“Yatdığım yerdə bıçaqla gözümdən vurdu...” - Amansız qisasın şok təfərrüatı

24-09-2018, 09:38           
“Yatdığım yerdə bıçaqla gözümdən vurdu...” - Amansız qisasın şok təfərrüatı
Bakıda qaynını öldürməyə cəhd etməkdə təqsirli bilinən Qubadlı rayonu sakini 1987-ci il təvəllüdlü Səyyaf Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teref.az Teleqraf.com-a istinadən xəbər verir ki, Səyyaf Həsənov keçmiş arvadı Xanım ilə 29 mart 2016-cı il tarixdə Yasamal rayon Məhkəməsinin qətnaməsinə əsasən boşanıb.

Boşanma davası

Daha sonra Səyyaf 2016-cı ilin aprelində Xanım ilə barışmaq üçün sonuncunun yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsindəki evinin qarşısına gəlib.

Səyyaf qayınatası Roman ilə söhbət edən zaman sonuncunun oğlu Elnur Cəbrayılov onun narkoman olması və narkotik maddə qəbul etməsi barədə deyib.

Cehiz iddiası

Daha sonra Səyyaf dəfələrlə Xanım ilə barışmağa cəhd göstərsə də, nəticəsi olmayıb. Xanımın “cehiz əmlakının tələbinə dair” iddia ərizəsinə 21 iyun 2016-cı il tarixdə Qubadlı rayon Məhkəməsində baxılarkən Səyyafın atasının Xanımın dayısı arasında mübahisə baş verib.

Bundan sonra Səyyaf qayınanası olmuş Səbinənin ailə işlərinə qarışaraq boşanmasına səbəb kimi, habelə Elnurun onun haqqında narkoman olması barədə danışmasını onun Xanım ilə barışmasına maneə kimi qəbul edib.

Bu səbəbdən Səyyaf qisas almaq niyyəti ilə Elnuru qəsdən öldürmək qərarına gəlib.

İyunun 25-də, gecə saat 2.45-də Elnurun yaşadığı Sulutəpə qəsəbəsindəki evə gələn Səyyaf hasardan həyətə tullanıb.

Gecə yarısı qətl

Daha sonra Səyyaf Elnurun yatdığı otağa daxil olub. O, otaqda çarpayıda uzanıqlı vəziyyətdə mobil telefonla kinoya baxan və kənardan gələ biləcək hər hansı bir təhlükəyə qarşı tamamilə müqavimət göstərmək imkanı olmayan Elnura çoxsaylı bıçaq zərbələri vurub.

Lakin həmin vaxt Elnurun qışqırması ilə evdə olan anası, bacısı və atası səsə gəliblər. Bu zaman Səyyaf hadisə yerindən uzaqlaşıb.

Bundan sonra Elnur ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İki maddəli cinayət işi

İstintaq orqanı tərəfindən Səyyaf Həsənovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddəsi ilə ittiham elan edilib.

“Atama oxşamadığını gördüm”

Zərərçəkmiş şəxs qismində ifadə verən Elnur Cəbrayılov bildirib ki, hadisə baş verən günü yataq otağına keçib və çarpayısına uzanaraq mobil telefonda internetdə kinoya baxıb: “Həmin vaxt hava isti olduğu üçün yatdığım otağın qapısını açıq qoymuşdum. Uzandığım yerdən mətbəxdən bir nəfər şəxsin mənə baxdığını gördüm. Həmin şəxsin atam olduğunu və su içmək üçün mətbəxə keçdiyini düşündüm. Amma həmin şəxsin qaraltısının atama oxşamadığını gördüm. Onun kimliyini bilmək üçün yerimdən durdum. Bu zaman atamın yatdığı otağın qapısı açılıb-bağlandığından, həmin şəxsi atam sanaraq yenidən yerimə uzandım”.

“Əlində bıçaqla durduğunu gördüm”

Zərərçəkmiş qeyd edib ki, sonra uzanıqlı vəziyyətdə telefonda kinoya baxmaqda davam edib: “Qəfildən bir nəfər kəsici alətlə sol göz nahiyəmdən vurdu. Əlimdəki telefon sinəmə düşdü. Telefonun ekranının işığına qabağında keçmiş kürəkənimiz Səyyafın əlində bıçaqla durduğunu gördüm. Həmin an Səyyaf ikinci dəfə əlindəki bıçaqla boğaz nahiyəmə vurmaq istədi, qışqıraraq qollarımı qabağa verdim. Səyyafın zərbəsi sol qol nahiyəmdən dəydi. Səsimə ailə üzvlərim oyandığından Səyyaf yaxalanacağından qorxdu, mətbəxin pəncərəsindən tullanaraq getdi. Evdəkilər oyanıb, köməyimə gəlməsəydi, Səyyaf məni öldürəcəkdi. Ailə üzvlərim məni xəstəxanaya apardılar. Mənim heç kimlə ədavətim və düşmənçiliyim olmayıb. Hesab edirəm ki, bacım Xanım Səyyafdan boşandığından, o, qisas almaq üçün məni öldürmək istəyib”.

Cəza və narazılıq

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səyyaf Həsənov 14 il 3 ay 5 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Səyyaf Həsənov apelyasiya şikayəti verib. O, şikayətində barəsində təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edib.

Səyyaf Həsənovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrlik etdiyi kollegiyada baxılıb.

Hakim kollegiyası Səyyaf Həsənovun apelyasiya şikayətinin qismən təmin edilməsi barədə qərar qəbul edib. Onun cəzası 10 il 2 ay 5 gün müddətinə endirilməsi barədə qərar qəbul edilib.

Bu qərardan prokurorluq narazı qalıb. Prokuror Abbas Abbaslının imzası ilə Ali Məhkəməyə protest daxil olub. Prokurorun protesti araşdırılması üçün hakim Fərhad Kərimovun icraatına verilib.

Kasasiya protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorun protesti təmin olunmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.