Fırıldaqçıdan torpaq alanların aqibəti - Abşeronda uzunmüddəli icarəyə verilmiş torpaqları kim satır?
26-08-2017, 00:23
teref.az yazır ki, şəxsi məqsədlər, əsasən də, fərdi ev tikintisi üçün iki il bundan əvvəl Qala zeytunçuluq sovxozunun ərazisində torpaq sahəsi almış bir neçə vətəndaş aldadıldıqları üçün hüquq mühafizə orqanlarına müraciət etmək fikrindədirlər. Onlar redaksiyamıza müraciət edərək, əslən Şamaxı rayonunun Bağırlı kəndindən olan Vəsahid Məlikovun “tələ”sinə düşdüklərini bildiriblər. Ətrafındakı hər kəsdə özünün yüksək vəzifəli məmurlar tərəfindən himayə edilməsi, onların tapşırıqlarını yerinə yetirməsi barədə inandırıcı təəssürat yaratmış bu şəxs Qala zeytunçuluq sovxozunun ərazisində müxtəlif ölçüdə torpaq sahələrini, sözün həqiqi mənasında, hərraca çıxarıb və külli miqdarda pul müqabilində, necə deyərlər, saga-sola paylaşdırıb. Kimisinə 7, kimisinə 11, kimisinə 60, kimisinə də 80 sot…
Vəsahidə pul verib aldıqları torpaq sahələrini artıq öz mülkiyyəti hesab edənlərin bəzisi burada tikinti işləri aparmağa da xeyli xərc qoyub. Lakin məlum olub ki, həmin ərazilər fərdi ev tikmək yox, kənd təsəsrrüfatı məqsədləri üçün ayrılıbmış…
teref.az-ya müraciət edən belə “torpaq sahibləri”ndən biri – Bakı şəhərinin Mərdəkan qəsəbəsində yaşayan 39 yaşlı Aleksandr Litvinov deyir: “Mən onu işgüzar bir adam kimi tanıyrdım, buna görə də satmaq istədiyi torpaq sahəsinə baxdıqdan sonra ona 80 sot üçün ümumilikdə 90 min manat pul verdim. Məni inandırdı ki, torpaq sahəsinin bütün sənədləri qaydasındadır. Həmin ərazinin qısa vaxtda su, elektrik və qaz xətti ilə təchiz olunacağını da vəd etdi. Pulun 73.500 min manatını nağd, 6500 manatını isə “BMW” markalı avtomaşınla barter etməklə ödədikdən bir müddət sonra Vəsahid mənə notarial qaydada təsdiq olunmuş etibarnamə verərək, həmin torpaq sahəsinin artıq mənim mülkiyyətimə keçdiyini bildirdi. Az sonra isə bu sahəyə bitişik 10,8 sotluq torpaq sahəsini də ucuz qiymətə vermək istədiyini söyləyərək, oranı mənə 20 min manata satdı. Mən yalnız torpaq sahəsinə dair sənədlərin surətini əldə etdikdə öyrəndim ki, bu ərazi Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Vəsait Məlikovun oğlu Vüsala kənd təsərrüfatı məqsədləri üçün 99 illyə icarəyə verilib və heç vaxt mənim adıma özəlləşdirilə bilməz. Lakin o, hər vəchlə inandırmağa çalışırdı ki, tezliklə mənə torpaq sahəsinə mülkiyyət hüququmu təsdiq edən sənəd - çıxarış gətirib verəcək. Onun vədlərinə inanaraq, hətta, mən aldığım torpaq sahəsinin hasarı üçün bünövrənin qoyulmasına 7 min manat pul xərclədim... Lakin hasar bu yaxınlarda dövlətin səlahiyyətli nümayəndələri tərəfindən sökülüb. Yaranmış vəziyyətlə əlaqədar Vəsahid Məlikovdan məndən aldığı pulları geri qaytarmağı tələb etsəm də, o, hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzadır. Bu da məndə həmin şəxsin etibarımdan sui-istifadə edərək, ona verdiyim pulları mənimsəməyə çalışması qənaətini yaradır”.
Bakı şəhərinin Xətai rayonunda yaşayan 31 yaşlı Firuz Hümbətovun isə 6 sot torpaq sahəsi üçün verdiyi 7200 manatı Vəsahid Məlikovdan asanlıqla geri ala biləcəyinə ümidi azdır. Özünə fərdi ev tikdirmək məqsədilə aldığı torpağın kənd təsərrüfatı təyinatlı olduğunu və uzunmüddətli icarəyə verildiyini öyrəndikdən sonra Firuz əməlli-başlı fırıldaqçılıqla üzləşdiyinə əmin olub. Halbuki V.Məlikov ona da torpağın sənədlərinin tam qaydasınıda olduğunu bildiribmiş.
