Saxta içkini necə tanımaq olar?

31-01-2017, 09:17           

Elmdə onun adı "tərkibində etanol (alkoqol) olan içki"dir. Dünya Səhiyyə Təşkilatının 2014-cü ilə olan hesabatına görə, dünyada ildə ortalama adambaşına spirt istehlakı 6,2 litr təşkil edir. Ölkələr üzrə qruplaşdırdıqda 15 yaşlı və ondan yuxarı ingilislər ildə 11,6 litr spirtli içki qəbul edirlər. Lakin ingilislər alkoqol qəbuluna görə Avropada birinci deyillər. Adambaşına ən çox spirt istehlak edən ölkə Belarusdur. Burada spirt istehlakı 17,5 litrdir. İkinci yerdə Moldova (16,8 litr) üçüncü yerdə Litva (15,4 litr) gəlir. Amerikada bu rəqəm adambaşına 9,2 litrdir. Şimal Afrika ilə Orta Şərqdə isə bir nəfər ildə 2,5 litr spirtli içki qəbul edir. Azərbayca gəlincə, 2014-cü ildə adambaşına düşən alkoqol istehlakı 1.75 litr olub. İnsan orqanizmi üçün onsuz da xeyirli olmayan sprirtli içkinini keyfiyyəti azaldıqca, mənfi təsirləri artır. Bu baxımdan spirtli içki alarkən onun keyfiyyətinə mütləq diqqət etməliyik. Alkoqollu içkilərin keyfiyyətini necə təyin etmək olar?
Publika.az-ın oxucularına bu işdə “Ayırtman” layihəsi yardımçı olacaq.
Spirtli içkilərin mənfi təsirləri
Spirtli işkilər beyin hüceyrələrinə və neyronlara təsir edərək, onları fəaliyyətdən saxlayır. Çox hallarda beyindəki nazik damarların partlamasına, qanın laxtalanmasına səbəb olub, qanın normal qaydada dövr etməsinin qarşısını aldığına görə infarktla nəticələnir. Bəzi hallarda isə beyində əzələlərin yığılmasına, şişlərə və qan təzyiqinin yaranmasına səbəb olur. Bu da bədən üzvlərinin iflic vəziyyətinə düşməsilə nəticələnir. Bundan əlavə, spirtli içkilər müxtəlif xəstəlilkərin, o cümlədən əllərdə və ayaqlarda titrəyişlərin yaranmasına, bədən üzvlərinin nəzarət altına alınmasında bacarıqsızlığa, zahiri və batini hiss orqanlarının zəifləməsinə, ifrat dərəcədə yuxusuzluğa və qarışıq yuxular görməyə səbəb olur.
Spirtli içkilər həmçinin dilin hissiyatını və dadbilmə qabiliyyətini təsirdən salır, ağız şirəsini azaldır və onu normal haldan çıxarır. Həmçinin, mədə vəzlərini təhrik edir, mədə şirəsinin turşuluğunu azaldır, həzm yollarının bağlanması ilə (buna pepsin deyilir), çox hallarda bəlğəm və ya qan laxtaları ilə qarışıq olan qusmaya səbəb olur. Eləcə də mədə və bağırsaqlarda müxtəlif xəstəliklər törədir, mədənin həddindən artıq genişlənməsinə, bağırsaqlarda qaşınmaya, həzm sistemində iltihabın yaranmasına səbəb olur. Həmçinin böyük bağırsağa xəsarət dəyməsi nəticəsində güclü ishal və ya ifrazatın qarşısının alınması kimi xəstəliklər spirtli içkilərə adət edən şəxslərdə çox müşahidə olunur. Spirtli içkilər ən çox da qaraciyərin düşmənidir. O qaraciyəri zəiflədir, müxtəlif şişlər əmələ gətirir.
Keyfiyyəti aşağı olan içkilər
Ölkədə istehsal olunan və xaricdən gətirilən bir sıra alkoqollu içkilərin sanitar-gigiyena normalarına uyğun gəlməməsi və aşağı keyfiyyətli belə malların satışı ciddi təhlükə mənbəyinə çevrilib və narahatlıq yaratmaqdadır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən bildirirlər ki, əhalinin sağlamlığının qorunması və daxili bazarın müdafiəsi ilə bağlı məsələlərin həllinə yönəlmiş tədbirlər bu sahədə dövlət nəzarətinin gücləndirilməsini, həmin məhsulların istehsalında və idxalında lisenziya qaydalarının, satışında aksiz markalarının tətbiqinin təmin edilməsini nəzərdə tutur:
”Alkoqollu içkilər etil spirtinin istifadəsi ilə hazırlanmış sənaye məhsullarıdır. Tərkibində karbohidratları çox olan məhsullardan spirtə qıcqırtma yolu ilə əldə edilən təbii etil spirti dənli bitkilər, kartof, müxtəlif meyvələr və s. kimi xammaldan alınır və spirtli içkilərin istehsalında istifadə olunur. Sintetik üsulla alınan etil spirtinin tərkibində müxtəlif qarışıqlar olduğundan ondan yalnız texniki məqsədlər üçün istifadə edilir. Tərkibindəki spirtin miqdarından asılı olaraq bu içkilər yuksək alkoqollu, tünd, orta alkoqollu və az alkoqollu növlərə bölünür. İstehlakçıların daha çox istifadə etdiyi tərkibində etil spirtinin miqdarı 31-65% olan tünd içkilər– araq, rom, viski, konyak, 9-30% olan orta alkoqollu – likyor, çaxır və 1,5-8% az alkoqollu – pivədir”.
Mövcud qanunvericiliyə görə, respublika ərazisində alkoqollu malların satışı və istehsalı mütləq olaraq lisenziya əsasında həyata keçirilməlidir. Satıcı alıcıya lisenziyanın nömrəsi qeyd olunan informasiyanı, onun verilmə tarixini və hansı orqan tərəfindən verildiyini bildirməyə borcludur. Satıcı mal və onun istehsalçısı haqda məlumatı mütləq vaxtında alıcıya çatdırmalıdır ki, alıcı düzgün seçim edə bilsin.
Markalanma, qablaşdırma
Alkoqollu içkilər markalanmalı və etiketində məhsulun adı, mənşəyi haqqında (istehsalçısı və istehsal olunduğu ölkə) məlumat, istehsalında istinad olunan standartın nömrəsi və sertifikatlaşdırılma barədə qeyd, spirtin faizlə miqdarı, doldurulma tarixi, tərkibində aromatik maddələr varsa onun miqradı, həcmi və s. məlumatlar olmalıdır. Alkoqollu içkilərin satışı zamanı mütləq nəzarət-kassa aparatlarından istifadə olunmalıdır. Alkoqollu içkilər doldurulmuş butulkaların ağzı qapaqla möhkəm bağlanmalıdır. Aliminium folqadan hazırlanmış qapaqların içərisinə sellofanla örtülmüş kartondan astar qoyulmalıdır. Cod sudan istifadə edilməsi bu içkilərin bulanıqlaşmasına səbəb olur.
Bu məhsulların məktəblərdə, uşaq müəssisələrində, mədəni-məişət obyektlərində, müalicə-profilaktik mərkəzlərində və bu müəssisələrə çox yaxın yerlərdə, eləcə də 18 yaşına çatmamış şəxslərə pərakəndə satışı qadağandır. Pivə istisna olmaqla, tündlüyü 18 faizdən çox olmayan içkilərin plastik, tetrapak tipli və dəmir qablarda satışına yol verilmir.
Keyfiyyətli içkini necə tanımaq olar?
Spirtli içki alarkan istehlakçılar birinci növbədə şüşə qabı nəzərdən keçirilməli, onun saxlanma və hazırlanma müddətinin dəyişdirilməməsinə diqqət yetirməlidir. Eyni zamanda şüşə butulkanın qapağının çıxıntısız olmasına, etiketində yuxarıda qeyd edilən məlumatların olmasına diqqət yetirilməlidir. Alkoqollu içkilər quru, havası yaхşı dəyişdirilə bilən anbarlarda 10-20ºC temperaturda, vertikal vəziyyətdə saхlanmalıdır. Rəngli likör-araq məmulatlarının tərkibindəki boya maddələrinin parçalanmaması üçün işığın düz təsirindən qorumaq lazımdır.
Bir çoxları üçün alkoqollu içkilərin keyfiyyətinin necə yoxlanılması təbii ki, maraqlıdır. Ticarət şəbəkəsində bu məhsulların keyfiyyətini yoxlamaq üçün alıcı birinci növbədə onu möhkəm çalxalamalıdır. Bu zaman əgər butulkanın içində iri qabarcıqlar əmələ gələrsə, bu malın keyfiyyətinin itirməsinə dəlalət edir, əksinə xirda qabarcıqlar görünürsə onda içki keyfiyyətlidir. Eyni zamanda alkoqollu içkilər alarkən qabın üzərində yapışqan izlərinin olmamasına, hazırlanma və saxlanma müddətlərinin dəyişdirilməməsinə, qapağının çıxıntısız olmasına və s. diqqət edin. Nəzərə alın ki, keyfiyyətsiz alkoqollu içkilər sağlamlığınız üçün ciddi təhkükə mənbəyidir.
Likör-araq məmulatının keyfiyyət göstəriciləri yoxlanarkən əvvəlcə taranın və butulкanın xarici görünüşü, etiketə verilən tələb və içkinin axıb-axmamasına fiкir verilir. Araq və likör-araq məmulatı doldurulmuş butulkalar təmiz, bütöv, etiketi düz yapışdırılmış və cırıq olmamalıdır, metal qapaqda istehsalçının möhürü çox aydın görünməlidir. Butulkalara gün işığında baxdıqda içki şəffaf və rəngi aydın olmalıdır, çöküntü, asılı hissəciklər və bulanıq olmamalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.