2017-ci ilin əsas geopolitik toqquşma məkanı –Mərkəzi Asiya

30-01-2017, 15:00           

Dünyanın müxtəlif regionlarında cərəyan edən geosiyasi proseslərin mümkün nəticələrini mütəxəssislər intensiv surətdə analiz edirlər. Beynəlxalq tədbirlərdə bu məsələlər geniş müzakirə olunur. Müəyyən qənaətlər əldə edilir. Maraqlıdır ki, bütün hallarda ekspertlər regional proseslərə qlobal kontekstdə yanaşmağa üstünlük verirlər. Bu o deməkdir ki, 2017-ci ildə ayrı-ayrı regionlarda geosiyasi hadisələr qlobal səviyyədə özünü göstərəcək faktorlardan birbaşa asılı olacaq. Konkret desək, bir sıra maneələrə baxmayaraq, dünya miqyasında qloballaşma özünün yeni mərhələsinə qədəm qoya bilər. O cümlədən coğrafi baxımdan Mərkəzi Asiya regionuna yaxın olan iki böyük dövlət arasında güzəştsiz rəqabət yarana bilər. Artıq ekspertlər bunun müəyyən əlamətlərindən bəhs edirlər. Konkret olaraq, Rusiya və Çin Mərkəzi Asiyada nüfuz uğrunda mübarizələrinə yeni dinamika verə bilərlər. Bu müddəalar işığında Mərkəzi Asiyanı silkələyə biləcək faktorların analizi böyük maraq doğurur.



Qloballaşmaya yeni təkan fonunda: regional rəqabətin güclənməsi



Getdikcə daha çox mütəxəssis dünya səviyyəsində geosiyasi və iqtisadi təşəbbüsün Şərqə keçdiyi haqqında fikir bildirir. Bu proses özlüyündə əvvəllər bir çoxlarının alışmadığı mənzərənin formalaşması ilə müşayiət olunur. Çinin dövlət başçısı Si Szinpinin Davos forumundakı çıxışı məhz bu effekti yaradıb. Müxtəlif səviyyələrdə ifadə edilən fikirlər göstərir ki, Pekinin atdığı addım dünya miqyasında maraq doğurur. Si Szinpin də məruzəsində çox aktual problemlərdən bəhs edib (bax: World Economic Forum Annual Meeting, 17-20 January 2017, Davos-Klosters, Switzerland).

Çin rəhbəri qlobal iqtisadi inteqrasiyadan imtina etməyi doğru hesab etmədiyini bildirib. O, qloballaşmaya yeni nəfəs verməyi təklif edib. Bunun üçün nüvə silahlarının məhvinin lazım olduğunu deyib. Böyük dövlətlər liderlik ambisiyalarından əl çəkməli və kiçik dövlətlərin maraqlarına hörmətlə yanaşmalıdırlar (bax: əvvəlki mənbəyə).

Si Szinpinin bu kimi fikirləri bütün dünyada böyük əks-səda doğurub. Henri Kissincer bununla bağlı deyib ki, "Prezident Sinin dedikləri dünya üçün prinsipial əhəmiyyət kəsb edir" (bax: əvvəlki mənbəyə). Eyni fikri, demək olar ki, dünyanın bütün böyük dövlətlərinin siyasi dairələri bölüşürlər. Hətta proseslərin bu cür dinamika alması bır sıra dairələri qorxuya salmaqdadır. Hər bir halda, artıq şübhə doğurmur ki, qlobal geosiyasətdə prinsipial dəyişiklər yeni dinamika alıb və Çin qloballaşma prosesində aparıcı rol oynamağa hazırdır.

Bu fikirlərin fonunda 2017-ci ildə bizim regiona yaxın bölgələrdə hansı proseslərin üstünlük təşkil edə biləcəyi maraq doğurur. Çünki geosiyasi aparıcılıq Şərqə meyllənirsə, onda həmin məkanda yerləşən dövlətlərə istiqamətlənmiş siyasət də yeni məzmun kəsb edə bilər. Bu aspektdə Mərkəzi Asiyanı bu il hansı hadisələrin gözlədiyi maraq doğurur. Həmin kontekstdə "Stratfor"un Mərkəzi Asiya ilə bağlı verdiyi proqnozlara nəzər salaq.