Firuz deyir: “Torpağın pulunu verərkən soruşdum ki, həmin sahədə ev tikəndə bir problem ilə üzləşmərəm ki?! Vəsahid Məlikov əminlikdə cavab verdi ki, heç bir problem olmayacaq, sahəyə dair bütün sənədlər qaydasındadır, hər hansı problem yaransa, mənə ya özünün şəxsi mülkiyyətindəki torpaq sahəsindən yer verəcək, ya da pulumu geri qaytaracaq. Sonralar o, notariatda təsdiqlənmiş etibarnamə təqdim edərək bildirdi ki, mənə satdığı torpaq sahəsinə dair ən əsas sənəd budur. O, dəfələrlə vəd edib ki, torpağın çıxarışını da mənə çatdıracaq, hətta əlavə olaraq bildirib ki, gələcəkdə inşa edəcəyim evə dair çıxarışın alınmasında köməklik göstərəcək. Lakin bir müddət sonra tikinti işlərini aparmaq üçün yerli icra qurumuna şifahi müraciət etdim və bu zaman mənə bildirdilər ki, kənd təsərrüfatı təyinatlı olduğundan həmin sahədə fərdi ev tikmək mümkünsüzdür. Məhz bundan sonra, hüquqşünasların köməyi ilə sənədləri araşdırdıq və həqiqi vəziyyət mənə aydın oldu. Başa düşdüm ki, aldadılmışam və ödədiyim külli miqdarda pulun əvəzinə saxta sənədlər almışam...”
Uzunmüddətli icarəyə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Vəsahid Məlikov onun vədlərinə inan digər Bakı sakini - Rəşad Şıxəliyevə 11 sot sataraq 8 min manat alıb. Əvəzində hamı kimə ona da etibarnamə verib ki, bu da həmin torpaq sahəsində ev tikmək üçün kifayt deyildir. R.Şıxəliyev minbir zəhmətlə qazandığı pulun yalan vədlərlə əlindən çıxarılmasını həm maddi, həm də mənəvi zərbə sayır və ona dəyən zəriri Vəsahid Məlikovdan geri almaq istəyir.
Şikayətçi Kənan Məşədiyev hazırda “cərəncamında olan” biri 17, digər 60 sotluq torpaq sahələrində apardığı tikinti işlərinə xeyli vəsait xərcləyib. Lakin Vəsahidin vədlərinə inandığı üçün indi ciddi problemlərlə üz-üzə qalıb. Çünki kənd təsərrüfatı təyinatlı olması və yalnız icarəyə verilməsi həmin torpaq sahələrinə və buradakı tikililərə mülkiyyət hüququnun dövlət orqanı tərəfindən tanınmasına mane olur.
Şikayətçilərin sözlərinə görə, ümumiyyətlə, Qala zeytunçuluq sovxozunun ərazisində kənd təsərrüfat təyinatlı torpaq sahələri Vəsahid Məlikov tərəfindən uzunmüddətli icarəyə götürülərək mümkünsüz vədlərlə təkcə çoxsaylı vətəndaşlara deyil, hətta iri sahibkarlıq strukturlarına da satılıb. Qeyd etmək lazımdır ki, etibardan sui-istifadə edilməklə bu cür qanunsuzluqların törədilməsi hüquqi məsuliyyət yaradır. Redaksiyamızda olan məlumata görə, Vəsahid Məlikovun yalan vədlərindən və qanunsuz əməllərindən zərər çəkənlərin sayı çoxdur və yəqin ki, bu əməllərin ictimaiyyətə açıqlanmasından sonra onlar da öz haqlarını tələb edəcəklər.
Biz istər Qala zeytunçuluq sovxozunun ərazisində, istərsə də digər ərzilərdə bu şəxsin qeyri-qanuni torpaq alverindən zərər çəkmiş vətəndaşları dinləməyə və onların problemlərini ictimailəşdirməyə hazırıq.
Ümidvarıq ki, aidiyyatlı orqanlar bu şikayətlərə tez bir zamanda reaksiya verəcəklər və zərər çəkmiş vətəndaşlar öz pullarını geri alacaq!
teref.az olaraq qarşı tərfin fikirlərini dinləməyə hazırıq!
teref.az