Erməni musiqiçisindən sensasion açıqlamalar

7-10-2016, 00:15           
Erməni musiqiçisindən sensasion açıqlamalar
Filipp Ekozyans: “Erməni və azərbaycanlıların tarixi yaddaşı qurtuluş üçün şansdır”

(Erməni əsilli ukraynalı musiqiçi və aktyor Turan agentliyinə müsahibəsində iki xalqın qarşılıqlı münasibətlərindəki problemlərdən və regionda tarixi proseslərdən danışır)


Sual: “Kimdir günahkar?” sualı müzakirə olunanda Qarabağ münaqişəsi haqda söhbətə ənənəvi yanaşmadan bir qədər kənara çəkilmək istərdik.

Sizinlə danışmaq ideyası prezident Ərdoğana müraciətinizlə tanışlıqdan sonra ortaya çıxdı. Siz demisiniz ki, erməniləri və türkləri birləşdirən çox şeylər var və onların münasibətləri xarici qüvvələr tərəfindən süni şəkildə pozulub.

Bu mövqedən çıxış edərək yüz illərlə dinc yaşayan ermənilərlə azərbaycanlılar arasında qarşılıqlı münasibətlərə dair sual vermək istəyirik. Qanlı toqquşmalar 20-ci əsrin əvvəlində başladı, 80-ci illərin sonlarında ən gərgin həddə çatdı. Səbəb nədir və yenə də xarici qüvvə vardımı?

Cavab: Bu gün biz məlum tarixin necə dağıldığını, onun yerində yenisinin yarandığını açıq şəkildə görürük. Yeni tarixə qiymət verməyəcəm. Ancaq bir şeyi qeyd edim: həm yeni, həm də köhnə tarixi insanlar yazıb, insanlar isə mükəmməl deyil. Həqiqəti axtarmaqdan başqa cox zaman onların motivləri öz ambisiyaları, siyasi üstünlükləri və xəyanət, mənasız səhvlər, yalnışlıqlar olur. Hüququn tarixi əsaslandırılması çox çətin və zəhmətə dəyməyən işdir. Və ilk növbədə mümkünsüz işdir.

Bəli, mən əminəm ki, bu gün özlərini türk, erməni və azərbaycanlı adlandıran xalqlar yüz illər ərzində sülh və barış içində yaşayıblar. 20-i əsrin əvvəlində nələrin baş verdiyi bizə olduğu kimi məlumdur. Ancaq xarici qüvvələrin bizim dinc həyatımıza müdaxilə edərək onu pozmasını göstərən çoxlu faktlar var. Onlar bunu özlərinin bizim xalqların nümayəndələrindən ibarət agentləri, sadə dillə desək, xəyanətkarların əli ilə ediblər. Ola bilsin ki, xəyanətkarlar arasında elələri olub ki, nə etdiyini bilməyib. Ancaq bu, onların fəaliyyətinin səbəb olduğu dəhşətli nəticəni dəyişmir.

Onu demək yetərlidir ki, Böyük Osmanlı İmperiyasında millətlərarası ədavəti qızışdıran kitablar və broşüraların nəşr edildiyi mətbəələr Parisdə yerləşirdi və materiallar çox vaxt əvvəlcə fransız dilində çıxırdı, sonradan türk və erməni dillərinə tərcümə edilərək imperiya ərazisinə yayılırdı. Onların müəllifləri – türk və erməni əsilli insanlar isə orada daimi yaşayırdılar. Yaxın vaxtlarda mən İnternetdə 19-cu əsrin ortalarına aid bu hadisələr haqda böyük və əhatəli iş yerləşdirmək istəyirəm. Orada faktlar olacaq. Çoxlu fatklar. O cümlədən ehtimal ki, 20-ci əsrin əvvəlində erməni faciəsinin əsas günahkarı olan erməni masonları haqda da.

Münaqişələrdə xarici qüvvələrin iştirakı və roluna nümunə kimi vətəndaşı olduğum Ukraynanı göstərmək istəyirəm.

