Boşanmaların artma səbəbləri: Sosial dəyişikliklər ailə institutunu necə sarsıdır?
Bu gün, 11:47

Azərbaycanda ailə institutunun təməli illərdir dəyişən sosial münasibətlər, dəyərlər və həyat tərzi ilə sarsılır. Rəqəmlər göstərir ki, hər il minlərlə ailə rəsmi olaraq boşanır. Boşanma artıq utanc deyil, çıxış yolu kimi görünür. Cəmiyyətin bu sürətli transformasiyası fonunda ailə dəyərləri ilə real həyat tələbləri arasındakı uçurum getdikcə dərinləşir.
“DogruXeber.az” olaraq bu problemin köklərinə enərək, artan boşanmaların arxasında dayanan əsas sosial səbəbləri incələdik.
Əvvəllər ailə qurmaq daha çox ictimai və ailəvi təzyiqlərlə formalaşırdısa, indi şəxsi azadlıq və fərdi xoşbəxtlik faktoru daha önə çıxır. Gənc nəsil evlilikdən əvvəl bir-birini tanımaq, şəxsi sərhədləri qorumaq və özünü tapmaq istəyir. Bütün bunlar isə köhnə nəsil üçün qəbuledilməz kimi görünür. Nəticədə bir çox cütlük ailə içində ziddiyyətli düşüncə tərzləri ilə üz-üzə qalır. Evliliyin əvvəlində hiss olunmayan bu fərqlər zamanla böyüyərək münasibətləri zəhərləyir.
Digər tərəfdən, iqtisadi səbəblər də ailələrin davamlılığını sarsıdan amillərdəndir. Maddi sabitliyin olmaması, işsizlik, kirayə mənzillərdə yaşamaq və sosial təminatsızlıq bir çox gənc ailəni təzyiq altında saxlayır. Ər və arvadın birgə ayaqda qalmaq yerinə, bir-birinə yük olması vəziyyəti yaranır. Bu isə bir çox halda boşanma ilə nəticələnir. “DogruXeber.az” üçün danışan psixoloqlar qeyd edir ki, cütlüklərin bir çoxu evlilikdən gözlədiyi dəstəyi ala bilmədikdə emosional olaraq uzaqlaşmağa başlayır və münasibətlər soyuyur.
Texnologiyanın inkişafı, sosial şəbəkələrin geniş yayılması və virtual münasibətlərin artması da ailə bağlarını zəiflədən digər bir amildir. İnsanlar real münasibətlərdəki problemləri həll etmək əvəzinə, sosial mediada fərqli diqqət mərkəzlərinə yönəlir. Bəzən bu, xəyanətə, bəzən isə duyğusal qopmalara səbəb olur. Ailədaxili ünsiyyətin olmaması, bir-birini dinləməmək və anlaşılmazlıqların həll olunmaması da boşanma qərarını qaçılmaz edir.
Bütün bunlar onu göstərir ki, boşanma sadəcə bir ailənin deyil, bütöv cəmiyyətin problemidir. Təkcə hüquqi və dini baxış bucağı ilə deyil, eyni zamanda sosial və psixoloji aspektlərdən də yanaşmaq vacibdir. Əgər bu mövzuya vaxtında müdaxilə olunmazsa, yaxın gələcəkdə sağlam ailə modeli daha da zəifləyə bilər.