Sosioloq “Gallup”un Azərbaycanla bağlı sorğusunu savadsız adlandırdı - səbəb

14-09-2018, 10:33           
Sosioloq “Gallup”un Azərbaycanla bağlı sorğusunu savadsız adlandırdı - səbəb
Əhməd Qəşəmoğlu: “Hansısa metodla Amerikada, Almaniyada sorğu keçirirlərsə, eynilə Azərbaycanda sorğu keçirmək doğru deyil”
Dünyada 2017-ci ildə xoşbəxtlik səviyyəsi son 10 ildə ən aşağı səviyyədə olub. Bunu ABŞ-ın “Gallup” İnstitutunun sorğusunun nəticələri göstərir. Araşdırma stress və narahatlıq hisslərini ifadə edən insanların sayının artmaqda olduğunu təsdiqləyib.

Tədqiqatçılar əhalisi xoşbəxt olmayan ölkələr sırasında ilk yerə müxtəlif qruplaşmalar arasında baş verən döyüşlər nəticəsində onminlərlə insanın ev-eşiyini tərk etməyə məcbur olduğu Mərkəzi Afrika Respublikasını layiq görüblər.

Bu baxımdan ikinci sırada əhalisinin 59% xoşbəxt olmayan İraq qərarlaşıb. Siyahıda Cənubi Sudan (55%), Misir (47%) və İran (45%) da var.

Müsbət emosiyalar üzrə liderlər isə Latın Amerikası ölkələridir. Belə ki, əhalisi ən xoşbəxt olan ölkələrin sıralamasında ilk üç yeri Paraqvay (85%), Kolumbiya və Salvador (hər ikisi 82%) tutub.

Qeyd edək ki, Azərbaycanda aparılan sorğunun nəticələrinə əsasən, əhalinin yalnız 19%-i özünü xoşbəxt hiss etmədiyini bildirib. Ölkəmizdə hər 10 respondentdən 4-ü xoşbəxt olub-olmadığı barədə sualı cavablandırmaqda çətinlik çəkib.

Ümumilikdə sosioloqlar dünyanın 147 ölkəsində yetkin insanlardan bir gün əvvəl müsbət emosiyalarla yaşayıb-yaşamadıqlarını soruşublar. Sorğuda toplam 145 mindən çox insan dindirilib.



Əhməd Qəşəmoğlu: “Bu sorğunun heç bir elmi əsası yoxdur”

“Gallup”un sorğusunda ən çox diqqətçəkən məqam heç şübhəsiz ki, Azərbaycanla bağlı olan hissədir. Əhalinin cəmi 19 faizinin özünü xoşbəxt hiss etmədiyini deməsi yerdə qalan 81 faizin xoşbəxt olması barədə təsəvvür yaradır. Daha bir məqam isə hər 10 respondentdən 4-nün xoşbəxt olub-olmadığı barədə sualı cavablamaqdan imtina etməsidir. Əslində bu, bir psixoloji xəritədir: insanlar niyə yalandan xoşbəxt olduqlarını söyləyirlər? Və ya niyə bu barədə sualı cavablamaqdan imtina edirlər?
Öncə mövzunun psixoloji qatlarını araşdırmağa çalışdıq. Sosioloq Əhməd Qəşəmoğlu dedi ki, hər il sosiologiyadan mühazirə oxuyarkən tələbələrinə sosioloqun insanlara “xoşbəxtsənmi” sualı verməyə ixtiyarı olmadığını deyir. Onun sözlərinə görə, bu cür sorğuların əksəriyyəti spekulyativdir və bunlara elmi baxımdan şübhə ilə yanaşılmalıdır: “Heç vaxt heç bir sosioloq birbaşa belə sual verməməlidir. Çünki bu, savadsız bir sualdır. Sosioloq özü xoşbəxtliyin əsas parametrlərini düşünməlidir. Bu sualı dolayısı ilə soruşurlar, birbaşa yox. Sizin haqqında sual verdiyiniz sorğunu hansı mərkəz keçiribsə, metodoloji baxımdan səhvə yol verib. İkinci tərəfdən, Azərbaycanda sorğu zamanı sorğu keçirmə texnologiyasında səhvə yol verilir. Mən bu barədə dəfələrlə demişəm. Hansısa metodla Amerikada, Almaniyada sorğu keçirirlərsə, o metodla Azərbaycanda sorğu keçirmək doğru deyil. Əgər Azərbaycan əhalisi o sorğulara cavab vermirsə, başqa texnologiyalar üzə çıxarmaq lazımdır. Bu sual heç bir elmi əsası yoxdur”.