Bu məsələyə ABŞ-ın bu analitik mərkəzi ümumasiya prosesləri kontekstində baxır. Orada vurğulanır ki, Rusiya 2017-ci ildə Asiya istiqamətində fəallığını gücləndirəcək. Moskva və Tokio sərmayə və energetik razılaşmalara daha çox fikir verməyə başlayacaqlar. Kreml Cənubi Koreya ilə də iqtisadi əlaqələrini genişləndirmək xəttini seçəcək. Lakin bu zaman ənənəvi dostu olan Şimali Koreyanın maraqlarına zidd addım atmaq istəməyəcək.

Bu kimi məqamlarla yanaşı, Rusiya-Çin münasibətləri 2017-ci ildə daha da güclənə bilər. İki ölkə arasında iqtisadi, mədəni, hərbi, enerji və kibertexnologiyalar sferalarında əməkdaşlıq inkişaf edəcək. Ancaq bütövlükdə Moskvanın siyasəti "Çin və Yaponiya ilə bir-birindən asılı olmayan siyasət yeritməklə və onların heç birinə üstünlük verməməklə regionda mövqeyini möhkəmlətməyə xidmət edəcək" (bax: 2017 Annual Forecast: Eurasia / "www.stratfor.com", 27 dekabr 2016).



"Daha çox aktivlik" prinsipi: Moskva-Pekin xəttinin gərginlikləri



Belə çıxır ki, Moskvanın 2017-ci ildə Asiya istiqamətində əsas siyasi kursu "Şərq cəbhəsində daha çox aktivlik" ("Stratfor") prinsipinə əsaslanacaq. Bu prosesdə ona daha çox öz daxilindəki problemlər mane ola bilər. "Stratfor"un analitikləri hesab edirlər ki, Rusiya "evdə" bir sıra çətinliklərlə üzləşə bilər ki, bu da onun Şərq istiqamətində fəallığını azaldar. Bu, Rusiyanın hakimiyyət eşelonlarında müəyyən təmizləmə prosesi ilə müşayiət oluna bilər. Əsasən avtoritar xarakterli addımlar atılar. Nəticədə, "ev problemləri" bir qədər də kəskinləşər.

Bütün bunlar Moskvanın Mərkəzi Asiya siyasətinə birbaşa təsir edə bilər. Həmin kontekstdə bu regionda Rusiya ilə Çin arasında rəqabət xeyli güclənər. Bu, həmin regionda qeyri-sabitliyə ciddi təkan verər. Bütövlükdə 2017-ci il Mərkəzi Asiya üçün qeyri-sabitlik dövrü ola bilər. Bunun səbəblərindən biri böyük güclərin həmin region uğrunda geosiyasi mübarizəsinin şiddətlənməsi ilə əlaqəlidirsə, bununla yanaşı, başqa faktorlar da vardır.

Onların sırasında terrorçuların daim hücum təhlükəsinin mövcud olması ayrıca yer tutur. Xüsusilə İŞİD və "əl-Qaidə" Mərkəzi Asiya ölkələri üçün təhdiddir. Bunun fonunda son zamanlar Mərkəzi Asiyadan çıxan gənclərin İŞİD sıralarında fəallaşması təhlükə siqnalıdır. Rusiya FTX-sinin verdiyi məlumata görə, həmin təhlükə xeyli güclənib və hətta şimal istiqamətində onlar irəliləyərək Rusiya ərazisinə daxil ola bilərlər.

İndi İŞİD Əfqanıstanda güclü olsa da, Qırğızıstan, Tacikistan, Özbəkistan və Qazaxıstan istiqamətlərində fəaliyyətinə ara vermir.

