Göygöl şəhərində alman evləri.
25-12-2023, 08:44

Almanlar Azərbaycana 1810-cu illərin sonlarında gəlmişdilər. Onlar əsasən Vürtemberq krallığının sakinləri – şvablar (alman dilinin şvab dialektində danışanlar) idilər.
Almaniyanın cənubunda yerləşən bu krallıq Napoleon müharibələri zamanı çox zərər görmüşdü. 1815-ci ilin yayında İndoneziyada Tambora vulkanın püskürməsindən sonrakı iqlim dəyişikliyi kütləvi aclığa səbəb oldu (bu hadisə haqqında yazmışam, oxumayanlar axtarış verib oxuya bilərlər).
Şvabların bir hissəsi çar I Aleksandra müraciət edərək Rusiyaya köçmək üçün icazə istədilər. Çar da onları yenicə işğal etdiyi Cənubi Qafqazda, yerləşdirməyi qərara aldı.
Bu qərar təkcə humanizmdən doğmurdu. Çarizm həm Cənubi Qafqazda xristian elementini gücləndirir, həm də burada almanların köməyi ilə kənd təsərrüfatını və sənayeni inkişaf etdirərək gəlirini artırmaq istəyirdi. Təsadüfi deyil ki, köçə 697 428 rubl pul ayrıldı.
İlk alman koloniyaları Tiflis yaxınlığında yaradıldı. Onların sayı 6 idi. Sonra gələnlərə həmin ərazilərdə torpaq çatmadığından Qafqaz canişini Yermolovun göstərişi ilə keçmiş Gəncə xanlığının ərazisinə göndərildilər. Almanlar 1819-cu ildə Helenendorf (Göygöl), 1820-ci ildə Annenfeld (indiki Şəmkir) məntəqələrinin əsasını qoydular. Məntəqələrin hər ikisi çarın bacılarının (Yelena və Anna) şərəfinə adlandırılmışdı.
Bu koloniyalardan başqa almanlar Georqsfeld (Çinarlı, Şəmkir rayonu), Qrünfeld (Həsənsu, Ağstafa rayonu), Ayxenfeld (İrmaşlı, Şəmkir rayonu), Traubenfeld (Tovuz şəhəri), Yelizavetinka (Ağstafa şəhəri) kimi kəndlərdə yaşayırdılar.
Almanlar Azərbaycanda elm və mədəniyyətin, kənd təsərrüfatı və sənayenin inkişafına böyük töhfələr verdilər, bir sıra sahələrin əsasını qoydular. Sürətlə böyüyən Bakının memarlığında da görkəmli rol oynadılar.
Azərbaycan Cümhuriyyətinin parlamenti yarananda almanlar üçün 1 yer ayrıldı. Onu Helenendorf sakini Lorens Kun tutdu. 1919-cu ildə Azərbaycan hökuməti ölkədə məskunlaşmalarının 100 illiyi münasibətilə almanlara təbrik ünvanladı.
Sovet işğalından sonrakı repressiyalar, kollektivləşmə, qolçomaqsızlaşdırma kimi tədbirlər almanlardan da yan keçmədi. Yaşayış məntəqələrinin alman adları tədricən dəyişdirildi. Məsələn, Georqsfeld əvvəlcə Leninfeld, sonra Leninkənd oldu.
Nasist Almaniyasının 1941-ci ildə SSRİ-yə hücum etməsindən sonra Cənubi Qafqazda və Volqaboyunda (burada onların muxtar vilayətləri vardı) yaşayan almanlar əsasən Qazaxıstana, Sibirə sürgün edildilər. Azərbaycandan 22.741 alman deportasiya olundu. Yalnız Stalinin ölümündən sonra onlara qayıtmaq icazəsi verildi.
Sağ qalanların bəziləri Azərbaycana geri qayıtdılar. Keçmiş Helenendorfda ilk mühacirlər nəslinin sonuncu nümayəndəsi olan Viktor Klein 2007-ci ildə vəfat etdi. Onun yaşadığı ev 2014-cü ildə Alman beynəlxalq əməkdaşlıq təşkilatının (GİZ) dəstəyi ilə muzeyə çevrildi.
"Tarixçi" teleqram kanalım
https://t.me/yadigarsadigli
Yadigar Sadıqlı
Teref. Xocanın Blogu