İşləyən pensiyaçıların pensiyası necə artırılacaq?
Bu gün, 09:44

Deputat bildirib ki, yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edən şəxslərin topladığı pensiya kapitalı 72-yə bölünür və onların pensiya məbləği yenidən hesablanır.
Bu ilin yanvarın 1-dən etibarən Azərbaycanda bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb. Fevral ayından isə ən aşağı pensiya 320 manatdır. Vətəndaşın əmək pensiyası hüququ əldə etdikdən sonra onun istəyindən asılı olaraq işləmək hüququ var. Bəs, yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edən şəxslərin pensiyası necə artırılacaq?
Deputat Vüqar Bayramov bildirib ki, yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası sonradan toplanmış kapitala uyğun olaraq 6 ildən bir yenidən hesablanaraq pensiyaya əlavə olunur:
"Yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edən şəxslərin topladığı pensiya kapitalı 72-yə (6 il×12 ay) bölünür və onların pensiya məbləği yenidən hesablanır. Bununla yanaşı, yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyalarında bu il iki dəfə artım mümkündür. Məsələn, şəxsə 2019-cu il fevralın 1-də yaşa görə ümumi əsaslarla 700 manat əmək pensiyası təyin edilib və şəxs işləməyə davam edib. 2025-ci il fevralın 1-də onun 6 il iş müddəti tamam olduğu üçün pensiya məbləği yenidən hesablanacaq. Fərz edək ki, şəxsin fərdi hesabının sığorta hissəsində 6 il müddətində 25200 manat pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (25200 manat) 72-yə bölünməklə pensiya məbləği yenidən hesablanacaq. Bu, o deməkdir ki, həmin şəxsin pensiyasına 350 manat əlavə olunacaq. Amma eyni zamanda həmin vətəndaş əmək pensiyası aldığına görə onun pensiyası bu ilin yanvarın 1-dən indeksləşdirilərək artırılıb. Nəticədə fevral ayında həmin şəxsin yeni pensiya məbləği belə olacaq: 700 manat + 56.7 manat (700 manat x 8.1%) + 350 manat = 1106.7 manat. Başqa sözlə, həmin şəxsin yeni pensiya məbləği 1106.7 manat təşkil edəcək".
Deputatın sözlərinə görə, göründüyü kimi, 6 il iş müddəti bu il bitən işləyən pensiyaçılar həm indeksasiya artımından, həm də yenidən hesablanma artımından faydalana bilərlər.
"Əmək pensiyaları haqqında" qanunda nə deyilir?
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildəki orta aylıq əməkhaqqındakı artım faizinə uyğun indeksasiya olunaraq artırılır. 2024-cü ildə ölkədə orta aylıq nominal əməkhaqqı ondan əvvəlki ilə nisbətən 8.1% artıb. Bu da o deməkdir ki, məsələn, 700 manat pensiya alan vətəndaşın pensiyası 56.7 manat artaraq 756.7 manat olacaq.
"Əmək pensiyaları haqqında" qanuna əsasən, vətəndaş yaşa görə pensiya təyin olunduğu gündən etibarən işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il×12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur. Bu da işləyən pensiyaçıların mənafelərinin daha dolğun təmin olunmasına imkan verir. Həmçinin yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edən şəxslər arasında sosial sığorta sistemində aktiv iştiraka marağın artmasını stimullaşdırır.
Məlumat üçün bildirək ki, 2023-cü il yanvarın 1-dən Azərbaycanda bütün növ pensiyaların indeksləşdirilərək artırılması mexanizmi (vahid indeksasiya) tətbiq edilir. Pensiyaların indeksləşdirilərək artırılması elektron qaydada həyata keçirilir.
Azərbaycanda əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 280 manatdan 320 manata çatdırılıb. Fevral ayından etibarən ölkədə ən aşağı pensiya 320 manat olacaq. İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən işçiyə minimum aylıq əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi inzibati məsuliyyətə səbəb olur.
Azərbaycand 60 min nəfərdən artıq işləyən pensiyaçı var
Xatırladaq ki, 1 yanvar 2025-ci ilədək təyin edilmiş bütün növ pensiyaların ilin əvvəlindən 8.1% indeksləşdirilərək artırılması və fevralın 1-dən minimum pensiyanın artırılaraq 280 manatdan 320 manata çatdırılması təmin edilib.
Keçən ilin aprel ayında DOST TV-də izləyici suallarını cavablandırarkən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat vermişdi ki, ölkəmizdə 60 min nəfərdən artıq işləyən pensiyaçı var:
"Yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edən şəxslərin həmin iş müddətində topladıqları kapital hər ilin əvvəlində indeksləşdirilməklə artırılır. Hər 6 ildən bir həmin kapital 72-yə bölünərək pensiyasına əlavə olunur. Hazırda bununla bağlı elektron proqram hazırlanır və 2024-cü ildə bu proqram istifadəyə veriləcək. Yəni, yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edən şəxslərin hər 6 ildən bir pensiyasının yenidən hesablanıb artırılması, həmin 6 il tamam olan kimi elektron sistem üzərindən olmaqla avtomatik, proaktiv qaydada həyata keçiriləcək. Artıq vətəndaşların bununla bağlı müraciətinə ehtiyac qalmayacaq".