1,6 manatlıq "tender kralı"na daha bir sifariş - TƏFƏRRÜAT
Bu gün, 17:39

"Tender kralı" kimi "Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti növbəti tenderin qalibi seçilib.
Qaynarinfo xəbər verir ki, bununla da şirkət cari ildə qazandığı tenderlərin sayını 5-ə çatdırıb.
Şirkətin qalibi gəldiyi bu dəfəki tenderi Cəlilabad Rayon İcra Hakimiyyəti keçirib. Bu tender üzrə satınalma predmeti Cəlilabad şəhərində yolların əsaslı təmiri ilə bağlıdır. Təmir işləri üçün "Elnur-2" Universal İstehsalat Kommersiya Şirkətinə 157 609,27 manat ödəniləcək.
Bundan bir ay əvvəl şirkət Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad Şəhər Nümayəndəliyinin yolların əsaslı təmiri ilə əlaqədar keçirdiyi 423 594,59 manatlıq tenderin qalibi seçilib.
"Elnur-2" Universal İstehsalat Kommersiya Şikrəti 28 avqust 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1,6 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev11/35, mənzil 57-də yerləşən şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur Zaur Abıyev iş adamı kimi populyar deyil. Onun haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Bəlli olan yalnız odur ki, Zaur Abıyev "MTN işi"ndə zərərçəkmiş qismində tanınıb.
"Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti haqqında hər hansı məlumata rast gəlinmir. Medianın "tender kralı" adlandırdığı bu şirkətin nə əlaqə telefonları, nə də internet səhifəsi var. Şirkətin maddi-texniki bazasının hansı səviyyədə olduğu da bəlli deyil.
Şirkət cari ildə bu iki tenderdən başqa Astara Rayon İcra Hakimiyyətinin, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı Şəhər Nümayəndəliyinin və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) keçirdiyi tenderlərin qalibi seçilib.
Bu tenderlər yolların təmiri və ANAMA-ya məxsus qeyri-yaşayış sahəsinin (qazanxana) qazlaşdırılması işlərinin satın alınması ilə bağlı keçirilib.