Yeni gömrük rüsumları əhalidə çaşqınlıq yaradıb- bolluq, yoxsa bahalaşma?

4-10-2016, 10:27           
Yeni gömrük rüsumları əhalidə çaşqınlıq yaradıb- bolluq, yoxsa bahalaşma?
İqtisadçı ekspertlərin hökumətin qərarına baxışı fərqlidir
Nazirlər Kabineti (NK) tərəfindən Azərbaycana idxal edilən məhsulların gömrük idxal rüsumları müəyyənləşdirilib. Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1 kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.

Gömrük rüsumlarının artmasından sonra əhali sözügedən məhsulların bahalaşacağından narahatdır. Ekspertlər də hesab edir ki, daxili bazarı qorumaq adı altında atılmış bu addım əslində bahalaşmaya səbəb olacaq. Ancaq gömrük rüsumun artırılmasının daxili istehsalın artmasına şərait yaratdığını düşünənlər də var.

“Yeni Müsavat”a açıqlamasında bu məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov qərarın mühüm əhəmiyyətinin olduğunu vurğuladı: “Bunda əsas məqsədlərdən biri monopoliyanı sıxışdırmaqdır. Çünki xaricdən gətirilən məhsullar monopoliyadadır. Hər insan gedib o məhsulları xaricdən alıb gətirə bilmir. İstər spirtli içkilər, istər ət məhsulları, istərsə də meyvə-tərəvəz idxalı monopoliyadadır. Bu qərar həmin monopolistlərə zərbədir. Digər tərəfdən də bu dəyişiklik sözügedən məhsulların istehsalının artmasına şərait yaradacaq. Tələbat olarsa, istehsal da artacaq”.

Bahalaşma məsələsinə gəlincə, deputat bildirdi ki, bu istisna deyil: “Bəli, bahalaşma ola bilər və bunu heç kim inkar etmir. Ancaq bu müəyyən müddət olacaq. Bunun olmaması üçün İqtisadi İnkişaf Nazirliyinin xüsusi departamenti var, o departament işləməli və gecə-gündüz nəzarət etməlidir ki, qiymət artımı olmasın, bazarda defisit yaranmasın. Əlbəttə monopolistlər çalışacaqlar ki, bazarda defisit yaransın və qiymət artsın, yenidən köhnə qaydaya qayıdılsın, əvvəlki rüsumlar bərpa edilsin. Ancaq buna getmək olmaz. Çünki bu addımı Azərbaycan dövlət başçısı atıbsa, əsas məqsəd ölkədə sahibkarlığın, fermer təsərrüfatının inkişafı ilə əlaqədardır. Ona görə də, İqtisadi İnkişaf Nazirliyi çox ciddi addımlar atmalıdır. Çalışmaq lazımdır ki, qiymətlər obyektiv olsun”.

Bu məhsullar siyahısında elələri var ki, ölkədə istehsal olunmur. Məsələn, xurma demək olar ki, bütünlüklə xaricdən gətirilir. Bəs, həmin məhsullara tətbiq olunan gömrük rüsumun artırılmasında səbəb nədir?

Vahid Əhmədov bildirdi ki, həmin məhsullar gündəlik tələbat məhsulu deyil və geniş istehlak olunmur: “Onu alan insanlar baha da olsa alacaqlar. Əsas məhsullar ət məhsulları və meyvə-tərəvəz məhsullarıdır. Onlar ölkədə kifayət qədər istehsal olunur. Bu qərarın əhəmiyyəti çox böyükdür və biz onu düzgün şəkildə tətbiq edə bilsək bir neçə ilə çox böyük nəticələr əldə etmək mümkün olacaq və Azərbaycan həmin məhsullar üzrə öz tələbatını yüz faiz ödəyə biləcək”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə dedi ki, ilk baxışdan bu qərarın məntiqi daxili istehsalçının qorunması, daxili istehsalın stimullaşdırılması kimi yozula bilər: “Sadəcə, bu tipli qərarları verməzdən öncə daxili istehsalın və tələbatın hesablanması vacib idi. Daxili istehsalın nə dərəcədə tələbatı ödəyə biləcəyinə dair konkret rəqəmlər səsləndirilməli idi. Hökumət tərəfindən belə bir hesabatın ortaya qoyulması, insanların bilgiləndirilməsi baş verməyib. Biz bu gün də bilmirik ki, gömrük rüsumu artırılan məhsullara Azərbaycanın illik tələbatı nə qədərdir və daxili tələbatı ödəmək üçün nə qədər yerli istehsalımız var. Bunu öyrənmədən, yerli istehsalın ayaqda durmasını təmin etmədən, onlara ciddi dəstək vermədən birdən-birə ancaq gömrük tariflərinin artırılması yolu ilə yerli istehsalçıların dəstəklənməsi doğru addım deyil. Niyyət yaxşı olsa belə, yerli istehsalın kəskin şəkildə artması üçün illərlə zaman lazımdır. Belə olan halda həmin zaman kəsiyində xaricdən gətirilən malların qiymətinin artması birbaşa istehlakçılara zərbə olacaq. Azərbaycan praktikasından çıxış edərək demək olar ki, yerli istehsalçılar da xaricdən gətirilən məhsulların qiymətinin artdığını görüb öz məhsullarının da qiymətini artıracaqlar. Çünki yerli istehsalçıların qiymətləri artırmasının qarşısındakı yeganə əngəl xarici məhsullarla olan rəqabət idi. Qanunla qiymətlərin artırılmasına heç bir qadağa yoxdur. Azərbaycanda əgər formal da olsa bazar iqtisadiyyatı qanunları fəaliyyət göstərirsə, yerli istehsalçılar ilk növbədə bununla bağlı müəyyən addımlar atdıqda məhz öz məhsullarının qiymətini qaldırmağı düşünəcəklər. Bu isə birbaşa istehlakçının cibinə ziyan vuracaq”.

İqtisadçı bu qərarın daha çox istehsal sektorundakı monopolist şirkətlərə faydalı olacağını bildirdi: “Azərbaycanda broyler məhsulları, meyvə şirələri və sair məhsulları istehsalı ilə bağlı fəaliyyət göstərən şirkətlərin sayının azlığını və kimlərə məxsus olduğunu nəzərə alsaq görərik ki, bu qərar bir qrup insanın mənafeyinə daha çox xidmət göstərir, nəinki istehlakçının mənafeyinə.

Məntiqlə yerli istehsalın artırılması, stimullaşdırılması üçün bu kimi addımların atılması məqbuldur. Sadəcə, bunun üçün yerli istehsalın lazımi səviyyəyə çatdırılması lazım idi. Bu qərarın bazarlar ilkin təsiri kimi biz qiymətlərin artmasını müşahidə edəcəyik. Rəsmi rəqəmləri götürsək, qoyun əti, mal əti və yumurta ilə bağlı yerli istehsal tələbatın 90 faizdən çoxunu ödəmək gücündədir. Toyuq ətində göstərici daha aşağı səviyyədədir. Meyvə-tərəvəzdə isə mövsümə bağlıdır. Mövsümlə bağlı meyvə-tərəvəz istehsalı yerli tələbatı ödəsə də, qış aylarında bunu müşahidə etmirik. Digər tərəfdən daxili tələbat yerli istehsala yönəldiyindən Azərbaycan məhsulları xarici bazarlarda yetərincə təmsil oluna bilməyəcək. Yerli istehsalçıları daxildə qiymətlərin artmasını nəzərə alıb, yol xərclərini və riskləri hesablayaraq məhsulları daxildə satmağa üstünlük verəcəklər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.