“Kredit qalmaqalı”nda 5 milyard müəmması
3-09-2016, 09:19
Maliyyə Nazirliyi Cahangir Hacıyevin 5 milyard mənimsədiyini bəyan edir, rəsmi ittihamda isə məbləğ bundan dəfələrlə az göstərilib
Maliyyə Nazirliyi Beynəlxalq Bankın Idarə Heyətinin keçmiş sədri, kredit qalmaqalına görə həbs olunan Cahangir Hacıyevin maliyyə naziri Samir Şərifov barəsində səsləndirdiyi ittihamlara cavab verib.
Yada salaq ki, Cahangir Hacıyev məhkəmə prosesində 34 faizlik devalvasiyanın günahkarı kimi Samir Şərifovun adını çəkmişdi: “Mən eşidirəm, bilirəm, internetdə də yazırlar, insanlar Elman Rüstəmov haqqında pis-pis sözlər deyirlər, hesab edirlər ki, devalvasiyanın səbəbkarı odur. Amma inanın, onun devalvasiyaya aidiyyəti yoxdur. O, bunun əleyhinə idi. Elə mən də, Vahid Axundov da əleyhinə idik. Bir gecənin içində 34 faizlik devalvasiyanın tək müəllifi Samir Şərifovdur. Devalvasiya olmalı idi, ancaq bu şəkildə yox, tədricən. Bank sistemində kapital artırılmalı, möhkəmləndirilməli, bundan sonra tədricən baş verməli idi. Beynəlxalq Banka əvvəlcədən heç bir xəbər vermədən bu addımı atdılar. Bu qərara görə, bank bir gecədə 130 milyon kapital itirdi. Oradakı menecmentlərin sayəsində aktivlərin dəyişməsindən 7-9 milyon ziyanla çıxdı. Əgər menecmentlərin səyi olmasaydı, ziyan 150 milyon olacaqdı. Hamı bilsin ki, bunun günahkarı Samir Şərifovdur. Mən elə belə demirdim ki, o adam burada oturmalıdır. Inanıram ki, bir gün oturacaq da”.
Bundan başqa, Cahangir Hacıyev Samir Şərifovun dövlətə qarşı fəaliyyətdə ittiham etmişdi.
Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev isə APA-ya açıqlamasında bu ittihamlara cavab olaraq bildirib: “Yeganə olaraq qeyd edə bilərik ki, müttəhim kürsüsündə əyləşən bankın sabiq rəhbərinin həqiqəti əks etdirməyən və hər hansı fakta söykənməyən boğazdan yuxarı ”açıqlamaları” törətdiyi cinayətləri siyasiləşdirmək, ictimaiyyətin diqqətini törətdiyi və bu gün məhkəmə predmeti olan əməllərindən yayındırmaq və mühakiməyə aidiyyəti olmayan məsələlərə yönəltmək məqsədi ilə istifadə edilən ucuz fəndlərdən başqa bir şey deyil. Həmin uğursuz fəndlər və manevrlər də nəticə etibarı ilə məhz özünü ifşaedici xarakter daşıyır.
Belə ki, həmin şəxsin məhkəmə iclasında etiraf etdiyi kimi, qaytarılmayan kreditlərin ayrılması bilavasitə onun şəxsi qərarları və tapşırıqları əsasında həyata keçirilmişdir.
Bu zaman Müşahidə Şurasının müəyyən etdiyi kredit riskləri üzrə limitlər kobud şəkildə pozulmuşdur (limitlər aşdığı təqdirdə Müşahidə Şurasının razılığı olmalı idi). Bir çox hallarda isə kreditlər bankın Idarə Heyətinin sabiq sədrinin ayrı-ayrı xarici ölkələrdə yaradılmış və nəticə etibarı ilə sahibliyi ona məxsus olan müxtəlif ofşor şirkətlərə (Lüksemburqun adını o təsadüfən çəkməyib) ötürülərək banka heç bir fayda gətirməyən layihələrin həyata keçirilməsinə yönəldilmiş və ya nağdlaşdırılaraq mənimsənilmişdir”.
Maliyyə Nazirliyinin rəsmisi qeyd edib ki, 2009-cu ilin oktyabr ayından 2015-ci ilin mart ayınadək Müşahidə Şurasının qərarlarına zidd olaraq 1,5 mln manat limitindən yuxarı məbləğlərdə hüquqi və fiziki şəxslərə ümumilikdə 1,3 milyard manat, 1,4 milyard dollar və 300 milyon avro həcmlərində kreditlər verilmişdir ki, bunların da əksəriyyəti uzun müddət ərzində qaytarılmayaraq problemli və ümidsiz kreditlər qrupuna aid edilib: “Eyni zamanda, bankın sabiq rəhbərliyinin göstərişləri ilə mövcud qanunvericiliyə zidd olaraq 2 minə yaxın halda 3,7 milyard dollar və 1,1 milyard avro vəsait ölkədən çıxarılaraq hər hansı müsbət reputasiyaya və ya kredit reytinqinə malik olmayan, əksəriyyəti ofşorlarda yeni yaradılmış şirkətlərin borc kağızlarının (veksellərin) alınmasına sərf olunmuşdur.
Bu vəsaitlər sonradan çoxpilləli köçürmələr vasitəsilə son benefisiarı və ya benefisiarlardan biri Cahangir Hacıyev olduğu layihələrə yönəldilib, onların əksəriyyəti bu günədək qaytarılmamış qalmaqdadır”.
O ki qaldı Müşahidə Şurasının qərarları ilə rəsmiləşdirilməsinə razılıq verilən kreditlərə, Mais Piriyev deyib ki, bunların sayı 7, ümumilikdə məbləği isə 250 milyon ABŞ dolları və 261 milyon manat təşkil edib ki, bugünkü tarixə qeyd olunan kreditlərin hamısı bağlanıb.
Maliyyə Nazirliyinin açıqlamasında diqqətçəkən məqamlardan biri Cahangir Hacıyevin mənimsədiyi məbləğlə bağlıdır. Bankirə qarşı rəsmi ittihamda onun 211 milyon manat mənimsədiyi göstərilir. Amma Mais Piriyevin açıqlamasında 5 milyarddan söhbət gedir. Bəs rəsmi ittihamda niyə 211 milyon manat göstərilib? Bu sualın cavabı açıq qalır.
Digər tərəfdən, bəlli deyil ki, bütün bunlar baş verən zaman Maliyyə Nazirliyi və Mərkəzi Bank niyə susub?
azadliq.info