Güclülərin ən təsirli silahı sülhdür
Bu gün, 11:49

Dəyərli oxucuma açıq məktub: Güclülərin ən təsirli silahı sülhdür
Zakir Rüstəmli adlı facebook dostum paylaşdığım Azərbaycan, Türkiyə və Ermənistanın I ledilərinin birgə fotosunun altımda yazır: “Heydər Oğuz bəy bu resmden sonra sülh isteyenleri Ermeni qanından olan adlandıran bir kütle yaranib. Meselem men sülh isteyirəm, ama Ermeni yox Türk oğlu Türkem axi”.
Belə başa düşürəm ki, hörmətli Zakir Rüstəmli bəy cəmiyyətimizdə ermənilərlə sülh şəraitində yaşamağı arzulamayanların varlığından şikayətlənir və biz türklərin doğrudanmı ancaq savaşdan yana olduğumuzu sorğulayır. Sözü çox uzatmadan demək istəyirəm ki, dünyada heç bir ağlı başında olan xalq sülh olan yerdə savaşı tərcih etməyib. Xüsusilə də türklər. Savaşçı xalq olmağımıza baxmayaraq, biz əksər hallarda döyüşməyə məcbur edildiyimiz üçün silaha sarılıb kimliyimizi və mənəvi dəyərlərimizi qorumaq üçün yadelli düşmənlərlə üz-üzə gəlmişik. Bunun ən bariz nümunəsi Qarabağ savaşıdır. Sirr deyil ki, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlində erməni təcavüzünə məruz qalan əliyalın mübarizə aparmağa məcbur olmuş və rusların dəstəklədiyi ermənilər qarşısında məğlub duruma düşmüşdür. Nəticədə öz itirdiklərini geri qaytarmaq uğrunda 30 ildən artıq diplomatik səylər göstərsə də istəyinə nail ola bilməmiş, nəhayət canını sipərə çevirib müqəddəs torpaqları uğrunda savaşmağa qərar vermişdir.
Əslində türklərin tarixinə nəzər salanda zamanın bütün mərhələlərində eyni mənzərə ilə qarşılaşırıq. 7-8-ci əsrlərə aid Orxon-Yenisey abidələri türklərin Çin zülmünə qarşı necə dirəndiklərindən bəhs edir. Və yaxud bizim eradan əvvəl yazılmış Çin qaynaqları da etiraf edirlər ki, Mete xanı onlarla savaşa özləri təhrik etmişlər. Əvvəl atını, sonra qadınını ondan istəmişlər. Çinlilərlə savaşa girmək istəməyən Mete xan bütün bu aşağılayıcı tələblərə göz yumsa da müharibədən yayına bilməmişdir. Çünki güzəştlərə getdikcə, çinlilərin iştahaları da qabarmış sonunda sıra torpaqların ilhaqına gəlincə, Mete xan qılınca sarılmışdır. Və Çini tamamilə məğlubiyyətə uğratdığı halda, ərazilərinə toxunmamış, sadəcə ondan savaş təzminatları istəmişdir.
Türk dövlət gələnəklərinin ortaya çıxmasında böyük əməkləri keçən Mete xanın bu davranışı onun ardıcılları tərəfindən də davam etdirilmişdir. Bu isə Türklərin bineyi-qədimdən sülhə daha çox önəm verdiklərini, zərurət olmadan savaşa girmədiklərini göstərir.
Bütün bunlara baxmayaraq, türklərin dünyanın savaşçı millətlərindən olması da inkar edilə bilməz. Onlar təkcə xarici düşmənləri ilə deyil, bir-birləriylə də savaşmışlar. Beləcə, zəifləyərək indiki acınacaqlı duruma düşmüşlər.
Türklərin sülh istədikləri halda, savaşmağa məcbur olmalarının səbəbləri bunlardır:
1. Pis qonşular. Xüsusilə də dünyanın ən aqressiv imperiyalarının sərhədlərində məskunlaşmaları türkləri at belindən düşməməyə, ox və qılınc gəzdirməyə vadar etmişdi. Vaxtı ilə Çinin və ərəb xilafətinin arasında, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov təbiri ilə desək, buterbroda çevrilən babalarımız məcburən kütləvi köçə başlamış və Orta Asiyadan indi yaşadığımız ərazilərə gəlmişlər. Dolayısıyla Çin təhlükəsindən uzaqlaşmışlar. Amma onları yeni vətənlərində başqa bir təhlükə gözləyirdi – islam və xristian dünyası. Müsəlmanlaşaraq bir təhlükəni zərərsizləşdirib onun parçasına çevrildiyimiz halda, xristianların səlib yürüşlərinin əsas hədəfi olduq. Yüz illər boyu səlib yürüşlərinin qarşısında mətanətlə dayanaraq təkcə özümüzü deyil, bütün İslam dünyasını bu təhlükədən qoruduq. Nə yazıq ki, səlib yürüşləri bu gün də bir başqa kisvə altında davam edir.
2. Ticarət yolları uğrunda savaş
Artıq heç kimə sirr deyil ki, bu günə qədər davam edən ticarət yolları uğrunda savaşlar məhz Türk torpaqlarında gedir. İstər Çin, istər ərəblər, istər farslar, istərsə də Avropa ölkələri məhz bu ərazilərə nəzarət etmək uğrunda bizimlə indiyə qədər savaşırlar. Üstəlik, təkcə qılıncla yox, həm də ideoloji silahları ilə. Bir vaxtlar bu ideoloji silahlar müqəddəsləşdirilmiş dəyərlər idisə, indi onu demokratik dəyərlər əvəz edib. Halbuki, nə müqəddəsləşdirilmiş, nə də demokratik dəyərlər özünün həqiqi möhtəvasını ifadə etməyib. İslam adı altında bizə ərəbçilik, farsçılıq təlqin olunduğu kimi, demokratiya adı altında da ölkəmizin təbii sərvətləri talan edilib.
