“Sovetski”nin növbəti köçürülmə planı: Evlərə görə nə qədər pul ödəniləcək?
5-10-2016, 21:11
"2014-cü ilin əvvəlindən Bakı şəhərinin Baş Planına uyğun olaraq, Yasamal rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, eləcə də yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə "Sovetski" adlandırdığımız ərazidən köçürülmə tədbirlərinə başlanılıb. Bu müddət ərzində 3827 yaşayış və qeyri-yaşayış sahəsi bu ərazidən artıq köçürülüb".
Bu açıqlamanı APA TV-yə Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov deyib.
İcra hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri olan Səməd İslamov bildirib ki, indiyədək boşaldılmış 26 hektar ərazinin 90 faizinin yaşıllıq sahəsi olması nəzərdə tutulub: "Bu ilin avqustun 4-də ölkə başçısı cənab İlham Əliyev "Sovetski" adlandırdığımız ərazidə yeni yol infrastrukturunun təməlini qoyub. Həmin ərazidə ümumilikdə 26 hektar ərazi boşaldılıb. Boşaldılmış ərazinin 23 hektarında yaşıllıq sahələri, 3 hektarında isə yeni yolların salınması nəzərdə tutulub. Ümumilikdə həmin ərazidə 6,1 km uzunluğunda yolların yenidən qurulması planlaşdırılıb. Bu iş "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçiriləcək" .
Səməd İslamovun sözlərinə görə, "Sovetski"nin köçürülməsində fasilə yarandığı barədə fikirlər yanlışdır və proses mərhələli şəkildə davam etdirilir: "Köçürmə Komissiyası əvvəlki qaydada bu ərazidə yaşayan və evlərini satmaq arzusunda olan sakinləri hər həftənin ikinci və beşinci günləri qəbul edir. Satınalmaları həyata keçiririk. Yeni ərazinin köçürülməsi ilə əlaqədar görüləcək işləri üç mərhələyə bölmüşük. Bu üç mərhələ ümumilikdə 2060 yaşayış və qeyri-yaşayış sahəsini əhatə edir. Söhbət 17 hektar ərazidən söhbət gedir. Birinci mərhələdə "Nizami" metrosunun arxasından "Nərimanov" prospektinə qədər, Balababa Məcidov, Fuad İbrahimbəyov küçələri və Nərimanov prospektinə düşən ərazinin köçürülməsi nəzərdə tutulur. İkinci mərhələdə isə Nərimanov prospektindən yuxarı, İsmayıl Qutqaşınlı küçəsinə qədər olan hissə köçürüləcək. Üçüncü mərhələni isə şərti olaraq "Təzə Pir" mərhələsi adlandırırıq. Bu mərhələdə köçürülmə Murtuza Muxtarov və Nərimanov prospektini, Süleyman Tağızadə küçələrinədək olan ərazini əhatə edir".
Komissiya sədri əlavə edib ki, sözügedən ərazidəki mənzillərin artıq 90 faizinin tam invertarlaşdırma, ölçü və qiymətləndirmə işləri aparılıb: "Qarşıdakı mərhələdə vəsait ayrıldıqdan sonra bu insanların köçürülməsinə başlamağa hazırlaşırıq. Ümumilikdə isə görüləcək işlər bu üç mərhələdən ibarətdir. Gələcəkdə isə bundan əlavə 4600 mənzilin köçürülməsi məsələsi gündəmdədir. Burada isə söhbət 36 hektar ərazidən gedir. Bu ərazi ümumilikdə Səbail rayonu ilə sərhədimizdə, yəni Nizami küçəsi ərazisində yerləşir. Buradan başlayaraq Nərimanov prospektinə qədər ərazinin köçürülməsi nəzərdə tutulur".
Mənzillərin qiymətləndirilməsi məsələsinə gəldikdə Səməd İslamov qeyd edib ki, qiymətləndirmə prosesi aparılan monitorinqlərdən sonra müəyyənləşdirilir: "Hələ söküntü işlərinə başlamazdan əvvəl monitorinq apardıq. Notarial kontorlara sorğular verdik. Altı ayın nəticələrini götürdük və gördük ki, ümumiyyətlə " Sovetski" dediyimiz ərazidə kvadratmetri 1000 manatdan artıq heç bir mənzil satılmayıb. Son altı ayın göstəriciləri belədir. 1500 manat söhbəti isə bundan sonra müəyyənləşdirilib. Real qiymət 1000 manat olsa da, ölkə rəhbərliyi hər kvadratmetrə 1500 manat qiymət qoyulmasına icazə verdi. Bizim "Azərekspert" müstəqil təşkilatı ilə müqaviləmiz var. Onlar mütəmadi olaraq öz hüquqşünasları, qiymətləndiriciləri ilə monitorinq aparırlar. Manatın dollar qarşısında dəyər itirməsindən sonra Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər artmayıb. Əksinə düşüb. Ötən araşdırmalardan sonra da məlum olub ki, mənzillərin qiyməti 25% faiz ucuzlaşıb. Bizim ərazimizdə, yəni söhbət Yasamal rayonundan gedirsə, hətta hündürmərtəbəli binada təmirli evlərin 1 kvadratmetrini 1200-1300 manata almaq mümkündür".
Səməd İslamov deyir ki, mənzil sahəsi az olan sakinlər isə onlara verilən vəsaitə ev ala bilmir: "Sakin 20-30 kvadratmetrə görə aldığı vəsaitə burada 1-2 otaqlı mənzillər ala bilmir. Çünki bir otaqlı mənzilin sahəsi 70-80 kvadratmetrdir. Ona görə də uyğun mənzillər axtarmalıdırlar”.
Komissiya sədri qeyd edib ki, köçürülmə prosesində yaşanan ən mühüm problem qeydiyyatda olan insanların çıxarılması ilə əlaqədardır: "Əvvəllər belə söhbətlər gəzirdi ki, guya qiymətləndirmə mənzildə qeydiyyatı olan insanların sayına görə təyin ediləcək. Mülk sahibləri də xeyli sayda insanları, qohum və yaxınlarını öz mənzillərinə qeydiyyata salmışdılar. Bu gün isə həmin mülk sahibləri qeydiyyat problemlərinə görə əziyyət çəkirlər. Çünki 20 kvadratmetr mənzildə 30 nəfər qeydiyyatdadır. Heç onların yerləri də məlum deyil və onlar artıq mənzil sahiblərinə qarşı iddialarla çıxış edirlər ki, bizə də vəsait ödənilsin. Vətəndaş köçmək istəyir, amma bugünkü qanunvericiliklə qeydiyyatda olan insanların hamısı alqı-satqı prosesinə razılıq imzası verməlidir. Bu isə artıq müşkülə çevrilib. Bu məsələ ilə bağlı komissiyamızın tərkibində hüquqi yardım qrupu da fəaliyyət göstərir. Hüquqi baxımdan məsələ araşdırıldıqdan sonra sakinlər alqı-satqı edə bilirlər".