Eldar Mahmudovun yaxın dostunun vəzifədə qalmasının sirri
20-10-2016, 10:10
Əli Əsədov 1 il öncə karyerasının ən ağır günlərini yaşayırdı, bu gün isə o, dövlətin ali tədbirində bloknot qaralayır; prezident köməkçisinin işdən qovulan nazirlə münasibətlərinin qalması haqda iddialar var
Eldar Mahmudov vəzifədən qovulandan sonra “MTN çetesi”nin 11 il ərzində törətdiyi qanunsuzluqlar cinayət dosyelərində yer aldı. Törədilmiş cinayətlərin miqyasının genişliyi, “MTN çetesi”nin bir çox dövlət qurumlarına xərçəng kimi sarılması Eldar Mahmudov kimi birinin belə bir məsul, dövlət əhəmiyyətli posta necə gəlib çıxması sualını aktuallaşdırdı. Hər kəsi düşündürən bu sualın cavabı özünü çox gözlətmədi.
Bəlli oldu ki, Eldar Mahmudovun adını milli təhlükəsizlik naziri kimi namizədlərin siyahısına onun tələbə yoldaşı, hazırda prezidentin iqtisadi məsələlər üzrə köməkçisi olan Əli Əsədov saldırıb. Və nəticədə Azərbaycanın tarixinə rahat şəkildə “11 illik Eldar Mahmudov talanı” adlandırıla biləcək qan daman bir fəsil yazılıb. Bu səhifədə yer alan cinayətlərə diqqət edəndə, talançılığın, sərhəd bilməyən iştahanın nələrə qadir olmasını görmək olar.
Bu gün Eldar Mahmudovun rəhbərliyi altında cinayət törədənlərin çox az bir qismi həbsdədir. Onun özü, vaxtilə təqdimatını verməklə ölkəni silkələyən, MTN-in bir qurum olaraq ləğvinə yol açan Əli Əsədov da vəzifəsindədir. Düzdür, Eldar Mahmudov “vurulandan” sonra Əli Əsədov bir müddət teleefirdə gözə görünmədi. Əli Əsədovun başının üstünü qara buludlar alması haqda mətbuatda məlumatlar yayıldı.
Məlum oldu ki, Əli Əsədovla Eldar Mahmudov hələ gənclik illərindən dostluq edib, bir yerdə oxuyublar. Hətta Eldar Mahmudovun atası Əli Əsədovun diplom rəhbəri olub. Sonradan bu dostluq E.Mahmudov üçün, qeyd etdiyimiz kimi, tramplin rolunu oynayıb - konkret olaraq ölkənin ali rəhbərliyi ilə E.Mahmudovun tanışlığı da Əli Əsədovun vasitəsilə baş tutub. Ona görə də E.Mahmudovun ətrafı Əli Əsədovu hər zaman “ağsaqqal” bilib. Eldar Mahmudovun oğlu Anar Mahmudov Əli Əsədovun oğlu Hidayət Əsədov, Mahmudovla Əsədovun digər tələbə yoldaşları Musa Süleymanovun oğlu Rəşad Süleymanov hər zaman bir yerdə olublar.
Mahmudovun nazirliyi dövründə hər 3 oğul-balanın deputatlıq sevdasına düşmələri də mətbuat səhifələrinə çıxıb. Yəni E.Mahmudov “vurulana” qədər və sonra Əli Əsədovla çox yaxın olublar.
Onların arasında az qala hər gün təmas olub. E.Mahmudov vəzifədən qovulandan sonra ehtimal olunurdu ki, hakimiyyətdəki qruplaşmasının təmizlənməsi çərçivəsində onun təqdimatını vermiş Əli Əsədov da işdən çıxarılacaq. Hətta onun həbsi də istisna edilmirdi. 1 il öncə bu günlər medianın əsas mövzularından idi. Həmin ərəfədə prezidentin köməkçilərinin sayının artırılması da Ə.Əsədovun “vurulması”na yaşıl işıq yandırılması kimi qiymətləndirilmişdi...
Ləğv olunmuş MTN-dəki olaylardan 1 il ötür və E.Mahmudov istintaqdan kənar qala bilib. Onun dostu Ə.Əsədov da vəzifəsindədir və E.Mahmudovla əlaqələrini gizlətmir. Bir müddət əvvəl Ə.Əsədov mətbuatın onun barəsində yazdıqlarını musavat.com-a verdiyi qısa açıqlamada şərh etmişdi. Prezidenti köməkçisi keçmiş milli təhlükəsizlik nazirinin əleyhinə heç nə deməmişdi.
Halbuki onun bu açıqlamasından 2 gün əvvəl, ötən il noyabrın 4-də prezident İlham Əliyev Şəkidə məmurların qarşısındakı çıxışı zamanı “MTN çetesi”nin əməllərindən hiddətlə danışmışdı. Prezident demişdi ki, bu adamlar dövlətin adından sahibkarları soyub, talayıb, reketlik edib, əsassız həbslər aparıb, işgəncələr verib. İlham Əliyev sahibkarlara qarşı törədilən əməllərlə bağlı “dəhşətli faktların üzə çıxdığını” bildirmişdi.
Bundan 2 gün sonra Ə.Əsədov E.Mahmudov haqda deyilənlərin heç bir əsası olmadığını dilə gətirməkdən çəkinməmişdi.
Sitat: “Bircə onu deyə bilərəm ki, Eldar Mahmudov dövlətin naziri olub, uzun müddət milli təhlükəsizlik naziri postunu tutub. Artıq o, sabiq nazirdir”.
Həbs olunacağı barədə mətbuatda yazılanlara cavab olaraq Ə.Əsədov “mənim həbs olunacağım barədə deyilənlərin əsası yoxdur, cinayət etməmişəm ki, tutulam” cavabını vermişdi. Bütün bunlara rəğmən Ə.Əsədovun teleefirdən itməsi onun başı üzərində qara buludların qaldığı haqda xəbərlərin doğruluğunu inandırıcı edirdi. Lakin bir neçə gün əvvəl, prezident yanında 2016-cı ilin 9 ayının yekunlarına dair müşavirəyə Ə.Əsədov da digər köməkçilərlə birgə qatılmışdı. Diqqətli müşahidəçilər bunu Ə.Əsədovun qurtulması kimi dəyərləndirirlər. Onun 1 il əvvəl qarşı-qarşıya qaldığı xoşagəlməz durumdan çıxa bildiyini də dilə gətirirlər. Görünən odur ki, E.Mahmudovun hakimiyyət daxilində çox güclü dayaqları qalmaqdadır. O, həbs edilməyincə, dostu Əli Əsədovun vəzifədən belə çıxarılmasından söhbət gedə bilməz. Ə.Əsədovun qurtulmasının sirri də elə budur.
Beləliklə, 1 il öncə həyatının, karyerasının ən çətin dönəmini yaşayan Əli Əsədov bu gün Nazirlər Kabinetinin iclasında qarşısına qoyduğu bloknota qeydlər yazır. E.Mahmudovla onun hələ də əlaqələrinin qalmasına dair iddialar isə səngimir... musavat.com/