Yeri gəlmişkən, türklərin 1453-cü ildə İstanbulu fəth etməsinin əsas səbəblərindən biri də əslində ticarət yollarına nəzarətdən qaynaqlanırdı. Təsadüfi deyil ki, bu böyük zəfərdən sonra Avropa ölkələri türk millətinin sahib olduğu əraziləri ələ keçirməyin mümkünsüzlüyünü anlayıb yeni marşrutlar arayışına girdi, Hindistan və Çin əvəzinə indiki Ameriknını kəşf etdi. Beləcə, İpək yolu marşrutu da tədricən bağlandı və Türk dünyası əvvəl iqtisadi, sonra isə hərbi cəhətdən zəiflədi. Nəticədə Qərb qarşısında hərbi üstünlüyünü itirdi və işğallara məruz qaldı.
3. Təbii sərvətlər savaşı
Orta Asiyanın ən şərq ucqarından Avropaya qədər uzanan türk torpaqlarının təbii sərvətlər deposu olduğu məlumdur. Xüsusilə yaşadığımız Azərbaycanın xarici güc mərkəzlərinin masasında olduğunu yəqin ki, bilməyən yoxdur. Yəqin, siz də görmüsünüz ki, dövrdən qalma video-kadrlarda Hitlerin kef məclisi üçün hazırlanan tortda Bakı ən yağlı tikə hesab olunur və kəsilərək fürrerin qarşısına qoyulurdu. «Barbarossa» planı ilə əlaqədar Berqhofda yığılmış müşavirədə Hitler açıq şəkildə bildirirdi ki, Azərbaycanın neft mədənlərini, Bakı rayonunu ələ keçirmək Almaniya üçün həyati əhəmiyyətə malikdir: «Bakının tarixi missiyası böyük Almaniyanın yanacaq çəni rolunu oynamasındadır». Faşist generallarından biri Tülenev yazırdı: «Yanacaq məsələsi həmişə alman ordusunun zəif nöqtələrindən biriydi. Almanlar Bakı neftini ələ keçirsəydilər, döyüş qabiliyyətləri xeyli artacaq, bu da müharibənin gedişinə həlledici təsir göstərəcəkdi. Hitler bir zərbəylə Qroznı və Bakı neft mədənlərini ələ keçirməyə çalışırdı».
4. Köçəri həyat və ordu-xalq faktoru
Sözsüz ki, həyat tərzi də döyüşçülüyə meylli idi. Tarixçilər etiraf edirlər ki, dövlətçiliyin ilk rüşeymləri əmək bölgüsü meydana çıxdıqdan sonra yaranıb. Ovçuluq tədricən köçəri həyata çevrilib və bu sahə ilə uğraşan insanlar dünyanın ilk ordularını formalaşdırıblar. Türklərin bu həyat tərzi onları ən yaxşı döyüşçülərə çevirib. Uzun əsrlər boyu yaxşı ox atma, qılınc oynatma, at çapma vərdişlərinə yiyələnən türklər Orta Asiyadan Çinə qədər bir çox dövlətlərin muzdlu əsgərləri kimi xidmət göstəriblər. Hətta o muzdlu əsgərlər bəzi coğrafiyalarda hakimiyyəti tamamilə ələ keçirib öz dövlətlərini qurublar. Məsələn, 13-cü əsrin ortalarında qurulub 16-cı əsrə qədər özünü qorumağı bacaraq Məmlukilər dövlətin bunun ən bariz örnəyidir.
Qısası, türklər savaşçı millətdir, amma onlar tarixin heç bir anında müharibəni sülhdən üstün tutmayıblar. Əsasən, məcbur qaldıqları halda savaşıblar və bu, onların fateh xalq ünvanı almasına da mane olmayıb. Bu mənada ölkəmizdə sülh istəyənləri ermənidən dönmə adlandıranlar öz tarixini bilməyən insanlardır. Onların arasında yəqin səlib qafalı insanların türkü barbar kimi göstərib şeytanlaşdıranların ideoloji hücumlarından zehni mələkələrini itirənlər də ola bilər. Belə savaş təbliğatlarına inanmayın, sevimli Zakir bəy.
Üstəlik, onu da unutmayın ki, sülh indiki zamanda zəiflərə yox, güclülərə sərf edir. Hətta deyərdim ki, güclülərin ən təsirli silahı sülhdür. Ermənilərlə bizim aramızda sülh yaranarsa, bir neçə 10 ildən sonra Cənubi Qafqazın halını xəyal edin: 10 milyonluq (bəlkə də daha çox) Şimali Azərbaycan, 35-40 milyonluq Cənubi Azərbaycan və ya 85 milyonluq İran, yenə də 85 milyonluq Türkiyə. Üst-üstə toplayanda 140-180 milyondan çox əhalinin yaşadığı coğrafiyanın dərinliyində cəmi 2 milyonluq erməni xalqı. Sizcə, bu durumda bir ovuc erməninin halı necə ola bilər?
Sualıma cavabınızı eşidir kimiyəm: “Yəqin ki, onlar ya zorla bizdən alınıb onlara verilən torpaqlardan çıxıb fransız qardaş-bacılarının evlərinə köçərlər, ya da türklərin içərisində əriyib yox olarlar”. Elədirsə, onlarla savaşıb dəyərli oğullarımızı qurban verməyə dəyərmi?
Heydər Oğuz
TEREF