Dünənki qəzaya görə sərnişinlərə nə qədər kompensasiya veriləcək? (ŞƏRH)

2-10-2018, 20:38           
Dünənki qəzaya görə sərnişinlərə nə qədər kompensasiya veriləcək? (ŞƏRH)
Oktyabrın 1-də Bakının Binə qəsəbəsində 160 nömrəli marşurut qatarla toqquşub. Hadisə nəticəsində sərnişinlərin 2-si ölüb, 40 nəfər isə yaralanıb.

EkoNews qəzada insanlara dəyən ziyanın necə ödənilməli olduğunu araşdırıb. Sığorta üzrə ekspert İlkin İbrahimov hadisədə ziyan dəymiş sərnişinlərə sığorta ödənişlərinin hansı formada təyin edilməsi haqqında danışıb:

"İcbari sığortalar haqqında qanuna görə "ölkəmizdə avtonəqliyyat vasitələrinin icbari sığortası" bütün maşınların sığortalanmasını məcburi edir. Hətta artıq sığorta etdirməyənlər DYP-nin radarları ilə avtomatik müəyyən edilərək avtomobil sahiblərinə cərimələr tətbiq olunur. Sığorta olunan avtomobil qarşı maşına (əmlaka) dəymiş ziyan üzrə 5000 AZN, sağlamlığa dəymiş ziyana görə isə 1 hadisə üzrə 50000 AZN məbləğində sığorta ödənişi olunur. Bu tələb icbari sığortalar haqqında qanunla tənzimlənir. Baş vermiş qəzanın təsiri əgər göstərilən məbləğdən artıqdırsa, bu zaman qalan məbləğə görə avtomobil sahibi məsuliyyət daşıyır. Sağlamlığa dəymiş ziyana isə xüsusi diqqət yetirilib. Əgər zərərvuran avtomobilin icbari sığortası olmasa belə, sağlamlığa dəymiş ziyan yenə də ödənilir. Bu ödənişi İcbari Sığorta Bürosu həyata keçirir”.

Ekspert hadisə nəticəsində zərər çəkmiş insanlara sığorta ödənişinin vətəndaşın xəsarət dərəcəsindən aslı olaraq ödəniləcəyini bildirib:

"Günah marşrut sürücüsündə olsa, ondan başqa avtomobildəki şəxslərə, xəsarətin dərəcəsindən asılı olaraq ümumilikdə 50000 min manatı keçməməklə sığorta ödənişi düşəcək. Xəsarətin dərəcəsindən asılı olaraq sığorta ödənişləri aşağıdakı qaydada olacaq:

- Ölüm halına görə 5000 manat, yüngül xəsarət üçün 750 manat, az ağır xəsarət dərəcəsinə görə 1500 manat sığorta ödənişləri veriləcək.

- Ağır xəsarət sonradan bu hal üzrə əlilliyə çevrilərsə, yenidən 1500 manat ödəniləcək, yəni ümumilikdə 3000 manat sığorta ödənişi ediləcək".

Qeyd edək ki, xəsarətin dərəcəsi məhkəmə tibbi ekspertizasının verdiyi rəy əsasında müəyyən edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.