəsizdir: “İki dəfə vurulur. Birinci dozadan 6 və ya 12 ay sonra
ikinci doza vurulur. Azərbaycanda hepatit A virusunun vaksini 1 və 6 yaşadək uşaqların
cədvəlində deyil. Yəni mütləq deyil, ehtiyac olsa, bu zaman vaksindən istifadə edə bilər.
Hepatit A xəstəsi ilə təmasda olan şəxsə ən azı iki həftəlik müddətində vaksin vurulmalıdır”.
TƏBİB rəsmisi əlavə edib ki, bu, xəstəliyin ağır keçməsinin qarşısını ala bilər.
Qarayeva Azərbaycanda HAV-ın hazırki vəziyyətindən də bəhs edib. Onun sözlərinə görə,
vəziyyət nəzarət altındadır: “Ölkədə bir neçə regionda yoluxma var. Lakin bu, qeyri-adi hadisə
deyil. Hepatit A virusu 3-4 ildən bir lokal alovlanmalar verə bilən xəstəlikdir. Hazırda vəziyyət
stabildir”.
Onun sözlərinə görə, hepatit A virusunun mənbəyi elə xəstə insandır: “Bu infeksiya xəstə
insandan sağlam insana su, qida, ətrafda istifadə etdiyimiz əşyalarla keçə bilir. İnsan bu
xəstəliyə yoluxur, amma bunu hiss etmir. Ola bilər, kimsə hepatit A virusuna yoluxsun, amma
heç bir simptom hiss etməsin. Məsələn, uşaqlarda bu, qripəbənzər simptomlarla başlaya bilər.
Bir müddət sonra qaraciyər zədələndiyi üçün ürəkbulanma, qastrit, gözdə saralma, dəridə
saralma ilə özünə büruzə verir”.
Mingəçevirdəki məktəblərdə hepatit A virusunun aşkarlanması və şagirdlər arasında yayılması
valideynləri və azyaşlıları qorxuya saldığına görə onlar dərsə getməkdən yayınırdı.
Buna görə də Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Mingəçevirdə şagirdlərin hepatitə
yoluxduğu təhsil müəssisələrinin dezinfeksiya olunduğunu mətbuata bildirib.

Hepatit virusu kifayət qədər təhlükəli xəstəlikdir. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatı
(ÜST) hepatitə qarşı ciddi mübarizə tədbirləri görür. Buna misal olaraq, hepatitlərin eliminasiya
strategiyası çərçivəsində 2030-cu ilə qədər hepatitə yeni yoluxmaların 90%, hepatitlə əlaqəli
ölümlərin isə 65% azaldılmasını hədəflədiyini göstərmək olar. Bu məqsədlə hepatitlərin
diaqnostikası, immunoprofilaktikası və müalicəsinin ilkin səhiyyə xidmətləri çərçivəsində
əlçatanlığı təmin olunmalıdır. Həmçinin ÜST Azərbaycan vətəndaşlarını hepatit vaksini
vurdurmağa çağırıb.
Yeri gəlmişkən, 2010-cu ildən etibarən ÜST-ün qərarı ilə iyulun 28-i Ümumdünya Hepatitlə
Mübarizə Günü elan edilib. Həmin günün iyulun 28-də qeyd olunması hepatit B virusunu kəşf
edən, ona qarşı ilk vaksini yaradan və bu uğura görə Nobel mükafatına layiq görülən professor
Barux Blumbergin doğum tarixi ilə əlaqədardır.
Son illərdə dünyada ard-arda yayılan viruslar insanları təngə gətirib. Hətta bəziləri vaksinlərdən,
qapanmalardan və xəstəliklərdən o qədər bezib ki, yeni virus xəbəri gördükdə depressiyaya
düşür.
Azərbaycanın bu bəlalardan uzaq, sağlıqlı və firavan həyata geri dönməsinə ehtiyacı var. Ümid
edək, o ağır günlər bir də geri gəlməz.
Günay Elşən












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.