Bu arada KARTOFUN QİYMƏTİNİ KİM QALDIRDI? - HƏM DƏ NİYƏ?
Bu gün, 16:48

Kartofun qiymətinin artdığına dair məlumatlar var. Xəzər TV-nin məlumatına görə, son 20 gündür ki, bazarlarda kartof 1,2-2 manata satılır. Satıcıların sözlərinə görə, qiymət artımına səbəb bazarda yerli məhsulun az olması və xaricdən də kartof idxalının azalmasıdır. Satıcılar həmçinin bildiriblər ki, hazırda bazarda daha çox yerli kartof mövcuddur. İqtisadçılar isə bahalaşmanın iki əsas səbəbini qeyd edirlər. Onların fikrincə, birinci səbəb xaricdən kartof idxalının azalmasıdır. İkinci səbəb isə dizel yanacağının qiymətinin 25 faiz artmasıdır. Bu iki amil kartofun qiymətinə təsir göstərir. Qeyd edək ki, 2024-cü ildə ölkədə təxminən 1 milyon ton kartof istehsal edilib.
Maraqlıdır ki, bizdə kartofun qiymətinin artması Rusiyada kartof qıtlığı ilə eyni vaxta düşür. APA-nın Moskva bürosunun bir neçə gün əvvəl verdiyi xəbərə görə, Rusiyada kartof qıtlığı 2024-cü ildə məhsulun aşağı olmasıyla izah edilir. Bildirilir ki, bu səbəbdən mövsümün sonuna qədər idxal təxminən iki dəfə artacaq. Qeyd olunub ki, Misir kartofu artıq böyük partiyalarla idxal olunur və rublun məzənnəsinin möhkəmlənməsinə baxmayaraq, onun qiyməti təsiredicidir. Rusiyada kartofun 1 kiloqramının orta qiyməti 62 rubl olduğu halda, Misir kartofunun 1 kiloqramının qiyməti 100 rubla yaxındır.
Paytaxtda kartofun qiymətinin artması Rusiyadakı qıtlıqla əlaqəlidirmi, yaxud qış mövsümünün başa çatması və kartof ehtiyatının tükənməsi ilə?
İqtisadçı Rauf Qarayev “Sherg.az"a qiymət artımının səbəblərini, Azərbaycanın kartof idxal etdiyi ölkələrin adını açıqlayıb:
- Rəsmi statistikaya əsasən Azərbaycan 2023-cü ildə Rusiyadan 8.495.48 ABŞ dollarına 33.857.04 ton kartof alıb. Belarusdan təxminən 25 min, İrandan 23, Pakistandan 9, Türkiyədən 4, Gürcüstandan 1,982.69, Ukraynadan 167.75 ton kartof idxal edib. Qiymətlər də alınan məhsulun çəkisinə görə dəyişir. 2024-cü ilin statistikası hələ əlimizdə yoxdur. Əldə olan məlumata əsasən deyə bilərik ki, ən çox kartof idxal etdiyimiz ölkə Rusiyadır. Amma son zamanlar digər ölkələrdən idxal da azalıb. Ümumiyyətlə, fevral-mart aylarında kartofa ehtiyac artır. Adətən qışın sonuna yaxın tərəvəz təminatında müəyyən çətinliklər baş verir. Tədarük olunan məhsul bitmək üzrədir, tələbat isə yüksəkdir. Təzə kartof hələ çıxmayıb. Ət bahadır deyə, əhali kartofa üstünlük verir. Bu da bazarda qiymətlərin qalxmasına səbəb olur. Yerli istehsal az olduğuna görə məcburuq kartofu digər ölkələrdən idxal edək. O cümlədən Rusiyadan. Məsələn, Belarusiyadan alınan kartofun həcmi də azalıb. Bazarların çox olması yaxşı haldır, amma yerli məhsulun az olması, idxaldan asılılıq yaradır. Ölkəyə kartof yalnız idxal olunmur, həm də daşınır, ixrac olunur. Sahibkarlara sərf edir ki, məhsulu xarici ölkəyə satsın. Çünki daxildə müxtəlif ölkələrdən idxal olunan kartofun qiyməti ucuzdur, yerli fermerlərə yetişdirdikləri məhsulu ucuz qiymətə daxili bazara çıxarmaq sərf etmir. Sahibkarların daxili bazar girişində də çətinlik var. Təəssüf ki, bu sahədə inhisarçılıq davam edir. Kartofun qiyməti 3-4 həftə əvvəlki qiymətlərə nisbətən artıb. Qıtlıq yaranmasın deyə, digər ölkələrdən idxal olunan məhsul hesabına bazar doldurulur.
R.Qarayev qeyd etdi ki, məhsulun tədarükündə ortaya çıxan problemlər də fermerlərin xarici bazarlara üz tutmasına səbəb olur:
- Soyuducu anbarların sayı çox azdır. Soyuducu anbarlara əlçatanlıq aşağıdır. Bölgələrin heç də hamısında soyuducu anbarlar tikilməyib. Çox yerdə yoxdur. Anbarda məhsulun saxlanma qiyməti də bahadır. Bu səbəblərdən fermerlər payızlıq kartofu elə payızda da xaricə satırlar ki, əldə qalıb xarab olmasın, ziyana düşməsinlər. Anbarlarda ehtiyat toplanmadığına görə qıtlıq yaranır. Fermerlərə münasib güzəştlər edilməlidir ki, məhsulu soyuducu anbarlarda saxlaya bilsinlər, tələbat artdıqca, bazara çıxarsınlar, məhsulu yerli bazarda satmağa meyilli olsunlar. Əks halda, qıtlıq yaranacağı, qiymətlərin də qalxacağı labüd hal alır.