Bu gün ukraynalılar və ruslar arasında uçurum süni şəkildə dərinləşir və bunda əsas rolu kütləvi informasiya vasitələri oynayır. Əgər bu KİV-lərin sahiblərinin kimlər olduğuna baxsanız görərsiniz ki, onların çoxu Ukrayna vətəndaşı deyil.

Kütləvi informasiya vasitəsilə Ukrayna xalqına yeridilir ki, Ukrayna xalqının rus xalqı ilə elə bir ümumi tarixi yoxdur ki, onu xatırlamağa və qürur duymağa dəysin; Kiyev Rusiyasının legitim varisləri ruslar yox, məhz ukraynalılardır; ruslar tatar və monqolların qarışığından əmələ gələn əyyaşlardır.

Halbuki, keçmiş hadisələrin önəmindən asılı olmayaraq, ukraynalılar və ruslar etnik baxımdan o qədər yaxındır ki, çoxları onları bir xalq hesab edir. Ancaq belə davam edərsə, yüz-iki yüz ildən sonra biz həqiqətən iki tamamilə müxtəlif və bir–birinə qarşı düşmən əhval-ruhiyyəsində köklənmiş xalqla üz-üzə qalacağıq.

Bizim məsələ ilə analogiya apararaq özünüzə sual verin və maraqlanın: türklər, ermənilər və azərbaycanlılar üçün tarixi kim və harada yazıb və yazmaqda davam edir? Biz sizinlə bizim ümumi tariximizə dair əsas, baza məlumatları haradan almışıq və alırıq?

Milli ideyanı və millətçiliyi istismar edən qüvvələr buna biznes kimi baxırlar. Gəlirlər və resurslar əldə edildikdən sonra bu qüvvələr nasistlərdən yaxa qurtarmağa çalışırlar, halbuki, çevrilişi onların əlilə edərək hakimiyyəti ələ keçiriblər.

Bu qüvvələr beynəlmiləldir, ancaq sırf öz merkantil maraqlarını güdərək vahid millət kimi çıxış edirlər.

Bu cür sxema hər dəfə və hər yerdə təkrarlanır. Erməni-türk, erməni-azərbaycanlı münaqişələri də istisna deyil, daha çox nümunədir.

Sizin birbaşa suala cavab olaraq aşağıdakıları deyə bilərəm: Əminəm ki, türklər və ermənilər, ermənilər və azərbaycanlılar arasında münaqişələrə xarici qüvvələr tərəfindən təhrik edilib və onlar tərəfindən dəstəklənir. Nə qədər ki biz – türklər, ermənilər və azərbaycanlılar “küləyin haradan əsdiyini” dərk etməyiblər və bir-birinə qarşı silah çeviriblər, sülh haqda danışmaq çox çətindir. Çətindir, ancaq gec deyil. Xalqlarımız arasında qandan yaranan uçurum var, ancaq bu uçurumun üzərində yeganə körpü o ola bilər ki, anlasınlar ki, nə azərbaycanlı, nə erməni, nə də türk xalqı bu müharibənin baiskarları deyil.

Bax, bunun üzərində işləmək lazımdır. Tarixçilər, analitiklər, hüquqşünaslar, siyasətçilər, əsasən də kütləvi informasiya vasitələri. Şükür Allaha, hələ 30-40 il əvvəl Bakının necə işıqlı, çoxmillətli, dostluq şəhəri olduğunu xatırlayan insanlar sağdır. Həmin insanlar və onların yaddaşı bizim ümumi və real şansımızdır. Təəssüf ki, türklər və ermənilər arasında belə şans artıq yoxdur. Zaman insanları alıb götürüb. Ümumi dinc və yaradıcı keçmiş barədə informasiya isə hər iki xalqın yaddaşındam silinir.