Sosioloq bildirdi ki, insanların qeyri-səmimi şəkildə sualı cavablandırmaları da mümkündür. Belə Azərbaycan televiziyalarında insanlar öz aralarında qeyri-səmimi söhbətlər edirlər: “Səmimi danışmaq tələbatı formalaşmayıb. 80-ci illərin axırı, 90-cı illərin əvvəli insanlar bu sorğulara qarşı daha diqqətli idi. Amma indi o qədər sorğular keçirildi ki, insanlarda buna qeyri-ciddi münasibət yarandı. Bir çox hallarda bu sorğu keçirənləri başından eləmək də var. Mənim bu sahədə saçım-saqqalım ağarıb. Azərbaycanda bu cür sorğular xüsusi metodologiya ilə keçirilməlidir. İnsanlar az danışmağa, az söz deməyə öyrəşiblər. Səmimi, dəqiq cavab vermək bir səmimiyyətdir. Biz insanlarda o səmimiyyəti formalaşdıra bilməmişik”.


İnsan yalandan xoşbəxt olduğunu deyir, çünki...
Psixoloqlar isə sübut edir ki, bəzən insanlar sırf autotreninq məqsədi ilə xoşbəxt olduqlarını deyirlər. Özlərini inandırmaq, güclərinə mənəvi güc qatmaq, habelə başqalarının gözündə gücsüz görünməmək üçün. Məhz bu üç amil insanın bəzən xoşbəxtliklə bağlı dediyi yalanları izah edir. Bundan başqa, alimlər insanların ən çox danışdığı yalanların siyahısında özlərini necə hiss etmələri ilə bağlı dediklərinin liderlik etdyini bildiriblər. İnsanlar hər iki halda yalan danışmağa üstünlük verir: xoşbəxt olanda da, bədbəxt olanda da.

Ümumilikdə isə idealistlər materialistlərdən daha xoşbəxtdirlər. Kolorado Universitetinin professoru Yan Bouven belə hesab edir. Maddi mülkiyyətə vəsait yatıran insan mənəviyyatını zənginləşdirən insandan xoşbəxt ola bilməz. Buna baxmayaraq, maddi cəhətdən varlı adamlar daha populyar olurlar.

Belə hesab olunur ki, sabit maddi durum sosial münasibətləri yaxşılaşdırır. Lakin həyatda bunun əksi müşahidə edilir. Materialistlər arasında sosial münasibətlərin keyfiyyəti aşağı olur. Belə adamlar yaxşı, sadiq dostlar qazana bilmirlər. Halbuki, keyfiyyətli sosial münasibətlər xoşbəxtliyin və sağlamlığın rəhnidir.

Özünü xoşbəxt hiss edənlərin İQ səviyyəsi...
Zəka və bilik səviyyələri aşağı olan insanların biçarə, bədbəxt və depressiya vəziyyətində olma şansı ağıllılardan daha çoxdur. «Psychological Medicine» bildirir ki, London Kral Kolleci və «Adult Psychiatric Morbity Survey in England»ın birgə araşdırmaları zamanı alimlər bilik və zəka qabiliyyətinin insan həyatında daha az gəlir, yoxsulluq, müxtəlif problemlər, gündəlik yaşamda məşəqqətlər, başqalarının yardımlarına ehtiyac duymağa səbəb olur.Bütün bunları yaşayan insan, çətin ki, özünü bəxtəvər saysın.

6700 nəfərin qatıldığı anonim sorğu və sonrakı eksperimentdə könüllülərə özlərini bəxtəvər hiss edib-etmədikləri barədə suallar verilib. "Özümü yaxşı, bəxtəvər hiss edirəm" deyənlərin 43 faizinin İQ səviyyəsi 120-129 arasında olub. "Özümü çox pis, bədbəxt hiss edirəm" deyənlərin 79 faizinin İQ səviyyəsi 79-dan artıq olmayıb.

Tədqiqatın rəhbəri, professor Ancela Hassutisin dediyinə görə, yoxsul ailələrdə böyüyən uşaqların sonradan cəmiyyətin üst qatlarında yer tutmaları çox çətin olur.

«Bu səbəbdən də savadsız insanlara dəstək verilməlidir», - Hassutis bildirib.

«Bədəninizin qayğısına qalmaq vacibdir, ancaq münasibətlərinizə fikir verməyiniz də özünə qulluğun bir formasıdır. Məncə, bu yenilikdir», - Harvard Tibb Məktəbinin professoru, psixiatr Robert Valdinger ötən il universitetin «The Harvard Gazette» nəşrinə deyib.

Valdinger 2015-ci ildə internetdə çox paylaşılan «TED çıxışında» bildirmişdi ki, «yaxşı münasibətlər bizi xoşbəxt və sağlam saxlayır».

