Dünyanın ən qəribə maliyyə fırıldağı - 5,5 milyard dollarlıq itki
Bu gün, 12:24

Meksikalı milyarder Ricardo Salinas Pliego 2021-ci ildə bir gün ərzində 5,5 milyard dollar dəyərində sərvətini itirib. Hadisə maliyyə dünyasında nadir görünən bir aldatma sxeminin nəticəsi olub.
Valyuta.az xəbər evrir ki, “Astor Capital Fund” adı ilə təqdim olunan saxta maliyyə qurumu, zənginlikləri ilə tanınan “Astor” və “Mellon” kimi tarixən tanınmış ailə soyadlarından istifadə edərək inam qazandırıb.
Pliego bu hadisə ilə bağlı Wall Street Journal-a verdiyi açıqlamada “özümü tam axmaq kimi hiss edirəm” sözləri ilə yaşadığı zərbəni ifadə edib.
Salinas Pliego, kriptovalyuta bazarında yerləşdirmək üçün 400 milyon dollarlıq kredit axtararkən, bu vəsaitin müqabilində “Grupo Elektra” şirkətinə məxsus səhmləri girov qoymuşdu. Ona təqdim olunan “Astor Capital Fund” adlı qurum etibarlı və prestijli görünmək üçün yalnız adla deyil, həmçinin ofis, rəsmi vebsayt, nümayəndə video zəngləri və sənədli bazalarla inandırıcı sistem qurmuşdu. Bu təmsilçilərdən biri olan “Thomas Astor Mellon” əslində Ukrayna vətəndaşı Alexey Skachkov olub. Fırıldağın arxasında isə əvvəllər 18 milyon dollarlıq Medicare fırıldağına görə ittiham olunmuş Vladimir (Val) Sklarov dayanıb.
Fırıldaqçılar, Pliegonun girov qoyduğu səhmləri razılıq olmadan satışa çıxararaq, bir gün içində “Grupo Elektra”nın bazar dəyərinin 71 faizini siliblər. Bu satışın birbaşa nəticəsində Salinas Pliego 5,5 milyard dollar, şirkət isə əlavə olaraq 4 milyard dollar dəyərində zərərə uğrayıb. Alınan pullar isə sürətlə lüks daşınmaz əmlaklara çevrilib. Fırıldaqçılar New York-da 6,45 milyon dollarlıq penthaus, Virciniyada villa, Fransada şato və Yunanıstanda çoxsaylı daşınmaz əmlaklar alıblar.
Salinas Pliegonun hüquq komandası London ticarət məhkəməsinə müraciət edərək dondurulmuş aktivlərin qaytarılması üçün hüquqi proseslərə başlayıb. ABŞ banklarına sorğu göndərilib və “Astor Capital Fund”la əlaqəli bütün əməliyyatlar araşdırmaya cəlb olunub.
Bu hadisə maliyyə təhlükəsizliyindəki boşluqları və sərvətə əsaslanan kredit sistemlərinin nə qədər zəif tənzimləndiyini bir daha ortaya qoyub. Həm də onu sübut edib ki, fırıldaqçılıq yalnız təcrübəsizləri deyil, milyarderləri də asanlıqla tələyə sala bilər. Bu hekayə sadəcə bir maliyyə fırıldağı deyil, həm də etibarın, simvolların və prestijli adların necə silaha çevrilə biləcəyinin dramatik nümunəsidir.