Dağılma təhlükəsində olan abidə: Şirvanşahların yadigarı baxımsız vəziyyətdə VİDEO
Bu gün, 11:48
Baku TV bir çoxlarının bilmədiyi, indiyədək ziyarət etmədiyi tarixi məkan - orta əsrlərə aid Səngəçal karvansarası haqqında reportaj hazırlayıb.
Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin sözlərinə görə, karvansara Azərbaycanın orta əsrlər dövrü tarixini və memarlığını öyrənmək üçün mühüm tarixi obyektlərdən biridir:
"Bunu Şirvanşahlar dövlətinin çiçəklənmə dövrünün ən yaxşı nümunələrindən biri də hesab edə bilərik. Çünki burada gördüyünüz ərəb əlifbası ilə yazılmış kitabə abidənin Şirvanşah I Xəlilullahın dövründə, daha dəqiq desək, 1439-1440-cı illərdə inşa olunduğunu göstərir".
Fariz Xəlilli bildirib ki, hazırda baxımsız vəziyyətdə olan abidədə sovet dövründə bərpa işləri aparılıb:
"Bu, 1950-ci, eləcə də 1980-ci illərə təsadüf edir. XV əsrin memar və mühəndisləri karvansaranı möhtəşəm tiksələr də, XX əsrin memar və mühəndisləri onu çox zəif bərpa etdikləri üçün onların səhvləri nəticəsində abidədə aşınmalar yaranıb. Mən bir mütəxəssis kimi bu abidənin bərpasının deyil, konservasiya olunmasının tərəfdarıyam. Bu, çox böyük vəsait də tələb etmir".