Unudulmuş legioner:Ober-leytenant Gəray Mantaşov
5-09-2016, 01:30
1920-ci ilin aprelində Azərbaycan Demokratik Cümhuriyyəti Rusiya tərəfindən işğal edildi. M.Ə. Rəsulzadənin dediyi kimi, artıq bu millət “azadlığın nə olduğunu dadmışdı”. O üzdən işğal faktı ilə razılaşmırdı. Azərbaycanı bütünlüklə işğal etmək, insanları kölələşdirmək üçün on minlərlə azərbaycanlı öldürüldü, sürgün olundu və şikəst edildi. Lakin insanların içindəki azadlıq yanğısı yaşamaqda idi. Minlərlə Azərbaycan oğlu bu yurdun yenidən bağımsızlığa qovuşması üçün mübarizə aparmağa məqam axtarırdı. Belə bir fürsət isə II Cahan Savaşı zamanı meydana gəldi. SSRİ-nin müstəmləkəsi olan ölkələr bu fürsətdən yararlanaraq müxtəlif Komitələr və legionlar yaratdılar. Ölkələrinin yenidən öz azadlığına qovuşması üçün azərbaycanlılar xüsusi fəallıq göstərirdilər.
Görkəmli Azərbaycan tarixçisi Nəsiman Yaqublu “Azərbaycan legionerləri” adlı əsərində yazır: “…həmin dövrdə Almaniyada M. Ə. Rəsulzadənin başçılığı ilə Milli Azərbaycan Komitəsi də yaradılmışdı. M. Ə. Rəsulzadə bu münasibətlə yazırdı: “1943-cü ildir. İkinci Cahan hərbi əsnasında Alman Xariciyyə Nazirliyindən fon Şulenburqin (sonradan Hitlerə yapılan sui-qəsd işi ilə ilgili olaraq edam edilən) dəvəti üzərinə Berlində idim. Milli Azərbaycan Komitəsi təşəkkül etmişdi; bu komitə Milli Azərbaycan davasının əsaslarını alman məqamlarına qəbul etdirmək üzrə fəaliyyətə keçmişdi”. M. Ə. Rəsulzadənin başçılıq etdiyi Milli Azərbaycan Komitəsi bu proqramla mübarizə aparırdı: “Azərbaycanın milli haqlarını qorumaq, vətənin xilası və istiqlalı üçün mübarizə etmək, qafqasiyalı millətlərin dostluqları və siyasətcə bir yerdə yaşamaları üçün çalışmaq və Almaniya ilə sıxı surətdə işbirliyi təmin etmək”. “Milli Azərbaycan Komitəsi”nin yaradılması azərbaycanlıları çox sevindirmişdi. Azərbaycan legionerlərinə başçılıq edənlərdən mayor Ə. Fətəlibəyli Düdənginski M. Ə. Rəsulzadəyə aşağıdakı məzmunda bir məktub göndərmişdi:
“Mərhəba, çox möhtərəm Məhəmməd Əmin! Əziz yurdumuz Azərbaycanın yorulmaz hürriyyət mücahidi olan Sizi cəbhədəki bütün əsgərlərimiz adından salamlayıram. Qəzetimizdə “Milli Azərbaycan Komitəsi”nin təşkil olunduğunu oxudum, bu məni çox sevindirir. Biz, cəbhədəki əsgərlər şübhə etmirik ki, Milli Komitəmizin üzvləri arasında hamımızca sevilən, legionumuzun qurucusu Babayev Beydullah da olacaqdır. Biz irəlidə də millətimizin hürriyyəti… uğrunda fədakaranə bir tərzdə döyüşəcəyiz. Cəbhədəki bütün əsgərlərdən Sizə salam. Sizə xoş səhhətlər dilərəm.
Sizin Ə. Düdənginski Fətəlibəyli” (N.Yaqublu “Azərbaycan legionerləri”, Bakı – 2005)
Həmin dönəmdə sinəsində Azərbaycanın 3 rəngli bayrağını gəzdirən, ölkəsinin azadlığı uğrunda savaşan fəal legionerlərdən biri də Gəray Sultan oğlu Mantaşov idi.
Gəray Sultan oğlu Mantaşov 1913-cü ildə Qax rayonunun İlisu kəndində anadan olub. II Dünya savaşı dönəmində – 1941-ci ilin dekabrında müharibəyə yollanıb. Əsasən Ukrayna ərazisində gedən döyüşlərdə, Krımda və Ukraynanın digər cənub ərazilərində aparılan savaşlarda iştirak edib.
…1942-ci ildə tərkibində döyüşdüyü hərbi birləşmə bütünlüklə mühasirəyə alınır. Mühasirə zamanı sağ qalanların çoxu uzun müddət ərazidə olan şaxtada gizlənir. Aclıq və susuzluğa xeyli müddət davam gətirə bilirlər. Uzun mühasirədən sonra almanlar girişləri partladaraq şaxtada qalanları əsir götürürlər.