Hazırda davam edən tədqiqatsa dünyada böyüklərin həyatına həsr olunmuş ən uzun araşdırmadır. Tədqiqat 1938-ci ildə, Böyük Depressiya zamanı başlayıb.

Araşdırmanın məqsədi insanların həyatlarının ilk çağlarındakı psixi-sosial göstəricilər və bioloji proseslərin 80 və 90 yaşlarında onların səhhətinə, rifahına necə təsir etdiyini ortaya çıxarmaqdır.

Son 79 ildə tədqiqatçılar 724 kişinin həyatını izləyiblər. Onların hər biri ilə hər il görüşüb işləri, evdəki həyatları və səhhətləri ilə maraqlanıblar. Valdingerin sözlərinə görə, bu insanlara təkcə sorğu kağızları verilməyib, onlarla evlərində müsahibə aparılıb, həkimlərindən tibbi qeydləri alınıb, qan analizləri götürülüb, beyinləri MRI-dan keçirilib və hətta uşaqları ilə söhbət edilib.

Valdinger öz çıxışında deyir ki, iştirakçılar iki qrupa bölünüb. Birinci qrup tədqiqat yeni başlayanda Harvard kollecində bakalavr təhsilinə yenicə başlamış, kolleci İkinci Dünya müharibəsi dövründə bitirmiş, çoxu təhsilini bitirdikdən sonra müharibəyə, hərbi xidmətə getmiş adamlardır. İkinci qrupsa 1930-cu illərdə Bostonun (eyni şəhərdir) yoxsul məhəllələrində böyüyən oğlanlardan ibarətdir. Alimlər onları məhz problemli, yoxsul ailələrdə böyüdüklərinə görə seçiblər.

Alimin sözlərinə görə, bu insanlar haqda on minlərlə səhifəlik tədqiqat məlumatı toplanandan sonra gəlinən aydın mesaj bundan ibarətdir: «Yaxşı münasibətlər bizi daha xoşbəxt və daha sağlam edir».

Xoşbəxt evlilik yaşayan 80-yaşlı kişilər və qadınlar daha çox fiziki ağrı duyduqları günlərdə əhvallarının yüksək qaldığını bildiriblər. Xoşbəxt münasibətlərdə olmayan adamlarda isə, əksinə, emosional ağrı fiziki ağrını daha da gücləndirib.

Valdinger yaxşı münasibətlərin beyinə, zehin açıqlığına, yaddaşın itiliyinə də təsir etdiyini deyib. Ehtiyac olduqda partnyorlarına güvənə bildiklərini hiss edən insanlar daha kəskin yaddaşa malikdirlər və hər şeyi daha uzun müddət yadda saxlayırlar. Əksinə, partnyorlarına güvənə bilməyəcəklərini düşünənlərinsə yaddaşı daha erkən yaşlarda zəifləyib.

Valdinger güclü, keyfiyyətli münasibətlər qurmaq istəyən adamlara ekran qarşısında keçirdikləri vaxtı insanlarla keçirməyi, birlikdə yeni işlər görməklə münasibətləri təravətləndirməyi, məsələn, uzun gəzintilərə, romantik görüşlərə çıxmağı, yaxud da illərlə əlaqə saxlamadığınız qohumunuza zəng vurmağı tövsiyə edir.

Pul və xoşbəxtlik əlaqələri...
BBC-nin hazırladığı materiallardan isə aydın olur ki, pul insanın xarakterinə elə təsir edir ki... bəzən heç xoşbəxt olmağa da imkan vermir. Kalifornia Universitetində aparılan başqa bir araşdırmada isə “Titanikdə olsaydım, xilasetmə gəmilərinə minmək haqqı olan ilk insanlardan biri mən olmalıydım” ifadəsinə zənginlərin daha çox səs verdikləri məlum olub. Bundan başqa zənginlərdə səhvini qəbul etməmək və hər işdə yaxşı olduqlarını düşünmək meylinin daha güclü olduğu müəyyən edilib.

Başqa bir araşdırmada isə fərqli gəlir səviyyəsi olanlardan ibarət qrup üzvlərinə 10 dollar verilib və bunun nə qədərinin xeyriyyə təşkilatlarına bağışlanacağı nəzərdən keçirilib.

Gəlir səviyyəsi daha az olanların daha çox yardım etdikləri müşahidə edilib. Lakin bu insanlar bu sınağa qatılmadan əvvəl zəngin olublar. Bəlkə də onları belə davranmağa vadar edən zəngin olmaqları deyil, onlar bəlkə də bu davranışları sayəsində zəngin olublar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.