Sual: Ermənistanın eks-prezidenti Koçaryanın belə bir fikir var ki, ermənilər və azərbaycanlılar genetik baxımdan bir araya sığmır. Bununla bağlı nə düşünürsünüz? Bu cür deyim uzun birgə yaşayış tarixilə, böyük sayda qarışıq nikahlar, ümumi ənənələr və s. ilə necə uzlaşır?

Cavab: Bu, cəfəng və məsuliyyətiz bəyanatdır. Heç danışmağa dəyməz. Ancaq onu deyim ki, elə məhz Kocaryan Ermənistanda xarici qüvvələrin açıq nümayəndəsidir və onun ritorikası vəzifəsinə uyğundur.

Sual: Sizcə, münasibətlərin normallaşmasında iki xalqın ziyalılarının rolu nədən ibarətdir? Prinsipcə, bu, mümkündürmü və nə etmək lazımdır?

Cavab: Erməni və azərbaycanlı ziyalıların rolu bizim xalqların tarixinin düzgün dərk edilməsindən ibarətdir.

Onlar genetik uyumsuzluq barədə təmsillər qoşmağa, rahat və təhlükəsiz televiziya studiyalarında söylədikləri qəzəbli nitqlərə son qoymalıdırlar.

Ziyalının cəsarəti odur ki, üsyankar toplumun eşitmək istəmədiyini deyə bilsin. Mənim fikrimcə, ziyaılının amacı sülh, xeyirxahlıq və cəmiyyətdə harmoniya olmalıdır. Müharibə, nifrət, ədavət olmamalıdır!

Sual: Tarix felin lazım formasına uğramır. Ancaq gəlin bir dəqiqəliyə güman edək ki, Qarabaq münaqişəsi yoxdur: bu, Ermənistanın vəziyyətinə, onun iqtisadiyyatına və xalqın rifahına necə təsir edərdi? Ermənistanla Türkiyə arasında münasibətlər necə olardı?

Cavab: Hesab edirəm ki, Qarabağ münaqişəsi 20-ci əsrin sonlarında başlamayıb. Onun kökləri iki böyük imperiyanın Rusiya və Osmanlı imperiyalarının faciəsindədir. Qarabağ böyük və ağır xəstə orqanizmin vücudunda yaralardan biridir. Və əlbəttə, bu münaqişə olmasaydı bu gün çiçəklənən, çoxmillətli, Sovet İttifaqında həm azərbaycanlıların, həm ermənilərin, rusların, ümumiyyətlə, orada yaşayan və bu atmosferdə olmaq üçün qonaq qalan hər kəsin fəxr etdiyi, sevdiyi Bakı olardı.

Sual: Bəzi tarixçilər hesab edirlər ki, “erməni psixologiyası və ya “soyqırım sindromu” onların türklərlə barışması üçün ən ciddi əyləcdir. Erməni icması bunu rəf etmək üçün nə etməlidir? Erdoğanın 1915-ci il hadisələrinin 100-cü ildönümü ərəfəsində ermənilərə məşhur barışıq çağırışını necə qiymətləndirirsiniz?

Cavab: Erməni xalqının tarixində dəhşətli hadisə baş verib. Bu, faktdır. Və bəli, ermənilər üçün bu fakt qeyri-adi, bəzən dözülməz psixoloji yükdür. Bunu başa düşmək lazımdır. Mənim Ərzurumlu babam Melkisedek 20-yə yaxın ən yaxın doğmalarını itirib və türk qonşusu tərəfindən xilas edilib. Babam ömründə bir dəfə belə deməyib ki, erməniləri türklər öldürüb. O deyirdi ki, bunu əsgərlər edib. O heç vaxt türkləri düşmən xalq adlandırmayıb. O deyirdi ki, türk qonşuları ermənilərə ən yaxın qohumları qədər yaxın idilər. Mənim üçün fakt budur!

