Taleh Qaraşovun polis rəisi olan oğlu Vüsal Qaraşovla biznes ortağı İlham Qasımov yeni ticarət ortaqlığı
15-07-2015, 21:44
Lənkaran şəhr İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun polis rəisi olan oğlu Vüsal Qaraşovla biznes ortağı İlham Qasımov yeni ticarət obyekti alıb. Bu barədə Gunxeber.com-a daxil olan məlumatda bildirilir ki, onlar bir müddət əvvəl Beyləqanda başqa bir şəxs tərəfindən inşa olunan yeni bazarı 600 min manat ödəməklə öz əllərinə keçiriblər.
İndi isə şəriklər həmin bazarı işə salmağa çalışırlar.
Çünki hələ də Beyləqanda sovet dönəmindən qalan köhnə Kolxoz bazarı fəaliyyət göstərir. Məlumatda bilidirilir ki, T.Qaraşovun oğlu ilə şəriki isə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevə “görüm-baxım” edərək həmin bazarı bağlatdıraraq ticarətçiləri öz obyektlərinə köçürtdürmək istəyirlər. Buna səbəb kimi isə Beyləqandakı Kolxoz bazarında antisanitariyanın hökm sürməsi göstərilir. Bu bazarda antisanitariya baxımından vəziyyət pis olsa da, ticarətçilərin əksəriyyəti neçə illərdir fəaliyyət göstərdikləri yerdən köçmək istəmirlər. Onlar bilirlər ki, yeni bazarda daha çox yer haqqı ödəməli olacaqlar. Kolxoz bazarının isə Beyləqanın keçmiş icra başçısı Xasay Əhmədovun övladlarının nəzarətində olduğu bildirilir. Aldığımız məlumatda deyilir ki, hazırda bazar məsələsi ilə bağlı Beyləqanda ciddi narazılıq var. T.Qaraşovun oğlu ilə onun şəriki İ.Qasımov isə bu rayonda başqa böyük obyektləri də almaq niyyətindədirlər.
Onların şərikli biznesi isə demək olar ki, ölkənin bir sıra bölgələrində, hətta qonşu Türkiyədə də mövcuddur. Onlar Bakının müxtəlif yerlərində, xüsusən də Nəsimi rayonu ərazisində çoxmərtəbəli binalar da inşa etdirirlər.
Bu biznes ortaqlarının adları isə son illərdə bir sıra qalmaqallarda hallanıb. İcra başçısının oğlu ilə iş ortağının Tiflisdəki macəraları ilə bağlı müxtəlif məlumatlar dolaşır. V.Qaraşov v polis rəisi olmaqdan daha çox geniş imkanlara malik biznesmen kimi tanınır və həm atasının, həm də özünün pullarını biznes ortağı İ.Qasımov vasitəsilə müxtəlif sahələrə yatırır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.