2023-cü ildə tibb sahəsindəki yeniliklər: İlk göz köçürməsi və ikinci malyariya peyvəndi

1-01-2024, 08:27           
2023-cü ildə tibb sahəsindəki yeniliklər:
2023-cü ildə tibb sahəsində qlobal səhiyyənin inkişafına yol açan araşdırmalara və kəşflərə imza atıldı.

Yeni ilə bir neçə gün qalmış bu il tibb sektorunda baş verən ən önəmli yeniliklərə nəzər saldıq.
İkinci malyariya peyvəndi
Yüz ildən çoxdur davam edən elmi araşdırmaların sonunda nəhayət malyariyaya qarşı daha ucuz başa gələn peyvənd yaradıldı.

Oxford Universiteti tərəfindən təkmilləşdirilən peyvənd malyariyaya qarşı indiyədək mövcud olan ikinci peyvənd oldu.

RTS,S adı verilən ilk peyvənd GlaxoSmithKline (GSK) tərəfindən təkmilləşdirilmişdi.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər iki peyvəndin təsiretmə baxımından “çox bənzər” olduğunu dedi və birinin digərindən daha yaxşı olduğuna dair heç bir sübut tapılmadığını bəyan etdi.

Lakin iki peyvənd arasında ən mühüm fərq Oxford Universitetinin yaratdığı R21 adlı peyvəndin daha çox istehsal edilə bilməsindədir.

Dünyanın ən böyük peyvənd istehsalçısı olan Hindistan Serum İnstitutu ildə 100 milyondan çox doza istehsal etməyə hazır olduğunu və istehsal gücünu ildə 200 milyon dozaya qədər artırmağı planlaşdırdığını açıqladı.

Bugünədək sadəcə 18 milyon doza RTS,S peyvəndi istehsal olunub.

ÜST yeni R21 peyvəndinin “insan həyatını qurtarmaq üçün əlavə imkan” yaradacağı qənaətindədir. Vaksinin dozasını yaratmaq 2-4 dollar arasında dəyişir və bir insanın müalicəsi üçün 4 doza tələb olunur. Bunun qiyməti RTS,S peyvəndindən 2 dəfə ucuzdur.

Ağcaqanad vasitəsilə yayılan xəstəliklər arasında malyariya ən ölümcül olanıdır və yoluxmaların 95 faizi Afrikada baş verir.

2021-ci ildə dünyada 247 milyon malyariyaya yoluxma halı aşkar edilib və onlardan 619 mini həyatını itirib.

İlk göz köçürülməsi
ABŞ-da yüksək gərginlikli naqillərlə işləyən Aaron James səhvən 7200 voltluq elektrik kabelinə toxunduğunda üzünün böyük bir hissəsini itirmişdi.

Bu ilin mayında çox nadir hallarda reallaşdırılan üz nəqli və göz köçürməsi baş tutdu. Əməliyyata 140-dan çox səhiyyə işçisi qatılmışdı.

Nyu Yorkda əməliyyatı aparan həkimlər noyabrda açıqlama verərək, göz və üz köçürülməsindən sonra 46 yaşlı James-in vəziyyətinin yaxşı olduğunu və köçürülən gözün də sağlam olduğunu bildirdilər.

Həkimlər James üzərində əməliyyat apararkən insan gözünün özünü necə müalicə etməyə çalışdığına dair daha əvvəl görülməmiş yeni bir biliyə də imza atdılar.

James-in ona köçürülən yeni gözlə görüb-görməyəcəyi hələlik məlum deyil, lakin həkimlər bunun mümkün olacağını deyirlər.

Sünii intellektlə ürək müayinəsi
Yeni sünii intellekt aləti spirtli içki içmək, siqaret çəkmək, pis qidalanmaq, eləcə də idmanla məşğul olmamağın ürəyi çox tez zamanda qocaltdığını üzə çıxardı.

Sünii intellektin məqsədi qocalmanın qarşısını almağın yollarını tapmaq, iflic və ürək xəstəliklərindən qaynaqlanan tez qocalma riskini azaltmaqdır.

Sistem Tibbi Tədqiqat Şurasının Londondakı Tibbi Elmlər İnstitutunda işləyən professor Declan O’Reganın rəhbərlik etdiyi komanda tərəfindən inkişaf etdirilib.

Professor O’Regan “birinin üzünə baxarkən yaşına görə cavan və ya yaşlı olduğunu anlayırıq. Orqanlarımız da tamamilə eynidir” deyir.