Əlbəttə, xalqlarımızın barışığının ümidsiz şəkildə uzanmasında bizim təqsirimiz də var. Birincisi biz, ermənilər bu faciədə kimin təqsirli olduğunu söyləməyə tələsdik. Əslində təqsirkarlar hələ müəyyən olunmalıdır. Mənim üçün tamamilə aydındır ki, absurd olaraq təqsiri türk xalqının üstünə atmaq olmaz. Sadəcə olaraq ona görə ki, bu, doğru deyil. Necə ki, Donbassda rusların qətlində bütün Ukrayna xalqı təqsirli deyil. Necə ki, Ukraynada hakimiyyətin qəsb edilməsində bütün yəhudi xalqı təqsirli deyil. Necə ki, faşistlərin cinayətlərində alman xalqı günahkar deyil.

İkincisi, bütün həqiqətləri bilmədən, Osmanlı imperiyasının şərqində əhalinin məhv edilməsinin ideoloqlarının adını çəkmədən (ki, faciənin əsas təqsirkarları məhz onlardır!), biz bütün dünyanın bizim nöqteyi-nəzərimizi qəbul etməyini istəyirik. Belə olmaz. Əvvəlcə bütün cinayət mənzərəsini müəyyən etmək lazımdır. Bunun üçün isə təkcə erməni mənşəli deyil, türk mənşəli, rus, ingilis və nəhayət, Amerika mənşəli arxivləri araşdırmaq lazımdır. Ən azından bunu istəyənlər və bunda hətta israr edənlərlə əməkdaşlıq etmək lazımdır, Türkiyə prezidenti kimi. Erdoğanın müraciəti dəhşətli faciə yaşamış insanlara normal insani mesajdır.

Üçüncüsü, biz, ermənilər göz önündə olan şeyləri görmək istəmirik. ABŞ, Böyük Britaniya, İsrail nədənsə soyqırımı rəsmi olaraq tanımaq istəmir. Baxmayaraq ki, hamı yaxşı başa düşür ki, bu ölkələr bütün Qərb dünyasını olmasa da, Qərb dünyasının böyük hissəsini idarə edirlər. Ən güclü qərb KİV-ləri onların mütləq təsiri sahəsindədir, onlar bütün yalan və təhriflərdən istifadə edərək, istənilən normal və açıq dialoqa başlamaq cəhdimizi yatırırlar. Düşünürəm ki, onlar sadəcə olaraq erməni faciəsinin həqiqətən araşdırılmasından qorxurlar. Çünki bu dəhşətli detektivin təfsilatı okeandan o tərəfə, Böyük Britaniyaya, İsrail dövlətinin yaradılması ideoloqlarına aparıb çıxarır. Amma bu, ayrı bir məsələdir. Hələlik isə Ermənistanda bütün Qərb nümunəli kütləvi informasiya vasitələri türk xalqının iblisləşdirilməsinə yönəlib. Onların bir məqsədi var: bizim həqiqət axtarışlarında birləşməyimizə mane olmaq. Çünki keçmişdə həqiqəti tapsaq, biz mütləq birləşəcəyik. Və onda okeandan o tərəfdən və ya Avropa banklarından bizi idarə etmək qeyri-mümkün olacaq.

19-cu əsrdə böyük imperiyaları – Rus və Osmanlı imperiyalarını dağıdanlar, çox güman ki, Osmanlı imperiyası əhalisinin kütləvi qətllərinin sifarişçisi və icraçısıdır. Və bu nə türk, nə erməni, nə rus, nə də Azərbaycan xalqları idi. Bu, bizim heç birimiz üçün səmərəli deyildi, bizə lazım deyildi, hamımız üçün bu, dəhşətli faciə idi, dəhşət idi. Və biz ona görə onunla yaşamağa davam edirik ki, əsl cinayətkarlar haqqında həqiqəti bilmirik. -0-

Filipp Ekozyants (Melkisedek) 1964-cü ildə Xarkovda dünyaya gəlib. Erzurum qaçqınının nəvəsidir. Təhsilinə görə aktyordur. 1993-cü ildən Ukraynada radio və televiziya efirinin istehsalı ilə məşğul olub. Bəstəkar, şair, müğənnidir. 2003-cü ildən tarixi araşdırmalarla məşğul olur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.