Bundan sonra Gəray Mantaşovun əsirlik həyatı başlayır. Bir neçə ay Polşada və Avstriyada əsirlik həyatı yaşayır. Sonradan bir türk zabiti tərəfindən əsirlikdən azad olunur. Bundan sonra Gəray Mantaşovun həyatının yeni mərhələsi başlayır. O, əsir düşərgələrində olan azərbaycanlı və başqa türk əsilli əsirlərlə birgə milli legiona qatılır. Şəxsi qabiliyyəti və keyfiyyətləri hesabına legionda ober-leytenant rütbəsinə qədər yüksəlir. Tabeliyində digər türk ölkələrindən olan əsgərlər də vardı.
Gəray Mantaşov növbəti dəfə sovetlərə əsir düşür
Cexoslovakiya ərazisinin sovet qoşunları tərəfindən azad olunması zamanı o və legioner yoldaşları çox əziyyət çəkməli olurlar. Bu döyüşdə iştirak edən legionların çoxu ya öldürüldü, ya da əsir alındı. Maraqlıdır ki, əsir düşəcəyinin qaçılmaz olduğunu görən milli legionun üzvləri öz geyimlərini dəyişsə də, Gəray Mantaşov sinəsində üç rəngli bayraq nişanı olan milli legionun forması ilə əsir düşməyə üstünlük verir. Sonradan, “Nədən geyimini ölmüş əsgərlərin və ya adi əsirlərin geyimi ilə əvəz etmədin?” – sualına belə cavab vermişdi: “Bu geyim daha yaxşı və keyfiyyətlidir. Üstəlik, bu geyim mənə daha doğmadır”.
Hərbi tribunal və əsirlik həyatı
Praqada legionerlər üçün hərbi tribunal təşkil olunur. Məhkəmə zamanı hər kəsə ölüm hökmü kəsilir. Gəray Mantaşov üçün də qərarın ölüm hökmü olacağı qaçılmaz idi. Legionerlərin hər birinin məhkəməsi cəmi 3-4 dəqiqə çəkirdi. Sonda hər kəs üçün eyni qərar verilirdi: “Ölüm hökmü”! Sorğulama sırası Mantaşova da çatır. Eyni qayda olaraq onun üçün də məhkəmənin müddəti cəmi 3 dəqiqə olur. Sonda ondan da digərlərində olduğu kimi simvolik olaraq son arzusunu soruşurlar. Cavab tam fərqli olur və hər kəsi xeyli dərəcədə təəccübləndirir: "Xahiş edirəm, məni güllələyərkən, alnımdan nişan alın!"
Hakimlər bir-birinin üzünə baxır. Aralarında pıçıltı ilə məsləhətləşib, qərarlarını elan edirlər. Gəray Mantaşovun güllələnmə cəzası 10 il Sibirə sürgün olunmaqla əvəzlənir. Görünür, güllə qarşısında belə qürurunu itirməyən bu türk oğlunu sürgünə göndərməklə sındırmaq, qürurunu qırmaq istəmişdilər. Beləcə, 1945-ci ildə Gərayın 10 illik sürgün həyatı başlayır. Sürgündə əsirlərə dəhşətli əziyyətlər verirlər. Əsirlər bütün günü fasiləsiz olaraq meşədə ağac kəsir və kömür mədənlərində çalışır.
Günlərin bir günü şaxtada çalışarkən onun həyatında növbəti bədbəxtlik baş verir. Şaxtada uçqun baş verir və xeyli sayda əsir uçqunun altında qalır. Gəray Mantaşov hərəkət qabiliyyətini itirir və uzunmüddətli yataq həyatı başlayır. Gəray tam ümidsiz bir vəziyyətdə idi və bir daha ayağa qalxacağına ümidi yox idi. O üzdən həkimlərin məsləhətlərinə də əməl etmirdi. Lakin əsirlikdə olan bir həkim onun bu durumdan çıxmasına və gələcəkdə ayağa qalxmasına səbəb olur. Həkim ona ömürlük şikəst olan, hərəkət qabiliyyətini tam itirən bir xəstə göstərir. Bu xəstə daha öncəki uçqun zamanı ciddi zədə almış və ömürlük şikəst olmuşdu. Gəraya anladır ki, sən də məhz belə ola bilərsən. Həkim daha sonra bu mənzərədən dəhşətə gələn Gəraya “lakin çıxış yolu var, əyər dediklərimə əməl etsən, gələcəkdə tam sağalıb ayağa qalxacaqsan” – deyir. Bundan sonra o, həkimin dediklərinə əməl etməyi qərara alır. Çox böyük iradə nümayiş etdirərək aylarla xəstəliyə, şikəstliyə qarşı mübarizə aparır və sonda yenidən ayağa qalxmağı bacarır. Əsirlik həyatı 1954-cü ilə qədər davam edir.
