“Turan” restoranında axtarış aparıldı –2 dəvəquşu, 13 nadir tutuquşu aşkar olundu

Bu gün, 11:58           
“Turan” restoranında axtarış aparıldı –2 dəvəquşu, 13 nadir tutuquşu aşkar olundu
2 sentyabr tarixində IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə Sumqayıt şəhərində yerləşən Nəsimi adına mədəniyyət və istirahət parkında fəaliyyət göstərən “Turan” restoranında təcili araşdırma tədbirləri həyata keçirilib.

Birlikdən verilən məlumata görə monitorinq nəticəsində sözügedən iaşə obyektinin ərazisində qanunsuz olaraq 2 dəvəquşu və 13 yaxalıqlı tutuquşunun saxlanıldığı aşkarlanıb.

Həmin heyvanlar Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən ərazidən götürülüb.

Hal-hazırda klinik şəraitdə müayinə və reabilitasiya işləri aparılır.

Qeyd edək ki, əvvəllər Bakı şəhərinin parklarında və yaşıllıqlar mövcud olan digər ərazilərdə çoxsaylı tutuquşu məskunlaşmışdır. Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu növlərin sayı kəskin azalmışdır.

Bir neçə il əvvəl şəhər mühitinə aid olan heyvan növlərinin mühafizəsi istiqamətində aparılan layihələrin tərkib hissəsi olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Urban Ecology” (Şəhər ekologiyası) layihəsi çərçivəsində Bakı şəhərində təbiətə yaxalıqlı tutuquşular buraxılıb. Sumqayıt şəhərində xilas edilən 13 tutuquşunun da eyni qayda ilə tezliklə təbiətə reintroduksiyası nəzərdə tutulur.

Sevindirici haldır ki, son illər ölkədə aparılan geniş yaşıllaşdırma və abadlaşdırma işləri, həmçinin IDEA İctimai Birliyinin töhfələri sayəsində Bakıda qanunsuz ağac kəsilməsi halları azalıb və saysız-hesabsız yeni ağaclar əkilib ki, bu da şəhərimizdə bir çox fauna növlərinin reintroduksiyası üçün münbit şərait yaradır.

IDEA İctimai Birliyi vətəndaşları təbiəti qorumağa bir daha çağırır və vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verilməməsini, bu kimi hallarla rastlaşdıqda, IDEA İctimai Birliyinin 1113 “Təbiətə Təcili Yardım” qaynar xəttinə və ya rəsmi sosial media kanallarına məlumat vermələrini xahiş edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru