Bir şəklin tarixçəsi - İki Şeyxülislam bir arada - Allahşükür Paşazadənin əvəz etdiyi QMİ sədri...

30-09-2018, 10:31           
Bir şəklin tarixçəsi - İki Şeyxülislam bir arada - Allahşükür Paşazadənin əvəz etdiyi QMİ sədri...
Sovet Azərbaycanı qırmızı bayraqların təntənəli keçidinə qərq olarkən ictimai həyatın uzaq küncünə sıxışdırılmış Qafqaz Müsəlmanları Ruhani İdarəsi ateist ölkənin vətəndaşları olan azərbaycanlılar arasında öz dayaqlarını mühafizə etməklə məşğul idi.



Ciddi nəzarət altında olan Şeyxülislamlıq postuna daha çox SSRİ-nin müsəlman ölkələri ilə münasibətlərdə vitrin kimi baxılırdı.

1982-ci ildə aparılmış rəsmi qeydiyyata əsasən, ölkədə cəmi 123 molla olub. Onlardan yalnız 16 nəfərinin dini təhsili vari idi.



Teref.az yazır ki, Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında oxuculara maraqlı şəkil təqdim edir. Fotoda Qafqaz Müsəlmanları Ruhani İdarəsinə 1978-80-ci illərdə rəhbərlik etmiş Şeyxülislam Mirqəzənfər İbrahimov və o vaxt onun müavini işləyən, Təzəpir məscinin axundu Allahşükür Paşazadə əks olunub.


Qafqaz müsəlmanlarının XI Şeyxülislamı olan Mirqəzənfər İbrahimov ali dini təhsil almayan yeganə şeyxülislamdır.

Şeyxülislam Mirqəzənfər İbrahimovun çox maraqlı həyat yolu olub.


Mirqəzənfər İbrahimov 1909-cu ildə anadan olub. Gəncliyində daha çox dünyəvi elmlərə meyli ilə seçilən M.İbrahimov gənc yaşlarında bir müddət daxili işlər orqanlarında çalışıb. Daha sonra dünyəvi işlərdən uzaqlaşaraq, dini həyat tərzini seçib. Səkkizinci Şeyxülislam Əliağa Süleymanzadənin qəbuluna gələn M.İbrahimov onun yoxlamasından və imtahanlarından uğurla çıxaraq, bir müddət Quba məscidində axundluq edib. Sonralar isə Gəncə məscidinə axund göndərilib.


Axund Mirqəzənfər İbrahimov daha sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsinin (İdarə o vaxt belə adlanırdı-red.) sədr müavini vəzifəsində çalışıb. Şeyxülislam Əliağa Süleymanzadənin vəfatından sonra 1976-ci ildə Zaqafqaziya müsəlmanlarının 2 il sədri olmayıb.

Yalnız 2 ildən sonra -1978-ildə çağırılmış Zaqafqaziya müsəlmanlarının 7-ci qurultayında Göyçay məscidinin axundu olan Mirqəzənfər İbrahimov Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin yeni sədri – Şeyxülislam seçilim, Allahşükür Paşazadə isə sədr müavini təyin edilib.



Mirqəzənfər İbrahimov marksizim-leninizm nəzəriyyəsinin İslamın mövqeyinə tamamilə uyğun gəldiyini iddia edir, SSRİ dövlətinin milli məsələ haqqında siyasətini İslam dininin “İslam təlimi qarşısında vahid olan beynəlxalq islamiyyət vardır, İslam bayrağı altında bütün millətlərin birliyi və qardaşlığı mövcuddur” prinsipi ilə eyniləşdirirdi.



Onun düşüncələrinə görə, yalnız İslam dini insanlar arasında milli mənsubiyyəti saxlamaqla milli firqələri inkar edir və bu xüsusda milli ədavətə son qoyur.


Şeyxülislam Axund Mirqəzənfər İbrahimov 1980-ci ildə vəfat edib və Bakı şəhərində dəfn edilib.


Həmin il Allahşükür Paşazadə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri seçilərək, Şeyxülislam rütbəsi alıb. 1980-ci ilə qədər qapalı və ictimai həyatdan uzaq olan Qafqaz Müsəlmanları Ruhani İdarəsi Allahşükür Paşazadənin şeyxülislam seçilməsi ilə özünün aktiv dövrünə qədəm qoyub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.