Burada region üçün narkoticarətin yaratdığı riski ayrıca vurğulamaq lazımdır. Bu məsələ hazırda orada o qədər aktuallaşıb ki, regionun iqtisadi sisteminə ciddi mənfi təsirdən danışırlar. Təbii ki, bunun fonunda təhlükəsizlik faktoru daha da aktual görünür. İstanbulda "Reina" terrorunu məhz Mərkəzi Asiya kökənli gəncin həyata keçirməsi çox ciddi siqnaldır. Heç kəs şübhə etmir ki, həmin amansız hadisələr Mərkəzi Asiyanın istənilən ölkəsində təkrar ola bilər.

Digər qeyri-sabitlik faktoru region ölkələrindəki siyasi keçidlərlə əlaqəlidir. Burada Özbəkistanda İ.Kərimovdan sonra ölkədəki siyasi vəziyyət, Qazaxıstanda yaxınlaşmaqda olan siyasi varislik prosesi və Qırğızıstanda prezident seçkiləri diqqətə alınmalıdır. "Stratfor"un qənaətinə görə, bu kimi proseslərə region ölkələrinin siyasi dairələri mərkəzi hakimiyyəti gücləndirməklə reaksiya verəcəklər (bax: əvvəlki mənbəyə). Bunun fonunda mümkün təhlükələrə qarşı daha sərt mübarizə üsulu seçiləcək. Deməli, Mərkəzi Asiyada siyasi radikalizm yeni səviyyəyə yüksələ bilər. Bu da region dövlətlərinin daxilində siyasi sabitsizliyə yol açar.

Digər tərəfdən, region ölkələrinin təhlükəsizlik məsələlərinə daha çox önəm verməsi bu prosesdə Rusiya və Çinin dəstəyinə daha çox ehtiyacın yaranması anlamına gəlir. Moskva və Pekin də bunda maraqlıdırlar. Onlar hətta təhlükəsizliyi təmin etməkdə rəqabətə girməkdən çəkinməyəcəklər. Özbəkistanın enerji və hərbi sahələrdə Rusiya ilə daha da yaxınlaşması, Qırğızıstan və Tacikistanın isə Çinə meyl etməsi gözlənilir (bax: əvvəlki mənbəyə).

Qazaxıstanda vəziyyət bir qədər başqa cürdür. Orada artıq N.Nazarbayevin ətrafındakı bəzi qüvvələrin "təmizlənməsi"nə start verilib. Ekspertlər hesab edirlər ki, burda əsas məqsəd siyasi varisliyi təmin etməkdən ibarətdir. Onun fonunda isə ölkənin xarici əlaqələrinin inkişafı gözləniləndir. Lakin daxildə terror qrupları təhlükəsi hələ də saxlanır. Eyni zamanda, böyük dövlətlərin regiondakı maraqları uğrunda şiddətli mübarizə aparması xüsusi təhlükə yaradır. Bu aspektdə energetik və maliyyə sektorlarında Qazaxıstanın ata biləcəyi addımlar təhlükəsizliyin və varisliyin necə təmin olunacağı ilə sıx bağlı görünür.

Beləliklə, 2017-ci ildə geosiyasi məkan kimi Mərkəzi Asiyanın özəlliyi burada geosiyasi sabitliyin təmin edilməsi ilə bağlıdır. Hələlik ekspertlər orada yüksək riskin olduğunu vurğulayırlar. Risk faktoru yekun halında Mərkəzi Asiyanı ciddi təhlükələrə sürükləyə bilər. Region ölkələrində hakimiyyətin daha çox mərkəzləşdirilməsi prosesi isə radikal qrupların fəallaşmasına əlavə bəhanə ola bilər. Əsas təhlükənin İŞİD tərəfindən olması ehtimalı az deyil. Belə görünür ki, bu il Mərkəzi Asiya çox vacib bir mərhələyə qədəm qoyur. Həm qlobal miqyasda geosiyasi fəallığın Şərqə tərəf keçməsi, həm regional miqyasda mövcud olan müxtəlif xarakterli ziddiyyətlər, həm də ölkələrin daxilində qabaran siyasi, sosial, iqtisadi problemlər kifayət qədər həssas vəziyyət meydana gətirir.

Newtimes.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.