İqtisadiyyat Nazirliyində Rövnəq Abdullayevlə bağlı qadağa var? - İLGİNC
Bu gün, 15:31

10 fevral 2022-ci il tarixindən iqtisadiyyat nazirinin müavini vəzifəsini icra edən Rövnəq Abdullayevin fəaliyyəti barədə nazirliyin mətbuat xidməti tərəfindən ictimaiyyətə heç bir məlumat verilmir.
Yeniavaz.com xəbər verir ki, uzun illər – 2005-2022-ci illərdə Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti vəzifəsində işləmiş Rövnəq Abdullayevin fəaliyyəti daim ictimaiyyətin diqqət mərkəzində olub.
Qeyd edək ki, Rövnəq Abdullayev nazir müavini təyin olunduqdan sonra İqtisadiyyat Nazirliyinin mətbuat xidməti onun fəaliyyəti və gördüyü işlər barədə heç bir açıqlama verməyib.
Nazirliyin rəsmi saytında – “economy.gov.az”da digər nazir müavinlərinin fəaliyyəti barədə çoxsaylı xəbərlər yer alsa da, Rövnəq Abdullayevin fəaliyyəti barədə məlumat mövcud deyil.
Məsələn, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev barəsində sonuncu xəbər nazirliyin rəsmi saytında dünən – 2 sentyabr tarixində yer alıb. Həmin xəbərdə bildirilir ki, iqtisadiyyat nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Latın Amerikasına səfər edib.
Bundan başqa 27 avqust tarixində paylaşılan xəbərdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin Avropa İnvestisiya Bankının (AİB) Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin fəaliyyət müddəti başa çatmaqda olan rəhbəri Matsey Çura ilə görüşdüyü bildirilir. Nazirliyin mətbuat xidməti 23 iyun tarixində nazir müavini Anar Axundovun Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul etməsi barədə məlumat yayıb. 21 iyun tarixində isə nazir müavini Sahib Ələkbərovun Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş xüsusi sessiyada iştirak etdiyi qeyd olunub.
Məlumat üçün qeyd edək ki, Rövnəq Abdullayevin fəaliyyəti barədə digər xəbər saytlarında azsaylı məlumatlar yayılsa da, nazirliyin rəsmi saytında və sosial şəbəkə hesablarında heç bir məlumat verilmir. Məsələn, bu ilin may ayında mətbuatda yer alan xəbərlərin birində qeyd olunur ki, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsinə təsdiq edilən Kazım Hüseynəliyevi kollektivə təqdim edib. Amma bu barədə iqtisadiyyat nazirliyinin rəsmi saytında heç bir məlumat yoxdur. Yaxud, bu ilin aprel ayında Rövnəq Abdullayevin Azərbaycan-Moldova biznes forumunda iştirak və çıxış etməsi barədə məlumatlar yayılıb. Bu məlumatlar da nazirliyin rəsmi saytında yer almayıb. Nazirliyin rəsmi saytında Rövnəq Abdullayev ilə bağlı yeganə xəbər onun kollektivə təqdim olunması ilə bağlı məlumatdır.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat almağa çalışsaq da, telefon zənglərimizə cavab verən olmadı.