Behi geri almaq mümkündür?

Bu gün, 12:08           
Behi geri almaq mümkündür?
Ev, obyekt, geyim və s. alarkən bəzən bizdən “beh” istənilir. Lakin bəzən müştəri bir müddət sonra satın almaq fikrindən daşınır və behin geri qaytarılmasını tələb edir. Satıcıların isə bir qismi behi geri ödəmir. Bəs hüquqi baxımdan satıcı behi müştəriyə qaytarmalıdır?

Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Valyuta.az-a açıqlamasında bildirib ki, beh verilməsi zamanı tərəflər arasında razılaşma yolu ilə müqavilə bağlanmalıdır: “Beh öhdəliklərin icrasının təmin edilməsi üsullarından biridir. Onun anlayışı Mülki Məcəllənin 491-ci maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə, razılaşan tərəflərdən birinin digər tərəfə verdiyi pul məbləğidir”.

Hüquqşünasın sözlərinə görə, behin məbləğindən asılı olmayaraq onun haqqında razılaşma yazılı formada bağlanmalıdır. Əgər beh daşınmaz əmlakla bağlı müqaviləyə aid edilirsə, o, notariat qaydasında təsdiq olunmalıdır. Müqavilə üzrə tərəfin ödədiyi məbləğin beh olub-olmadığına şübhə yaranarsa və bunun əksi sübuta yetirilməzsə, həmin ödəniş avans kimi qəbul edilir.

Hüquqşünas R.Əliyev qeyd edir ki, müqavilənin icra edilməməsinin nəticələri Mülki Məcəllənin 492-ci maddəsində təsbit edilib: “Belə ki, əgər öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru