12 imama inanmayan şiələr – ARAŞDIRMA
8-10-2016, 00:32
İslam dinində qeyri-adi qaydaları, ibadət və zikr formaları ilə fərqlənən, içkini, narkotiki, zinanı məqbul hesab edən bir çox təriqət var. Bir çox təriqətlər sırf bu qeyri-adiliyinə görə insanlar arasında geniş yayılıb, qəbul olunub. Bu qeyri-adi, islamın təməl şərtlərini istədikləri kimi şərh edən təriqətlərdən biri də ismaililərdir. İsmaili təriqəti VIII əsrdə Bağdadda yaranıb. İsmaililəri eyni zamanda “fədai” (fəda edənlər) adlandırırlar. Bu təriqəti yaradan şeyxlər çalışırdılar ki, təriqət üzvləri şeyxlərin bütün əmrlərini, göstərişlərini qeyd-şərtsiz yerinə yetirsinlər. Təriqət mənsublarına, fədailərə təbliğ edilirdi ki, din uğrunda ölüm birbaşa cənnətə düşmək üçün ən asan yoldur. Bu baxımdan ismaililəri ilk islami terrorçular da hesab edə bilərik. Tarixdə bu təriqət mənsublarının törətdiyi saysız-hesabsız cinayətlər, qətllər var. Şeyxlər təriqət üzvlərini həvəsləndirmək, təriqətə bağlamaq üçün həşiş (narkotik) verirdilər.
İsmaililər təriqət olaraq şiə məzhəbili müsəlmanlar tərəfindən yaradılıb. İsmaililər başqa şiələr kimi Cəfər əs-Sadiq daxil olmaqla ilk altı imamı qəbul edir, lakin onun vəfatından sonra imamətin, on iki imama inananlardan fərqli olaraq, kiçik oğlu Musa Kazıma deyil, böyük oğlu İsmailə keçdiyinə inanırlar. “İsna əşəri”lərdən (on iki imamçılardan) fərqli olaraq yeddi imamı qəbul etdiklərinə görə, onlara “səbiyyə” (yeddi imamçılar) də deyilir. Bu məzhəbin ardıcılları Cəfər əs-Sadiqin imaməti bilavasitə oğlu İsmailə həvalə etdiyinə inanırlar. İsmail atasından öncə vəfat etdiyinə görə, onun tərəfdarları oğlu Məhəmməd Məqtumun ətrafında toplaşmış və imamətin qeybdə olan (gizli) imamdan ona ötürüldüyünə inanmışlar. İsmaililərə görə, imamlar gizli olsalar da onlara tabeçilik göstərmək vacibdir.
İsmailin yaxın dostu Əbu əl-Xəttab, sonralar “İsmailiyyə” adı altında təşəkkül tapan firqənin əsasını qoyub. İsmaililər yarandığı ilk dövrdə imamların yeddi olduğuna etiqad etsələr də sonralar inandıqları imamların sayı artıb. Məhəmməd Məqtumdan sonra imamətin oğlu Cəfər əl-Müsaddiqə, sonra onun oğlu Məhəmməd Həbibə, daha sonra isə Məhəmmədin oğlu olan Mərakeş hakimi Übeydullah Mehdiyə keçməsi dediklərimizi açıq-aydın isbat edir. Eyni zamanda ismaililərin Misirdə yaratdıqları Fatimilər xilafətinin bütün xəlifələri imam hesab olunub.
Digər şiə təriqətləri kimi ismailik də İraqda yaranmış, sonra isə İranda yayılmış və təşəkkül tapmışdır. Eyni zamanda ismailik hind dinlərinin və zərdüştiliyin dini təsəvvürlərindən qidalanaraq, sinkretik bir təriqətə çevrilmişdir. Ümumiyyətlə şiəliyin sinkretik olması danılmazdır. İsmaili təriqətinin müəyyən şeyxləri islamın təməl prinsiplərindən o qədər uzaqlaşıb ki, böyük islam alimləri bu təriqət mənsublarını müsəlman hesab etmirlər.
Qərb fəlsəfəsinə və batinə inam
İsmaililərə görə İslam şəriətinin həm zahiri, həm də batini mənaları var. İsmaililər daha çox batini şəriətə önəm verdikləri üçün onları “batinilər” də adlandırırlar. İsmailiyə görə, şəriətin batinini yalnız məzhəbin imamları bilir. Buna görə də “Qurani-Kərim” ayələrini məcazi mənada yozaraq iddia edirdilər ki, bütün bu “yozmalar” müqəddəs kitabın batini mənalarını bilən imamlardan gəlir. Bu cür yanaşmalar bəzi sufi təriqətlərinin təlimlərində də var. Zaman keçdikcə ismaililər dinin zahirinə, açıq-aşkar göstərilən halal-haram problemlərinə əhəmiyyət verməyib, batini mənalarının dərk olunmasını vacib hesab edib.
Onlar inanırdı ki, Allah imamları başqa müsəlmanlardan daha üstün tutaraq, onlara varlığın bütün gizlinləri haqqında bilik verib. İsmaililərə görə, imamlar başqalarının xəbəri olmadığı biliklərə sahibdir və özlərini tərəfdarlarına açıq-aşkar göstərməyib, “gizli” də qala bilirlər. İsmaili inancına görə sonda “gizli imam” dünyada peyda olub ədaləti bərpa edəcəkdir. İsmaililərin təlimində qərb fəlsəfəsindən geniş şəkildə bəhrələnib. Onlar antik pifaqorçuluğun və yəhudilərin Kabbala adlı mistik təliminin təsiri ilə rəqəmlərin mistikasına, müqəddəsliyinə inanırdılar. İsmaililər “yeddi” rəqəminə böyük önəm vermiş və onu müqəddəs hesab etmişlər.
Fatimi xilafəti
Sonuncu Abbasi xəlifələrinin zəifliyindən istifadə edən ismaililər İfriqiyyədə (indiki Tunis) hakimiyyəti ələ keçirir. Daha sonra bütün Şimali Afrikanı və Siciliyanı ələ keçirib, 969-cu ildə isə Misiri işğal edirlər. Qurduqları yeni dövlətin paytaxtı olaraq Qahirə şəhərini seçirlər. Sonralar Yəməni, Hicazı və Suriyanı da dövlətlərinin tərkibinə qatan ismaililər yeni dövlətlərini Fatimilər xilafəti kimi tanınmağa başlayırlar. Birinci Fatimi xəlifəsi Übeydullah isə Mehdi, yəni xilaskar hesab olunur. XII əsrin sonunda Fatimi xilafəti zəifləyərək ərazilərini itirir və ismaililər müxtəlif təriqətlərə parçalanır.
Fatimilər xəlifəliyinin varlığına isə 1171-ci ildə görkəmli siyasətçi, sərkərdə və dövlət xadimi, sultan Səlahəddin Əyyubi son qoyub.
Monqolların çökdürdüyü Ələmut qalası
Sonuncu Fatimi xəlifəsi Nizarın tərəfdarları müsəlman dünyasının şərqində daha çox yayılmışlar. Nizarilər, 1256-cı ildə monqol hökmdarı Hülaki xanın hücumu zamanı dağıdılmış İranın şimalındakı Ələmut zirvəsini qalaya çevirərək, onun ətrafında dövlət içində “müstəqil dövlət” yaradırlar. Bu dövlətin yaradıcısı “yeni ismaililik” ideyalarını irəli sürmüş Həsən ibn Səbbah idi. Siyasi təriqət olmuş nizarilər uzun illər başqa dövlətlərə qarşı təxribatlar törədib, hətta açıq sui-qəsdlərlə tarixə düşüb. Dağlıq ərazilərdə yaşadıqları üçün digər müsəlman dövlətləri onları məğlub etməyi bacarmırdı. Ancaq monqollar onları darmadağın etməyi bacarır. Nizarilərin terrorçuluğundan hətta avropalı hökmdarlar da öz siyasi rəqiblərini öldürmək üçün istifadə edirmişlər. Monqol işğalından sonra nizarilər təqibə məruz qalır və ələ keçirilən bütün təriqət mənsubları edam edilir. Təqib olunmaqlarına baxmayaraq onlar günümüzə qədər təriqətlərini qorumağı bacarıb. Hazırda Hindistan və Keniyada iqamətgahları var və rəhbərləri ilahinin yerdə təcəssümü, Ağaxan adlanır. Hindistan, Pakistan, İran, Yəmən, Keniya və Tanzaniyada yayılan bu təriqətin dini mərkəzi Hindistanın Surat şəhərindədir. Avropada və Amerikada da müxtəlif ismaili icmalar fəaliyyət göstərirlər.
Elm və zəka sahibi, terrorçu Həsən Sabbah
Səlcuqlar dövlətində özünə yer tutmaq üçün fars zadəganları xüsusi canfəşanlıq göstərirdilər. Rəvayətə görə, birgə mədrəsə təhsili alan Ömər Xəyyam, Həsən Sabbah öz aralarında razılığa gəlir ki, əgər biri mövqe qazansa, o birilərini himayə etsin. Ancaq Həsən Sabbah bu razılaşmanı pozur. Sabbah saraya gələndən bir az sonra Nizamülmülklə yola getmir. Vergi və maliyyə işləri ilə tanış olan Həsən Sabbah bu qərara gəlir ki, çoxlu yeyinti və mənimsəmə var, bunları üzə çıxarsa, özünə yaxşı mövqe qazana bilər. O, saraya Nizamülmülkün təqdimatı ilə gəldiyindən böyük nüfuzu vardı. Sabbah sultanın qulağına çatdırır ki, maliyyə işlərində yoxlama aparmaq lazımdır.
Təcrübəli Nizamülmülk yoxlamaya altı ay vaxt lazım olduğunu deyir. Həsən Sabbah isə iki həftəyə bu işi çözəcəyini bildirir. Hesabatın belə qısa müddətdə baş tutması Nizamülmülkün sonu demək idi. Ona görə o, yaxın adamlarını Sabbahın qrupuna daxil edir. Onlar hər şey haqda onu xəbərdar edir, sonra vərəqləri bir dəftərdən başqasına qoymaqla hər şeyi pozurlar. Hesabat günü məlum olur ki, hər şey alt-üstdür. Sabbah rüsvay olur və şahın hüzurundan qovulur. Bundan qeyzlənən Həsən əvvəl Misirə qaçır, sonra Ələmut qalasına çəkilir, gizli terrorçu təşkilat yaradır və səlcuqlara qarşı mübarizəyə başlayır. O, türklərlə mübarizə üçün çox orijinal metod seçir: elan edir ki, türklər Adəmdən əmələ gəlməyiblər. Onlar cindən törəyiblər və onları və onlara xidmət edənləri öldürməklə cənnətə düşmək olar. O, Nizamülmülkə də “borclu qalmır”. Ömrünün qoca çağlarında vəzir onun göndərdiyi terrorçunun əli ilə öldürülür. Ancaq yuxarıdakı əhvalatlar sadəcə rəvayətdir. Çünki Həsən Sabbahla Nizamülmülk arasında təxminən 30 yaş fərq var. Eyni zamanda Nizamülmülk Nişapurda, Sabbah isə Qumda təhsil alıb. Ancaq Sabbahın Səlcuq sarayında, Nizamülmülkün tabeliyində işləməsi tarixi faktdır. Sabbah böyük zəka sahibi olub. Riyaziyyat, kimya, din və sehrbazlığı mükəmməl şəkildə bilib. Tərəfdarlarına elmi qadağan edib. Onun fikrincə Allah elmlə deyil, imamların vasitəçiliyi ilə dərk edilə bilər.
Cəlil Cavanşir