Çovdarov “Lotu Quli”dən kimi öldürməyi istəyib? – Sensasion iddialar

5-10-2016, 21:47           
Çovdarov “Lotu Quli”dən kimi öldürməyi istəyib? – Sensasion iddialar
MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovun hər gün bir cinayətinin üstü açılır.

Həbsdə olan general barəsində sensasiya doğuracaq yeni məlumatlar əldə etmişik. Bu informasiyalar həm də bir sıra qaranlıqlara işıq salacaq.

"Lotu Quli”: "Jurnalist öldürmərəm”

Verilən məlumata görə, A.Çovdarovun "lotu Quli” kimi tanınan məşhur kriminal avtoritet Nadir Səlifovla münasibətləri olub.

Bu əlaqələri yaxınlaşdıran səbəb Çovdarovla "lotu Quli”nin gürcüstanlı olmasıdır. 2005-ci ilə kimi həmyerlilərin arasında hər hansı problem yaşanmayıb. Hər şey "Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən sonra dəyişir.

İddialara görə, MTN generalı "lotu Quli”yə jurnalistin aradan götürülməsi üçün öz killerlərini hərəkətə keçirməyi təklif edir.

Ancaq N.Səlifov A.Çovdarovun təklifini rədd edir və generalın nəzərinə çatdırır ki, o, heç vaxt jurnalist öldürməz, arzularını başqa yerdə axtarsın.

Məlumatlara görə, "lotu Quli”nin general həmyerlisinin istəyinə arxa çevirməsi onların münasibətlərinə təsir edir.

Hətta bəzi iddialara görə, "qanuni oğru”nun indiyə qədər həbsdə saxlanmasının səbəbkarı da Çovdarov olub.

O, imkan verməyib ki Səlifov azadlığa çıxsın və qondarma ittihamla yeni cinayət işi açılıb. Xatırladaq ki, "lotu Quli” zorlamada ittiham edilib.

Heydər Əliyevin mühafizəçisi nə demişdi?

Onunla birlikdə mərhum prezident Heydər Əliyevin mühafizəçisi olmuş, Nizami Rayon Polis İdarəsi 23-cü polis bölməsinin sabiq rəisi Müşfiq Mədətov, güləş üzrə dünya çempionu Fariz Məmmədova eyni ittihamla üzləşib.

Lakin qadınlar onların üzünə durmayıb. Azadlığa çıxandan sonra M.Mədətov özü də ermənipərəst jurnalist Eynulla Fətullayevə müsahibəsində demişdi ki, Elmar Hüseynovun qətlini onların üstünə yıxmaq istəyiblər, alınmayıb.

Sitat: Elmar Hüseynov öldürüləndən sonra məlum oldu ki, Cahangir Hacıyevin həyat yoldaşını martın 10-da Hacı Məmmədovun dəstəsi oğurlayıbmış. Sonra bizə dedilər ki, artıq məsələ həll olunub, siz də gedirsiniz evinizə.

Həbsdən çıxmağıma 9 gün qalırdı. İyunun 1-də bizi istintaqa apardılar. Ayın 10-da vaxtım tamam olurdu. Amma işimi uzatdılar.

Biz 7 nəfərə dedilər ki, sizi gətirib saxladıq deyə məcbur olub zorlama ittihamı veririk. Dediklərini elədilər, amma heç nəyi sübuta yetirə bilmədilər.

Mənə əlavə 13 il iş verdilər. Məndən nə istintaqda, nə məhkəmədə ifadə almayıblar. Məhkəməyə də çıxmamışam”.

Generalla avtoritetin bir vəkili…

Başqa bir maraqlı məqam Çovdarovla "lotu Quli”nin vəkilinin eyni adam olmasıdır.

Vəkil Kamandar Nəsibov hər iki gürcüstanlının hüquqlarını müdafiə edir. Ancaq indi Çovdarovla Səlifovun əlaqələrinin nə yerdə olduğu bəlli deyil.

Onu da xatırlatmaq yerinə düşər ki, A.Çovdarovun E.Hüseynovun qətlinin təşkilatçısı olduğunu 2010-cu ilin yayında o zaman həbsdə olan jurnalist Eynulla Fətullayev gündəmə gətirib.

O, mətbuata müraciətində qətlin A.Çovdarov tərəfindən təşkil olunduğunu bildirmişdi. Jurnalistin həbsxanadan media orqanlarına göndərdiyi məktubda deyilirdi ki, Akif Çovdarov öz rəhbərliyinin tapşırığı ilə bu və digər qətllərin həyata keçirilməsi ilə məşğul olub.

Onu da deyək ki, E.Fətullayev hüquq müdafiəçisi fəaliyyəti ilə məşğul olanda "lotu Quli” ilə də görüşmüşdü.

Təsadüfi deyil ki, Elmar Hüseynovun qətlində icraçı kimi 5 Gürcüstan vətəndaşının adı keçir. Bunlar Gürcüstan vətəndaşları Tahir Xubanov, Teymuraz Əliyev, Arçil Kasiya, Nuqzar Bolkvadze və Serqo Davrişovdur.

Onların şəxsiyyəti, qətldən əvvəl qaldıqları ev, Azərbaycana qətl törədilən il yanvar və fevral ayında bir neçə dəfə gəlib-getmələri bilinir.

Onlar sonuncu dəfə Azərbaycanı 2005-ci il mart ayının 3-də səhər saat 8:24-də (Elmar Hüseynov qətlə yetirildiyi gecənin səhəri) tərk ediblər. Qətl işi isə bu gün də açılmamış hesab olunur.(24saat.org)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.