Ürəyin sağlamlıq vəziyyətini ölçməyin bir çox yolu var. Bura rentgendə görüntüləmə, elektrokardioqramma (EKQ) və təzyiq ölçülməsi kimi variantlar daxildir.

Professor O’Reganın sözlərinə görə, sünii intellekt analizləri ilə bir insanın həyatı boyu ürəyinə düşən yükün, yəni ürəyə nələrin təsir etdiyini görmək mümkündür.

Müayinə zamanı sünii intellekt analizindən sonra ürəyin MR görüntüsü də edilir, çünki ürəyin erkən yaşlanmasını göstərən işarələr o qədər kiçik olur ki, bəzən təcrübəli kardioloqlar belə bunu aşkar edə bilmirlər.

Lakin ürək xəstəliyinin müxtəlif fazalarında olmuş 40 min insanın görüntülərinin və sonradan yaşadıqlarının daxil edildiyi sünii intellek cihazı riskləri müəyyənləşdirə bilir.

Sistem MRI cihazının verdiyi 3-ölçülü görüntülərdəki yüzlərlə detalı ən kiçik incəliklərinə kimi araşdırır və sonra nəticəni sağlam həyat sürən və müxtəlif yaşlardakı 5 min insanın məlumatları ilə müqayisə edir.

Professor O’Regan deyir ki, ürəkdəki erkən qocalmanın genlərlə, yoxsa həyat tərzi ilə bağlı olduğu bilinməsə də, genləri araşdıran elm ürəyin qocalma tendensiyasını azaltmağa kömək edir.

“Bu görüntülərlə yeni müalicə metodlarını və ürəyə dəyən zərərin təsirini müəyyənləşdirə bilərik”, - professor əlavə edir.

Üç-ölçülü printer ilə sünii diz
Tibb alimləri diz artritindən əziyyət çəkən xəstələrə kömək edə biləcək üç-ölçülüprinterlə hazırlanan implant diz hazırlayıb.

Fərdi ostektomiya xəstənin diz oynağını qorumaq məqsədilə sümüyün kəsilməsi və ya yenidən düzəldilməsi prosesidir.

İngiltərənin Bath Universitetində işləyən mütəxəsislərin təkmilləşdirdiyi taktika bu cür əməliyyatların daha tez və daha təhlükəsiz həyata keçirilməsi məqsədi daşıyır.

İnkişaf etdirilmiş üç-ölçülü tibia-ostektomiya lövhələri (HTO) xəstənin dizinin yenidən düzəldilməsində istifadə edilən ixtiradır və əvvəlki lövhələrlə müqayisədə, bu lövhələr xəstənin dizini daha güclü edir və insanın daha çox yük götürməyinə imkan verir.

Beyində canlı soxulcan tapıldı
Dünyada ilk dəfə Avstraliyadan olan bir qadının beynindən 8 santimetr uzunluğunda bir soxulcan çıxarıldı.

“Simə oxşayan cism” ötən il Kanberra şəhərindəki xəstəxanaların birində aparılan tibbi əməliyyat zamanı tapılmışdı, lakin əməliyyatla bağlı yekun nəticə bu il ictimaiyyətə açıqlandı.

Əməliyyatı həyata keçirən həkim Hari Priya Bandi “heç gözlədiyimiz bir şey deyildi, hər kəs şok oldu” dedi.

64 yaşlı qadında aylardır davam edən mədə ağrısı, öskürək, gecə tərləməsi kimi simptomlardan sonra, unutqanlıq və depressiya kimi əlamətlər də görülməyə başladı.

Qadın 2021-ci ilin yanvarında xəstəxanaya yerləşdirildi və rentgen müayinəsi zamanı beynin sağ ön hissəsində qızartı göründü.

Lakin bütün bunların səbəbi 2022-ci ilin iyununda həkim Bandinin etdiyi biopsiyadan sonra məlum oldu.

Həkimlərin fikrincə, qırmızı parazit xəstənin beynində 2 ayadək canlı qalıb.

Bunun sürfələrin insan beyninə hücumu və orada inkişafı ilə bağlı dünyada baş verən ilk hadisə olduğu güman edilir. Mütəxəsislər bu nadir hadisəni heyvanlardan insanlara keçən xətəlik və infeksiyaların artan təhlükəsi kimi şərh edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.