Ən düzgün qulaq təmizləmə üsulu açıqlandı
Dünən, 16:28

Qulaqları pambıq çubuqlarla təmizləmək təhlükəlidir. Qulaqların gigiyenasını qorumaq üçün yalnız xarici hissəyə qulluq etmək kifayətdir - yəni, duşdan sonra qulaq seyvanını və xarici eşitmə kanalını nəm dəsmalla ehtiyatla silmək lazımdır.
Gazeta.ru-nun verdiyi məlumata görə, bu barədə rusiyalı otorinolarinqoloq İqor Maneviç danışıb.
Onun sözlərinə görə, qulaq təmizləmək sadə bir proses kimi görünsə də, çoxları ciddi səhvlərə yol verir və bu, böyük zərərlərə səbəb ola bilər.
"Ən əsas səhv - qulaq keçəcəyini pambıq çubuqlarla təmizləməkdir. Əksər insanların düşündüyünün əksinə olaraq, bu çubuqlar bu məqsəd üçün nəzərdə tutulmayıb. Onlar qulaq kirini çıxarmaq əvəzinə, daha dərinlərə itələyir və nəticədə tıxac yaranmasına səbəb olur. Belə tıxac eşitmə qabiliyyətinin zəifləməsinə, tıxanıqlıq hissinə, ağrı və narahatlığa gətirib çıxarır. Üstəlik, ehtiyatsızlıq nəticəsində qulaq keçəcəyinin həssas dərisini zədələmək və hətta təbil pərdəsinə xəsarət yetirmək mümkündür. Bu isə ciddi fəsadlara, hətta eşitmə itkisinə səbəb ola bilər", - deyə mütəxəssis izah edib.