“İcra hakimiyyətlərinin müdaxiləsi aradan qaldırılmalıdır”
9-11-2017, 12:24
Bu il Azərbaycanda bir çox sahələr üzrə məhsuldarlıq gözlənildiyi kimi olmadı və proqnozlaşdırılan rəqəmlər özünü doğrultmadı. Səbəb isə fermerlərin aqrotexniki qaydaları tam bilməməsi, bölgələrdə əkin sahələrində suvarma probleminin olması, əsasən də fermerlərə seçim azadlığının verilməməsi və əkiləcək məhsulun inzibati qaydada diqtə edilməsi oldu. Məsələn, pomidor-xiyar kimi tərəvəz məhsulları əkməklə məşğul olan fermerin pambıq əkməyə məcbur edilməsi və yan taxıl əkmək istəyən fermerin şəkər çuğunduru əkməyə məcbur edilməsi son nəticədə məhsuldarlığın aşağı düşməsinə səbəb oldu.
Bu il bölgələrdə ən çox əkilən bitki növlərindən biri də pambıq və şəkər çuğunduru oldu. Hökumət bu iki strateji məhsula böyük diqqət ayrıldı. Lakin hər iki bitki susevən olsa da, suvarma sistemlərinin normal olmaması, həmçinin yığım vaxtı yağışın çox düşməsi məhsuldarlığı minimuma endirdi. Bu da onun nəticəsidir ki, inzibati göstərişlər verilərkən fermerin bilik və bacarıqları, torpağın məhsuldarlıq səviyyəsi, ərazinin iqlimi və suvarma sisteminin vəziyyəti nəzərə alınmır.
Bu durumu təhlil edən iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, sovetdən qalma yanaşma, inzibati qayda ilə əmr verməklə iqtisadiyyatı idarə etmək mümkün deyil: “Kənd təsərrüfatında hər hansı bir ciddi planlaşdırma aparmadan, sadəcə mərkəzdən gələn əmrlərlə hər hansı sahəni inkişaf etdirmək effektiv yol deyil. Bunu keçdiyimiz 70 illik sovet təcrübəsi də sübut elədi. Bu həm korrupsiyaya yol açan səbəblərə gətirib çıxarır, həm effektivliyi aşağı salır, həm məhsuldarlığı azaldır. Azərbaycanın kənd təsərrüfatında ən böyük problemlərdən biri məhsuldarlıq həcminin çox aşağı olmasıdır. Hətta bizdə müxtəlif kənd təsərrüfatı məhsulları üzrə Avropa aqrar sektorunun göstəricilərindən 3 dəfə aşağı məhsuldarlıq müşahidə olunur. Əsas səbəblərdən biri isə suvarma sistemlərinin olmamasıdır. Azərbaycanda su ehtiyatları kifayət qədər aşağı səviyyədədir. Su ehtiyatlarının az olması suvarma problemini hər zaman aktual edib. Sovet vaxtından qalma müəyyən suvarma kanalları şəbəkəsi mövcud idi. Bəziləri son 20 ildə dağıdıldı. Çünki kənd təsərrüfatının inkişafı müstəqillikdən 20 il keçəndən sonra yada düşdü. Böyük neft pulları dövründə kənd təsərrüfatı yada düşmürdü və məhsuldarlıq da aşağı düşürdü, istehsalın həcmi azalırdı. Ölkənin gəlirləri artdıqca bu sahəyə diqqət artırıldı”.
Ekspert hesab edir ki, kənd təsərrüfatının inkişafı ilə bağlı hər bir sahə üzrə bir əməliyyat planı olmaldır: “Planda əksini tapan məsələ problemlərin təsbit olunması , daha sonra onun həlli yollarının tapılması və bunun müəyyən zaman çərçivəsində həlli üçün addımların atılması ilə bağlı olmalı idi. Azərbaycanda məsələn, pambıqçılıq inkişaf etdirilir. Pambıq ən çox su tələb edən bitki növlərindən biridir və bunun yetişdirilməsində problemlər var. O cümlədən şəkər çuğunduru istehsalını da inkişaf etdirməyə çalışırlar ki, xaricdən almasınlar. Bu günə qədər zavodun aldığı xammalın 90 faizə yaxını xaricdən - Braziliyadan başlamış Afrikaya qədər müxtəlif ölkələrdən alınırdı. Ancaq çuğunduru da əmrlə yetişdirmək olmur. Bunun altyapısı hazırlanmalıdır, suvarma sistemi qurulmalıdır. Həmçinin alış qiymətləri də kəndliyə sərf edəcək bir formaya salınmalı idi. Nə vaxta qədər ki, fermerin maraqlarına cavab verən bir yanaşma olmayacaq, bu sahədə atılan addımlar da effekt verməyəcək. İndi də biz bunun şahidi oluruq. Bir çox sahələrdən gələn gəlir, o sahələrə dövlət tərəfindən ayrılan vəsaitlərin altında qalır. Dövlət daha çox pul xərcləyir, ancaq daha az gəlir götürür. Bu da ciddi problemlərdən biridir”.
İqtisadçının fikrincə, neqativ məqamlardan biri də kənd təsərrüfatı ilə bağlı görülən işlərə yerli icra başçılarının müdaxiləsidir: “Aqrar sektor bazar qaydaları ilə idarə olunmur. İcra başçısının kənd təsərrüfatında nə işi var? Hətta alış-satış işləri ilə də məşğul olurlar. İcra hakimiyyəti orqanları yerli idarəetmənin təkmilləşdirilməsində və daha effektiv idarəetmədə maraqlı olmalıdırlar. Ancaq bu onlara icazə vermir ki, kənd təsərrüfatında hansı sahədə nə əkiləcəyinə, hazır məhsulun neçəyə alınacağına qərar versinlər. Bununla kommersiya təşkilatları məşğul olmalıdır”.
N.Cəfərli vurğuladı ki, biznes təfəkkürü önə çıxsa, kəndli ilə kommersiya qurumu arasında əlaqələndiricinin olmasına ehtiyac qalmaz: “Əgər İmişlidəki şəkər zavodu fermerlərlə özü razılaşsa və konkret qiymət müəyyən etsə, orada vasitəçilərin iştirakına ehtiyac qalmayacaq. Hətta elə bir sistem qurmaq olar ki, zavod fermerlərə gələcək məhsulun pulunun bir hissəsini öncədən ödəsin ki, onlar da özü xərclərini ödəsinlər. Türkiyədə də bu model çoxdan işləyir və çox yaxşı effekt verir. ”Ziraat" bankı Türkiyədə ilk qurulan banklardan biridir və fermerlərin ehtiyaclarını ödəmək üçün çox yaxşı təkliflər edir. Bu bank dövlətin nəzarətində olan bankdır , uzunmüddətli və faizsiz kreditlər verir. Məhsul əkilən zaman onun gələcək dəyərinin bir hissəsini öncədən verir ki, fermerin əlində vəsait olsun. Yanacağın baha olduğunu nəzərə alaraq, güzəştli şərtlərlə yanacaq satışı həyata keçirir. Bizdə hələ ki, bu model yoxdur". \\musavat.com\\