Ərzaq məhsulları bahalaşıb - Rəsmi məlumat

13-01-2017, 20:09           
Ərzaq məhsulları bahalaşıb - Rəsmi məlumat
2016-cı ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilə nisbətən 12,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,7%, qeyri-ərzaq məhsullarının qiymətləri 16,7%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,8% artıb.

Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, 2016-cı ilin dekabr ayında noyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 3%, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,1%, qeyri-ərzaq məhsullarının qiymətləri 2,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,4% artıb.

Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsulları, pendir və yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, almanın, armudun, heyvanın, narın, bananın, xurmanın, kivinin, portağalın, naringinin, pomidorun, xiyarın, kələmin, göyərtinin, çuğundurun, kartofun, soğanın, sarımsağın qiymətlərində bahalaşma, limonun, yerkökünün, tütün məmulatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Dekabr ayında noyabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin, ev üçün toxuculuq məmulatlarının, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, televizor, telefon və fotoaparatların, kompüterlərin, dəftərxana ləvazimatlarının, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən elektrik enerjisi təchizatının, respublikadan kənara istirahət turlarının, mənzillərin icarə haqlarının, məişət cihazlarının, mebel və ev əşyalarının, avtomobillərin təmiri xidmətlərinin, stomatoloji xidmətlərin, bərbərxana və kosmetik xidmətlərin, ev və məişət xidmətlərinin, dəmiryol və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində bahalaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.