Nəyi səhv edirik: dəm qazı niyə hər gün can alır? – Ekspert
Bu gün, 16:28

Dəm qazından bədbəxt hadisələrin yaranma səbəblərindən biri də cihaza olan kənar müdaxilələrdir.
Bu sözləri açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev son günlər dəm qazından ölüm hallarının artması ilə bağlı danışarkən deyib.
Ekspert bildirib ki, qaz təsərüffatı olan yerdə təhlükəsizlik məsələləri hər zaman ön planda olmalıdır:
“Qaz olan otaqda qaz sızması və dəm qazı əleyhinə yanğın dedektoru mütləqdir. Cihaza kənar müdaxilələrin olması, rezin şlanqların istifadəsi və ya qeyri-metal borularla cihazın bir otaqdan digər otağa keçirilməsi də çox təhlükəlidir, təəssüf ki, tez-tez bu hallarla qarşılaşırıq. Cihazın təmiri və ya yerinin dəyişdirilməsi işləri mütləq şəkildə ixtisaslaşmış müəssisə tərəfindən həyata keçirilməlidir.
Bundan əlavə, qaz yanan otaq mütləq şəkildə tez-tez havalandırılmalıdır. Əgər otaqda oksigen olmasa, qazın yanma prosesi pozulacaq, nəticədə dəm qazı riski artacaq.
Bacanın təmiz olmasına diqqət yetirilməlidir. Həmçinin otağın ölçüsünə uyğun qaz cihazı quraşdırılmalıdır. Standartlar belədir: ikigöz qaz cihazı üçün otağın genişliyi minimum 8 kv.m, üçgöz üçün 12 kv.m, dördgöz üçün 15 kv.m olmalıdır”.