Əsirlikdən sonra
1953-cü ildə “Xalqlar atası” Stalin ölür. Bundan sonra ölkənin siyasi-ictimai həyatında yeni proseslər başlayır. 1954-cü ilin yayında ümumi amnistiya elan olunur. Bu amnistiya nəticəsində Gəray vaxtından bir il əvvəl azad olunur. Sibirin 9 illik əsirlik həyatından sonra o, ilk olaraq Bakıya gəlir. Burada qardaşı Mantaşov Mantaşı tapır. Mantaş o zaman Lenin adına APİ-nin (indiki ADPU) tarix fakultəsində təhsil alırdı. Öncə müharibə, daha sonra isə sürgün nəticəsində Gəray Mantaşov 14 il el-obasından və doğmalarından ayrı düşmüşdü. 14 illik ayrılıqdan sonra 2 qardaşın bir-biri ilə görüşünü həmin vaxt tələbə olan Qax rayon sakini, tarix müəllimi Aşurov Abdurrəhman bu gün də yaşı xatırlayır və bu görüşün unudulmaz tarixi görüş olduğunu indi də həyəcan içində nəql edir.
Gəray Mantaşov İlisu kəndinə gələndə gördüklərindən və eşitdiklərindən dəhşətə gəlir. O, Sibirdə sürgündə olarkən, burada onun ailəsinə və doğmalarına çox böyük əziyyətlər vermişdilər. Ailəsinə aid olan ev əşyalarını müsadirə etmişdilər, ailəsi və yaxınları sürəkli təqib olunmuşdu.
Gəray müharibədən əvvəl kolxozda çalışmışdı. Sürgün həyatından sonra onu yenidən kolxozda işə götürürlər.
Müharibə və sürgün həyatı, Almaniyada olduğu illər onun üçün əzablı ömür yolu olmaqla bərabər, həm də zəngin təcrübə məktəbi olmuşdu. Sürgündə inşaat işləri ilə bağlı öyrəndiklərini kəndlərində tikilməyə başlayan obyektlərdə tətbiq etməyə başlayır. Həmin dönəmdə İlisuda tikilən uşaq sanatoriyası və kənd xəstəxanasında o, əsl inşaat mühəndisi kimi məsləhətlər verir, tikinti onun məsləhət gördüyü proyekt əsasında aparılırdı.
Sürgündən sonra ailə həyatı quran Gəray Mantaşovun 3 oğlu və 1 qızı olur. Qəhrəman legioner 1982-ci ildə dünyasını dəyişir və İlisu kənd qəbiristanlığında dəfn edilir.
Təəssüflər olsun ki, onun zəngin və igidliklə dolu döyüş yolu barədə, bağımsız Azərbaycanla bağlı istək və arzuları haqqında bilgilər olduqca azdır. Onunla bağlı yalnız 2 gərəkli rəsmi sənəd əldə edə bildik. Hər 2 sənəd onun əsirlik həyatını yenicə başa vurduğu 1954-cü ilə aiddir. Onlardan biri ərizədir. Mantaşov əsirlik həyatının başa çatması ilə əlaqədar ona yeni pasportun verilməsini xahiş edir. İkinci sənəd isə 1954-cü ilin oktyabrında onun adına verilmiş “Xasiyyətnamə”dir. Güman ki, bu “Xasiyyətnamə” ona yenidən əmək fəaliyyətinə başlaması üçün verilmişdir. “Xasiyyatnamə”də o, müsbət xarakterizə olunur, əsirlikdə olarkən daima öz üzərində çalışdığı, ədəbiyyat oxuyaraq biliklərini genişləndirməyə çalışması və nümunəvi davranışı ilə fərqləndiyi vurğulanır.
İlisuda Gəray Mantaşov haqqında araşdırma apararkən, onun nəvəsi, ara-sıra mətbuatda araşdırma yazılarla çıxış edən dəyərli ziyalı Namik Mantaşovla da görüşdük. Qəhrəman legionerlərimizdən olan Gəray Mantaşov haqqında bilgilərin nədən az olması ilə maraqlandıq. Namik Mantaşov bunun sovet dönəminin özünəməxsus siyasəti ilə bağlı olduğunu dedi. Belə ki, həmin dönəmdə Azərbaycanın bağımsılığından danışmaq yasaq olduğu kimi, keçmişində Azərbaycanın azadlığı uğrunda savaşmış birinin öz istəklərini dilə gətirməsi yasaq idi. Üstəlik, Gəray Mantaşov ömrü boyu gizli təqib olunduğu üçün Rəsulzadə və Düdənginski ilə bağlı xatirələrini, legioner kimi savaşlarını və bu gün çox mühüm ola biləcək bilgilərini hər kəsdən gizləmişdi. Beləcə, o, dünyasını dəyişərkən həm də özü ilə zəngin bir xəzinə aparmışdı.
Lakin ümid edirik ki, gələcəkdə kimsə Gəray Mantaşovun həyat yolunu yenidən araşdırmaya cəlb edəcək və bu qəhrəman legioner haqqında gizli qalan bir çox məqamların üzə çıxarılmasını təmin edəcək.
Namiq Hacıheydərli
Strateq.az