Trampın prezidentliyinin ilk ayından sonra amerikalıların ABŞ iqtisadiyyatına baxışı
Bu gün, 16:38

2024-cü ilin noyabrında keçirilən seçkilərdə ABŞ seçicilərinin əsas prioritetləri immiqrasiya və iqtisadiyyat idi. Bəs amerikalılar Prezident Donald Trampın prezidentliyindən bir ay sonra ABŞ iqtisadiyyatı haqqında indi nə düşünürlər? Amerikanın Səsinin müxbiri Veronika Balderas İqlesias və Cenia Dulotun reportajını təqdim edirik.
Yanvar ayında ABŞ-da inflyasiya 3% faizə çatıb. Lakin Kaliforniya ştatının Simi Vadisində prezident Donald Trampın bir neçə tərəfdarı onun administrasiyasının nəticədə inflyasiyanı nəzarət altına alacağına əmindir.
“Bəzi qiymətlərin qalxmasının hər hansı bir səbəbi var və qiymətlərin çoxu heç vaxt geri qayıtmaya bilər. Amma biz iqtisadiyyatı düzəltdikdən sonra onlar yüksəlməyə davam etməyəcəklər”, Tramp tərəfdarı Cef Mirlis bildirib.
"Mən dünən Costco-da yanacağın qallonu üçün 20 sent daha çox ödədim, amma mənim üçün fərqi yoxdur, çünki gələcəkdə övladlarımın hansısa bir şəkildə faydalanacağını və iqtisadiyyatımızın yüksələcəyini bilirəm", Tramp tərəfdarı Rebekka Cusino qeyd edib.
Maykl Bernaki bir neçə iqtisadçının Prezident Trampın digər ölkələrə tariflər tətbiq etmək planlarının daha çox qiymət artımı ilə nəticələnə biləcəyi ilə bağlı narahatlıqlarını bölüşmür.
“Düşünürəm ki, tariflər rıçaq üçün lazımdır, düzdür? Və başqa ölkələrdən bir şey almağımıza və başqa ölkələrin bizdən bir şey almağına gəldikdə ədalətli olmaq üçün”, Tramp tərəfdarı Maykl Bernaki bildirib.
Virciniya ştatının Folls Çörç şəhərində avtomobil mərkəzinin sahibi olan Yunq Li prezident seçkilərində Demokratlara səs verib. O, artıq avtomobil təmirinə pul xərcləməkdə tərəddüd edən müştərilərin azaldığını görür. Ehtiyat hissələrinə tariflər tətbiq edilərsə, o, əlavə xərclərin bir hissəsini müştərilərinə şamil etməli olacağını deyir.
“Mən hissələri birbaşa Kanadadan, Meksikadan və ya Çindən almıram, amma bizim bir vasitəçimiz var. Məndən daha çox pul tələb edəndə, qiyməti artırmalıyıq. Əks halda, biznesi idarə edə bilmərəm”, o deyib.
Paytaxtda restoran sahibi Duqlas Kroker də prezident seçkilərində Demokratlara səs verib. O, həmçinin artan inflyasiya fonunda biznesində dəyişikliklər edir.
"Biz bir sıra müxtəlif topdansatış alıcıları ilə işləyirik və biz indi büdcə tərtib edərkən və alışlarımızla bağlı qiymətlərdə məntiqli olmağımıza əmin olmaq məcburiyyətindəyik", "Fabulous" restoranının sahibi Duqlas Kroker qeyd edib.
Konstantin Stavropulos ABŞ-ın paytaxtında yeməkxana sahibidir. Meksika avokadosu kimi inqrediyentlərə qoyula biləcək tariflər onu müəyyən yeməklərin qiymətlərini artırmağa məcbur edə bilər. Trampa səs verməsə də, prezidentin təklif etdiyi bəzi siyasətlərin iqtisadiyyatı düzgün istiqamətə aparacağına ümid edir.
"Mənim yeganə ümidim odur ki, o, işçilər üçün verilən "çay pulu"ndan vergi tutulmalarına baxacaq, bu, restoran sənayesində bizə kömək edəcək böyük bir irəliləyiş olardı", o bildirib.
O, həmçinin Tramp administrasiyasının enerji xərclərini aşağı salmasını görmək istərdi. Stavropulos bunun yük maşını ilə məhsulun çatdırılmasına təsir etdiyini qeyd edir.